Tramp geri çəkilir? - “Şimali Koreya ilə müharibə ciddi bir riskdir, diplomatiyaya üstünlük veririk”
28.04.2017 17:13 Siyasi reaksiya 1401
Reaksiya.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə ABŞ arasında müharibə ehtimalından danışarkən deyib: “Şimali Koreya ilə ciddi bir hərbi qarşıdurma ehtimalı var. Lakin mən diplomatik yolları tərcih edirəm”.
“Röyters” xəbər agentliyinə müsahibə verən ABŞ prezidenti Tramp sonra bu sözləri söyləyib: “Diplomatik həlli çox istərdik. Lakin olduqca çətindir”.
Şimali Koreya prezidenti Kim Çen Inın məntiqli bir lider olub-olmadığı sualına “Məntiqli bir insan olduğunu düşünmək istəyirəm” deyə cavab verən Tramp Kim Çen haqqındakı fikirlərini də bildirib: “27 yaşında atası dünyasını dəyişir və hakimiyyətə gəlir. Nə deyirsiniz-deyin, asan bir iş deyil. Üstəlik o yaşda. Əməllərinə haqq qazandırmağa çalışmıram. Sadəcə, gördüyü işin çox çətin olduğunu düşünürəm”.
“Ən böyük risk”
Tramp Şimali Koreyanı “ABŞ üçün ən böyük risk” adlandırıb. Trampın Ağ Ev komandası çərşənbə günü ABŞ Senatının 100 üzvünü də AĞ Evə çağıraraq Şimali Koreya məsələsini müzakirə etmişdi.
Mətbuata qapalı şəkildə keçirilən yığıncaqdan sonra ortaq yazılı bəyanat verən xarici işlər naziri Reks Tillerson ilə müdafiə naziri Ceyms Mattis Şimali Koreyanın nüvə proqramına davam edəcəyi təqdirdə ilk mərhələdə sanksiyaları artıracağını bəyan eləmişdi
Digər tərəfdən də ABŞ Cənubi Koreyanı Şimali Koreya təhdidinə qarşı dəstəkləmək üçün regiona THAAD hava hücumundan müdafiə kompleksləri də yerləşdirib.
ABŞ-ın Sakit okean donanmasına məxsus sualtı nüvə qayığı ilə bir təyyarə gəmisinin sarvanı olduğu donanma da Cənubi Koreya sahillərinə yan alıb.
Tramp “Röyters”ə açıqlamasında THAAD müdafiə sistemləri üçün Cənubi Koreyanın 1 milyard dollarlıq hesabı ödəməli olduğunu söyləyib.
Çinlə münasibətlər
Şimali Koreya böhranının həlli məsələsində Çinin də əlindən gələni etdiyini bildirən Tramp Çin prezidenti Si Tsinpinin xoş niyyətlə ABŞ-a kömək eləməyə çalışdığını bildirib: “Əlindən gələni etdiyinə inanıram. Böhran yaranmasını və qan tökülməsini qəti istəmir. Yaxşı adamdır. Onu yaxından tanımaq şansım oldu”.
Qeyd edək ki, aprel ayının əvvəlində Çin prezidenti ABŞ-ın Florida ştatında Donald Trampla görüşmüşdü.(Hürriyyet.org -a istinadən)
Şərhlər