İki liderin kritik görüşü
12.06.2017 10:26 Siyasi reaksiya 1929
Prezidentlər İlham Əliyev və Vladimir Putinin ÜAK-ın ləğvindən sonraya təsadüf edəcək ilk görüşündən əsas gözlənti; Rusiya niyə bizə olduğu kimi görünmək istəmir?
Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanaya gedəcəyi xəbəri yayılıb. Qazaxıstandakı səfirimiz Rəşad Məmmədova istinadən yayılan xəbərdə ölkə başçısının “Gələcəyin Enerjisi” EKSPO-2017 beynəlxalq sərgisi çərçivəsində Azərbaycanın milli pavilyonunun açılışına qatılacağı bildirilir.
Arayış üçün qeyd edək ki, EKSPO-2017 sərgisi ekoloji təmiz enerjinin alınması və karbon qazı tullantılarının azaldılmasının müxtəlif üsullarına həsr edilib. Tədbirdə 115 ölkə və 22 beynəlxalq təşkilat iştirak edir. “Odlar Yurdu - keçmişdən gələcəyə enerji” adlanan Azərbaycan pavilyonu 403,3 kvadratmetr sahəni əhatə edir.
Məlumatlara görə, Astanada Azərbaycan və Rusiya prezidentləri - İlham Əliyev və Vladimir Putinin bir araya gəlməsi də istisna olunmur. Belə bir görüşün baş tutması isə son vaxtlar şimaldan Azərbaycana qarşı artan de-marşlar fonunda xüsusilə önəm kəsb edir və ikitərəfli əlaqələrin hazırkı vəziyyətinə əhəmiyyətli aydınlıq gətirərdi.
Rusiyadakı azərbaycanlıların ən böyük təşkilatı olan ÜAK-ın ləğvi, Dağlıq Qarabağ separatçılarına Kremlin artan reveransları (Moskvada erməni diasporunun lideri Ara Abramyanın 60 illik yubiley törəninə Putinin sözçüsü Dmitri Peskovun, xarici işlər naziri Sergey Lavrovun və separatçıların lideri Bako Saakyanın qatılması, Kremlin “danışan dilləri”ndən olan avantürist Eduard Limonovun Qarabağa qanunsuz səfərlər edərək, Lapşin sayağı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə həqarəti və s.) bu qəbildəndir.
Bu ay Tehranda da iki prezidentin görüşü gözlənilir. “Yeni Müsavat”ın xəbər verdiyi kimi, əsasən “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı layihələrin icra vəziyyətinə həsr olunacaq zirvə görüşü çərçivəsində öncə İran, Azərbaycan və Rusiya liderlərinin üçlü təması olacaq. Yəni Astana təması baş tutmasa belə, İlham Əliyevlə Vladimir Putinin tezliklə bir araya gələcəyi gözlənilir.
*****
Şübhəsiz ki, Rusiyanın hazırda Azərbaycandan bir neçə mühüm gözləntisi var. Bunlardan biri rəsmi Bakının öz ərazisində Rusiya əleyhinə hansısa üçüncü dövlətin və ya blokun hərbi bazalarına imkan verməməsi, o sırada Azərbaycanın NATO-dan uzaq durmasıdır. İkinci mühüm gözlənti Bakının nəhayət ki, Putinin Avrasiya layihələrinə qoşulmasıdır. Üçüncüsü, silah ticarətində Azərbaycanın Rusiya ilə əməkdaşlığı ən azı, hazırkı səviyyədə saxlaması, dördüncüsü isə Azərbaycanda rus dili və rus icmasının qorunub saxlanmasına qayğı və diqqəti davam etdirməkdir.
4 gözləntidən üçü əslində reallaşmış kimidir. Azərbaycan hətta Rusiyanı qıcıqlandırmamaq naminə qardaş Türkiyə ilə indiyədək ən yüksək səviyyədə, geniş hərbi müttəfiqlik müqaviləsi belə, imzalamayıb.
Sadalananların, yəni daima Rusiyanın maraqlarının nəzərə alınması qarşılığında isə əlbəttə ki, Bakının da Moskvadan gözləntiləri var və buna tam haqqı çatır. Bunlardan biri və birincisi Dağlıq Qarabağ məsələsidir, daha dəqiqi, bu məsələdə, nəhayət ki, Moskvanın işğalçı tərəfə təzyiq edib onu konstruktiv mövqeyə kökləməklə bağlıdır.
Bu həm də Rusiyanın marağındadır. Ona görə ki, konflikt zonasında müharibə ehtimalı heç vaxt olmadığı qədər artıb. Bakı hələ də ümid edir ki, Qarabağ məsələsində dinc anlaşma imkanları tükənməyib. Bu isə nə qədər yaxasını kənara çəkməyə çalışsa da, ilk növbədə Rusiyadan, onun iradəsindən, Moskvanın öz marionetini nə dərəcədə ağla gətirəcəyindən asılıdır.
Əfsuslar olsun ki, rəsmi Kreml Bakının ona qarşı bunca reveransları qarşılığında nəinki Qarabağ məsələsində irəliləyiş üçün yetərli səylər göstərmir, üstəlik, son vaxtlar Azərbaycana qarşı həm də bir aqressiya və de-marşlar müşahidə olunur. Bu mənada Bakının Kremlə, Putinə deyəcəyi söz(lər) var.
*****
Qarşıdakı yüksək səviyyəli təmaslar və gözləntilər fonunda məşhur politoloq və geosiyasətçi Zbiqnev Bjezinskinin bu yaxınlarda - ölümündən az öncə verdiyi bir müsahibədə Azərbaycan, region və Qarabağla bağlı söylədiyi fikir və proqnozlar yenidən diqqət çəkir. “Yeni Müsavat” dahi politoloqun fikir və proqnozlarının həmişə aktual olduğunu nəzərə alıb onun bəzi yanaşmalarını bir daha qeyd eləməyə zəruri bilir.
Mövcud şərtlər altında Qarabağda müharibənin qaçılmaz olduğunu söyləyən və problemə ABŞ və Rusiyanın təsir imkanlarına toxunan politoloq deyib ki, Ermənistan və Azərbaycan nə qədər ki, NATO ilə inteqrasiya eləmək istəyi göstərməyib, ABŞ-ın Güney Qafqaza münasibətdə siyasəti çətin ki, indikindən fərqli olsun. “Azərbaycanla Ermənistan hələ çox qan axıdacaq. Bizim Qarabağ məsələsində passivliyimiz maskalanmış laqeydliklə əvəz oluna bilər, nədən ki, tez-tez həm Ermənistan, həm də Azərbaycan artıq Rusiyanın təsiri altında olan rejimlər kimi təsnif edilirlər. Deməli, siz qaçılmaz olan müharibəyə hazır olmalısınız” - Bjezinski qeyd edib.
Politoloq daha sonra bildirib: “Rusiya zəifləyəcək və o zaman ya siz, ya da Azərbaycan qarşı tərəfi məğlubiyyətə düçar eləməklə qələbə qazanmaq imkanı qazanacaqsınız. Təəssüf ki, mən Dağlıq Qarabağ probleminin tezliklə öz həllini tapacağına inananların cərgəsinə aid deyiləm - xüsusən də Rusiyanın orada manipulyasiya imkanları hələ ki böyük olduğu zamanda... Azərbaycanla Ermənistan daha bir şeyi nəzərə almalıdır: müharibə başlayarsa, Qərbdən qan tökülməsini dayandırmaqla bağlı çağırış və bəyanatlar səslənəcək. Amma sizin (Azərbaycan və Ermənistanın - red.) problemi öz xeyrinizə həll eləmək təşəbbüsünüz Rusiyanın müqavimətinə tuş gələcək”.
Bjezinskinin sözlərinə görə, regionda qəti dominantlığa nail olmaq üçün Moskvaya Ermənistan yox, Azərbaycan lazımdır: “Deməli, Bakı ilə münasibətlər, Azərbaycanın Rusiya strukturlarına inteqrasiyası və Azərbaycanın xarici siyasətində Moskvanın rolunun artması sanksiyalar və izolyasiya şəraitində olan Kreml üçün daha vacibdir, nəinki Ermənistan faktoru. Məhz bu hesablamalardan çıxış edərək də Rusiya İranı Ermənistanla yox, məhz Azərbaycanla iqtisadi, kommunikasiya planlarının reallaşmasına həvəsləndirir və itələyir. Nədən ki, Azərbaycanda İran-Rusiya proqramlarının həyata keçməsi Moskvanın Bakıya təsirini artıracaq”.
Politoloq hətta Rusiyanın çöküşü zamanı da Azərbaycan və Ermənistan üçün təhlükə kəsb edəcəyini proqnoz edib: “O zaman Ermənistandakı hərbi baza göz qırpımında təhlükəyə çevriləcək ki, buna da hazır olmaq lazımdır. Həmin baza heç də Ermənistanı Türkiyədən qorumaq üçün yerləşdirilməyib... Vaşinqtonda, siyasi dairələrdə, həm demokratlarda, həm də respublikaçılarda belə rəy var ki, Ermənistan öz maraqları ilə siyasi etimada layiq deyil. Tez-tez də o, hətta öz maraqları əleyhinə Rusiyanın maraqlarına xidmət edən ölkə kimi qəbul olunur. Ancaq istək və fəaliyyət olarsa, bunu dəyişmək mümkündür”.
*****
Məsələ də ondadır ki, hələlik Ermənistanda belə bir istək müşahidə olunmur. İşğalçı ölkədə bu gün də belə bir rəy dominantdır ki, Rusiya Ermənistanın qarantıdır. Fəqət, SSRİ-nin çöküşündən keçən müddət göstərdi ki, Moskva əslində ona qarant yox, ən böyük təhlükədir. Qarabağ probleminin həlli də Rusiyanın məsələyə təsirinin azalacağı halda mükmkün görünür - hansını ki, ünlü amerikalı politoloq da xüsusi vurğulayıb.
Belə vəziyyətdə Azərbaycan, əlbəttə ki, Putin Rusiyası ilə zərgər dəqiqliyi ilə, incə siyasət aparmaq zorundadır. Əlbəttə ki, belə siyasətin qurulmasında prezidentlərin şəxsi münasibətləri də az rol oynamır. Hətta həlledici önəm daşıyır. Rusiya isə bizə münasibətdə, nəhayət, ya olduğu kimi görünməli, ya da göründüyü kimi olmalıdır. Odur ki, bir az da gözləyək.
Reaksiya.az
Şərhlər