Bakı-Ankara ittifaqı Moskva-İrəvan alyansına qarşı .

27.04.2017 13:56     Siyasi reaksiya     1346

Azərbaycan və Türkiyə arasında hərbi əlaqələr dərinləşir, iki qardaş ölkənin ortaq təlimləri ərəfəsində türk ordu generalı Bakıya gəldi; düşmən tərəf təlaşda: erməni müdafiə naziri Moskvaya getdi; rusiyalı hərbi ekspert isə “xalq ordusu”ndan dəm vuran Sərkisyanı ələ saldı...

Azərbaycanla qardaş Türkiyə arasında hərbi və hərbi-texniki sferalarda ikitərəfli əməkdaşlıq gündən-günə genişlənməkdədir. Bunun növbəti bariz təzahürü kimi bir neçə gün sonra - mayın 1-də Azərbaycanda başlayacaq və 5 gün davam edəcək ortaq taktiki təlimləri göstərmək olar.

Ötən yazılarımızda vurğuladığımız kimi, maksimum döyüş şərtlərinə yaxınlaşdırılmış olacaq qarşıdakı təlimlər eyni zamanda təmas xəttinə yaxın zonada keçiriləcək ki, bu da öncəliklə işğalçı tərəfə yetərincə aydın bir mesaj olacaq. Azərbaycanın işğal rejimi ilə, status-kvo ilə heç vaxt barışmayacağı, müharibənin bitmədiyi, qardaş Türkiyənin öz hərbi potensialı və təcrübəsi ilə daim yanımızda olduğu haqla düşmənə ismarış xarakteri daşıyacaq.Diqqətçəkicidir ki, təlimlərə cəmi bir neçə gün qalmış Türkiyənin Jandarmeriya qüvvələrinin komandanı, ordu generalı Yaşar Gülər Azərbaycana səfərə gəlib. Üç gün davam edəcək səfər çərçivəsində türk general daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Zakir Həsənov, Sərhəd Qoşunları komandanı Elçin Quliyev və digər rəsmilərlə görüşəcək. Görüşlərdə iki ölkənin müxtəlif güc strukturları arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.


Türkiyə ordu generalının Bakı ziyarəti bitəndən iki gün sonra isə ortaq təlimlər başlayacaq. Bu xüsusda türk generalın Azərbaycan səfərini iki qardaş ölkə arasında hərbi sahədə əlaqələrinin dinamik inkişafda olmasının növbəti göstəricisi saymaqla bərabər, Ermənistana daha bir xəbərdarlıq mesajı saymaq mümkündür.

Image result for Armenia Russia


Yada salaq ki, generalın səfərindən və ortaq təlimlərdən az öncə Azərbaycan təkbaşına, növbəti 5 günlük (16-21 aprel) genişmiqyaslı hərbi təlimlər keçirib. Bu təlimlərə 30 min hərbçi, yüzlərlə zirehli texnika və artilleriya qurğusu, başqa müasir döyüş sistemləri, kamikadze-dronlar cəlb olunub. Ortaq təlimlərdən sonra isə Türkiyə, Azərbaycan və Gürcüstan silahlı qüvvələrinin birgə hərb manevrləri nəzərdə tutulur.


*****

Image result for Turkey Azerbaijan Army


Siyasi və hərbi ekspertlər xüsusən də iki qardaş ölkə arasında nəzərdə tutulan ortaq hərbi təlimlərin əhəmiyyətini yüksək qiymətləndirirlər. Məsələn, Musavat.com-un məlumatına görə, politoloq Elxan Şahinoğlu belə birgə təlimləri bir neçə aspektdən Azərbaycan üçün vacib sayır: “Əvvəla, bu təlimlər vasitəsilə Azərbaycan-Türkiyə strateji müttəfiqliyi möhkəmlənir. İkincisi, Türkiyə NATO üzvü olduğu üçün bizim Silahlı Qüvvələrimiz birgə təlimlər hesabına NATO standartlarına yaxınlaşmış olur. Üçüncüsü, Türkiyə ordusu PKK terror təşkilatı ilə dağlıq şəraitdə mübarizədə böyük təcrübə qazanıb. Azərbaycanın Dağlıq Qarabağ regionu da dağlıq ərazidir, o üzdən türk ordusunun təcrübəsi bizim üçün çox qiymətlidir. Nəhayət, məhz belə hərbi təlimlər vasitəsilə Azərbaycan Rusiyaya ismarış göndərir ki, əgər siz Ermənistanın arxasında durmusuzsa, bizim də arxamızda Türkiyə var və siz Ermənistanla birgə təlimlər keçirdiyiniz kimi, Azərbaycan da Türkiyə ilə ortaq hərbi təlimlər keçirəcək”.


Lakin politoloq təəssüf edir ki, bu gün Azərbaycanla Türkiyə arasında hərbi ittifaqın səviyyəsi Rusiya və Ermənistan arasındakı ittifaqın səviyyəsindən geri qalır: “Rusiyanın Ermənistanda hərbi bazası var və onlar hərbi ittifaq haqda müqavilə imzalayıb. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında ölkəmiz ərazisində başqa dövlətlərin hərbi bazasını yaratmaq haqda müddəa yoxdur. Ancaq bu müddəanı dəyişmək və ən azından, Naxçıvanda Türkiyə hərbi bazasının yaradılmasına nail olmaq olar. Nədən ki, Qarabağda müharibə başlarsa, Naxçıvan böyük təhlükə zonasına düşəcək”.


Analitik Türkiyə və Rusiya prezidentləri arasında mayın 3-də Soçidə gözlənilən görüşün də əhəmiyyətinə toxunub. “İki lider arasında dialoq genişlənir. Soçidə əsas müzakirə mövzusu yəqin ki, Suriya olacaq. Ancaq Qarabağ məsələsi də müzakirə predmeti olmalıdır, çünki ABŞ və Avropa Birliyinin danışıqlar prosesində iştirakı minimaldır. Və əgər Moskva və Ankara regiondakı maraqlarından çıxış edərək, uğura nail olsalar, o zaman bu, həm onlara, həm də münaqişə tərəflərinə faydalı olar. Ancaq təəssüf ki, Moskva Qarabağ mövzusunda dialoqun genişlənməsi üçün hazırlıq nümayiş etdirmir. Odur ki, indilikdə Rusiya-Ermənistan müttəfiqliyinə qarşı Türkiyə-Azərbaycan ittifaqını qoymaq lazım gəlir” - deyə o əlavə edib.


*****


Azərbaycan-Türkiyə hərbi ittifaqının getdikcə daha keyfiyyətli xarakter alması isə təbii ki, ən çox düşmən Ermənistanı təlaşlandırır. Maraqlıdır ki, məhz bu arada - dünən Ermənistanın müdafiə naziri Vigen Sərkisyan Moskvaya yola düşüb. O da təsadüfi deyil ki, bu günlərdə hərbçilər qarşısında çıxış edərkən Ermənistan prezidenti Serj Sərkisyan özünətəsəlli janrında bəyan edib ki, erməni xalqı sayca kiçik olsa da, zərurət yarananda “xalq-ordu”ya çevriləcək.

Image result for Pavel Felqenqauer


Lakin rusiyalı tanınmış hərb ekspert Pavel Felqenqauer Sərksyanın bu sözlərinə ironik münasibət bildirib, faktiki, onu ələ salıb. Musavat.com-un məlumatına görə, 1 in.am saytına müsahibəsində o deyib: “Düzü, mən bilmirəm Ermənistan nə təklif eləmək istəyir. Söhbət yəqin ki, ümumi səfərbərlikdən, xalq müdafiə ordusundan gedir - nə vaxt ki, ölkənin bütün resursları müharibə variantına hazırlanır. Oxşar variant İsraildə, İsveçrədə mövcuddur. Ermənistan üçün də bunun ehtimal ki, anlamı var. Ancaq bu ideyanı həyata keçirmək - tamam ayrı məsələdir. Yəni bu haqda danışmaq qat-qat asandır, nəinki iş görmək. Çünki əhali müharibəyə zorla deyil, könüllü hazır olmalıdır. İki tərəfdən düşmən dövlətlə - Türkiyə və Azərbaycanla əhatələnmiş Ermənistan üçün bunun mənası var. Həmin dövlətlər hərbçi sayı və silahlanma baxımından Ermənistanı üstələyir. Odur ki, sadəcə, konsepsiya haqda danışmaq azdır. Deyə bilmərəm ki, bu sizdə alınacaq. Alınacaq, yoxsa sadəcə, vəsaitləri oğurlayıb mənimsəyəcəklər...”


Ermənistanın xüsusən də müdafiə sistemində hökm sürən korrupsiyanın səviyyəsi nəzərə alınarsa (korrupsiya faktlarına görə aprel əməliyyatlarından sonra neçə-neçə erməni generalı işdən çıxarılıb, həbsə salınanlar var), o zaman yəqin ki, hərbi ekspertin dediyi ikinci variant olacaq.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar