Ağ Evdən İlham Əliyevə ikinci dəstək mesajı: “Yanınızdayıq...”
01.06.2017 09:31 Siyasi reaksiya 1751
Okeanın o tayından Qarabağ ismarışı; Amerika prezidenti qısa zamanda azərbaycanlı həmkarına növbəti məktubunu göndərdi; prezident İlham Əliyev: “ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk...”
Bakıda 24-cü Beynəlxalq Neft və Qaz Sərgisi öz işinə başlayıb. Sərginin açılışında Azərbaycan prezidenti İlham Əliyev iştirak və çıxış edib. Çıxışında Azərbaycanın 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatına malik olduğunu və bunun enerji təhlükəsizliyimizdə mühüm rol oynadığını söyləyən prezident enerji təhlükəsizliyinin ölkələrin milli təhlükəsizlik məsələsi olmasına diqqət çəkib (APA).
Ölkə rəhbəri habelə Azərbaycanın neft-qaz layihələrinin regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təməli olduğunu bildirib. “Həmin layihələrin ölkələr arasında münasibətlərə də çox böyük təsiri var. Bu kəmərlər bizim böyük sərvətimizdir” deyən İlham Əliyev “Şahdəniz” layihəsinin ikinci mərhələsinin də uğurla həyata keçirilməkdə olduğunu deyib.
“Cənub Qaz Dəhlizinə 40 milyard dollar vəsait qoyulması nəzərdə tutulub, bu işlərin böyük əksəriyyəti həyata keçirilib. ”Şahdəniz-2" layihəsinin icra səviyyəsi 93 faiz səviyyəsindədir. TANAP-ın icrası 70 faizdən yuxarı, TAP-da icra səviyyəsi 42 faiz səviyyəsindədir. Bu il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının Bakıda növbəti iclası keçirilib. Azərbaycan bu layihədə lider ölkədir. Bizim tərəfdaş ölkələr - Balkan ölkələri, ABŞ, Böyük Britaniya və Avropa Komissiyasının yüksək çinli rəsmiləri Məşvərət Şurasının iclasında iştirak ediblər. Qəbul edilən qətnamədə Azərbaycanın lider rolu vurğulanıb" - prezident vurğulayıb.
Dövlət başçısı həmçinin neft-qaz kəmərlərinin şaxələndirilməsinin vacib olduğunu bildirib: “Mənbələrə gəlincə, Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır. Azərbaycan böyük və yaxında yerləşən mənbədir. Ən önəmlisi, Azərbaycan dövlətinin güclü iradəsi və maliyyəsi var. Əgər Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində 4 layihəyə sərmayə qoymasaydı, heç bir investor sərmayə qoymazdı. Azərbaycan qazının Avropaya çıxarılması 10 ilin müzakirə mövzusu idi, ancaq heç bir nəticə vermirdi. 2012-ci ildə Azərbaycan Türkiyə ilə TANAP layihəsinə imza atdı və işlər başladı. Azərbaycan həm siyasi iradə ortaya qoyur, həm də maliyyə töhfəsini verir. Cənub Qaz Dəhlizi Azərbaycanın uzunmüddətli inkişafını təmin edəcək. Növbədə Böyük Abşeron qaz yatağı layihəsi var. Paralel olaraq ”Ümid", “Babək” layihələri icra edilir. Bu yataqlardan yaxın illərdə hasilat gözlənilir. Yaradılan infrastruktur sayəsində Azərbaycanın tranzit rolu da artır. Xəzərin şərqindən resurslar Azərbaycan üzərindən dünya bazarına çıxarılır".
*****
“Yeni Musavat” yada salır ki, bundan az öncə - Respublika günündə etdiyi çıxışında prezident TAP layihəsinin gerçəkləməsinə qarşı Avropada süni maneələrin yaradıldığını demişdi. Bununla da dövlət başçısı əslində Cənub Qaz Dəhlizinin (CQD) reallaşmasına qarşı bəzi geosiyasi mərkəzlərin əngəllər yaratdığına açıq işarə vurmuşdu.
Bu mərkəzlərin ünvanı əslində qaranlıq deyil. Söhbət öncəliklə CQD-ni (xüsusən də onun sonuncu seqmenti TAP-ı) öz enerji maraqlarına təhdid sayan Rusiyadan gedir. Hər necə olmasa, Azərbaycan (“Şahdəniz-2") qazı Avropanın Rusiya qazından asılılığını azaldacaq. Bazarda yeni qaz oyunçusu isə Rusiya üçün həm də maliyyə itkisi deməkdir.
Lakin bu kimi əngəllər gec-tez iflasa məhkumdur. Həm də o səbəbə ki, CQD-nin ABŞ timsalında güclü zəmanətçisi var. Bu zəmanət ABŞ prezidenti Donald Trampın Bakıda açılmış Neft və Qaz Sərgisi ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevə göndərdiyi təbrik məktubunda bir daha əksini tapıb.
Məktubda bildirilir ki, ABŞ Cənub Qaz Dəhlizinin reallaşmasının tərəfdarıdır və Azərbaycanın qlobal təhlükəsizliyin dəstəklənməsində rolunu, iqtisadiyyatın diversifikasiyasına yönəlik səylərini yüksək qiymətləndirir. Bundan əlavə, Tramp məktubda qeyd edir ki, ABŞ Azərbaycanla demokratiyanın inkişafı, məhkəmə sisteminin islahatları kimi məsələlərdə əməkdaşlığa hazırdır. Həmçinin Vaşinqtonun Qarabağ konfliktinin regionda sabitliyə və inkişafa gətirəcək dinc yolla həllinin tərəfdarı olduğu bildirilir.
*****
Qeyd edək ki, bu, qısa zamanda - cəmi bir həftədə Trampın öz azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlandığı ikinci məktubdur. Xatırladaq ki, Ağ Ev başçısı 1-ci məktubunda İlham Əliyevi və Azərbaycan xalqını 28 May - Respublika günü münasibətilə təbrik etmişdi. Həmin məktubda bu kimi cümlələr yer almışdı: “Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşıdır”, “Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik” və “Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm”.
Politoloq Elxan Şahinoğluna görə, 2-ci məktubda da oxşar mövqe əksini tapıb: “2-ci məktubda bu fikirlər vurğulanıb: ABŞ Cənub Qaz Dəhlizini dəstəkləyir”, “ABŞ sizinlə işləməyə hazırdır”, “ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir” və “Azərbaycan inkişafını, enerji təhlükəsizliyinin qorunması yönündə səylərini dəstəkləyirəm”. Bunlar isti mesajlardır. Bu cümlələr nədən xəbər verir? Bütün respublikaçı prezidentlər kimi, Donald Tramp da geosiyasi maraqları ön plana çəkir. Bu maraqlar baxımından Vaşinqton Azərbaycanın bölgədə oynadığı rola müsbət qiymət verir. Donald Tramp həm də biznesmendir və demək, onu Azərbaycan kimi ölkələrlə əməkdaşlıqdan əldə olunacaq siyasi və iqtisadi qazanc da maraqlandırır".
*****
Sözsüz ki, ortaq enerji layihələri, ortaq iqtisadi maraqlar istər-istəməz ölkələri yaxınlaşdırır, ortaq siyasi maraqların və hədəflərin formalaşmasına gətirir. Azərbaycandan ötrü bu, həmçinin Qarabağ məsələsinin ədalətli həli üçün əlavə zəmanət anlamı verə bilər. Unutmaq olmaz ki, Amerika Qarabağ məsələsində iki mühüm vasitəçi dövlətdən biridir.
“Yeni Müsavat” bu xüsusda qeyd edir ki, ABŞ prezidentinin “qaz savaşı”nda Azərbaycana dəstəyi Rusiyanın TAP-a yaratdığı əngəllər fonunda mühüm önəm daşımaqla bərabər, Qarabağ məsələsində Vaşinqtonun dəstəyi baxımından da əhəmiyyətlidir. Demək, məktubda əskini tapan mesajlar əslində həm də Kremlə ünvanlanıb və “Rusiyaya qarşı yanınızdayıq” ismarışı kimi də qəbul edilə bilər.
Belə görünür ki, mesajların hamısı ünvanına çatıb. Bunu prezidenti İlham Əliyevin dünən - sərginin açılışı günü ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanı qəbul edərkən dediyi sözlər də təsdiqləyir. APA-nın məlumatına görə, prezident Robin Danniqana sərgi və konfransında iştirak etdiyinə görə minnətdarlığını bildirib, Donald Trampa sərgiyə ünvanladığı məktubda xoş sözlərə görə isə təşəkkürünü çatdırmağı xahiş edib.
Dövlət başçısı onu da deyib ki, ABŞ hökumətinin Azərbaycanın həyata keçirdiyi qlobal layihələri dəstəkləməkdə davam etməsi böyük əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlığımızın yaxşı tarixə malik olduğunu bildirən prezident vurğulayıb ki, Bakı-Tiflis-Ceyhan layihəsini və ondan sonra icra olunan layihələri, o cümlədən Cənub Qaz Dəhlizi layihəsini ABŞ hökuməti həmişə güclü şəkildə dəstəkləyib və sərgiyə ABŞ prezidentinin ünvanladığı məktubda ifadə olunan fikirlər bir daha göstərir ki, Birləşmiş Ştatların yeni administrasiyası da bu layihəyə sadiqdir. “Biz bunu yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu məktubda səslənən fikirlər Azərbaycana verilən dəstəyin və dostluq münasibətlərimizin daha bir göstəricisidir”, - deyə İlham Əliyev əlavə edib
Reaksiya.az
Şərhlər