Azərbaycan və Türkiyə orduları yenidən birlikdə
13.06.2017 11:30 Siyasi reaksiya 1661
Ermənistan “oyun”dan çıxarılır - mühüm gəlişmə; İki qardaş ölkənin silahlı qüvvələri bir ayda ikinci dəfə birgə təlimlərə başladı; erməni ekspert: “Moskva bizim maraqlar hesabına Bakı və Ankara ilə anlaşa bilər...”
İyunun 12-də Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb. Təlimlər iki qardaş ölkənin hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq şəkildə, qoşun növlərinin cəlb olunması ilə keçirilir.
Musavat.com-un Azərbaycanın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, təlimlərdə məqsəd Silahlı Qüvvələrin təcrübə mübadiləsi vasitəsilə qoşunların koordinasiyanı inkişaf etdirmək, birgə əməliyyatları keçirmək qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır. Təlimlər iyunun 16-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında ötən ayda da Azərbaycan ərazisində - Naxçıvanda ortaq təlimlər keçirilmişdi. Həmin təlimlər 10 gün sürmüşdü. Qısa zaman sonra təzədən iki qardaş ölkə Silahlı Qüvvələrinin birgə hərbi manevrlərinin baş tutması diqqət çəkməyə bilməz. Bundan əlavə, indinin üzündə Gürcüstanda - Tiflis yaxınlığında Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının ortaq təlimləri davam edir (iyunun 14-də bitəcək).
*****
Belə hərbi manevrlərin sayca artması, şübhəsiz, sevindiricidir. Bu, Azərbaycanın hərbi qüdrətini və ordumuzun döyüş qabiliyyətini daha da artırmaqla yanaşı, həm də və ilk öncə son vaxtlar davakar ritorika sərgiləyən işğalçı Ermənistana bir ismarışdır. Belə görünür ki, bu mesaj-ismarışlar hədəfinə çatır. Müşahidələr göstərir ki, düşmən ölkədə xüsusən də Naxçıvanda bir ayda iki dəfə Azərbaycan-Türkiyə hərbi təlimlərinin keçirilməsi İrəvanı ciddi şəkildə rahatsız etməyə başlayıb.
Bu da əslində məntiqlidir. Əvvəla, Naxçıvan sərhədindən İrəvana cəmi 45-50 km-dir. Bu, o deməkdir ki, Qarabağda iri hərbi əməliyyatlar başlarsa, Ermənistan öz ordusunu bütünlüklə separatçı rejimə köməyə göndərə bilməyəcək. Əks təqdirdə, Naxçıvandakı ordu birləşmələrimiz düşmən ölkəyə arxadan olduqca ciddi problemlər yarada bilər.
Söhbət həm də İrəvanın öhdəsindəki “İsgəndər M” raket komplekslərindən Azərbaycana qarşı istifadənin mümkünsüzlüyündən gedir. Yəni Ermənistan buna risk eləsə, o zaman İrəvanın külü göyə sovrular. Bundan ötrü Naxçıvandakı Türkiyə istehsallı “Qasırğa” komplekslərini işə salmaq kifayətdir. Erməniləri narahat edən həm də budur - arxa cəbhə sarıdan qayğılar.
İkincisi, Qars müqaviləsinə görə, Türkiyə Naxçıvanın Azərbaycanın tərkibində olmasının qarantıdır. Bu, həmçinin o anlama gəlir ki, qardaş ölkə Azərbaycanın razılığı ilə istənilən an Naxçıvanda hərbi bazalar qura bilər. İşğalçı tərəfin iddiasına görə, belə bazalar artıq çoxdan orada var. Bəzi rusiyalı hərbi ekspertlər isə bu yöndə güclü hazırlıqların getdiyi və Naxçıvandakı hərbi təlimlərin də bunun bir təzahürü olması qənaətindədir. Ən əsası, Ermənistanı Azərbaycanın NATO üzvü Türkiyənin döyüş təcrübəsinə yiyələnməsi narahat edir.
*****
Erməni ekspert dairələrində də baş verən proseslərdən dolayı bir əndişə müşahidə edilməkdədir. Onların bir çoxunun fikrincə, yetərli suverenlik səviyyəsinə malik olmaması Ermənistan xarici siyasətdə, bu və ya digər məsələlərdə müstəqil qərar verməkdən məhrum edir.
Musavat.com-un məlumatına görə, bu haqda lragir.am saytındakı məqaləsində politoloq İqor Muradyan yazır: “Rusiya izolyasiya vəziyyətində olan Ermənistana istənilən qərarı sırımaq imkanına malikdir. Avropa Birliyinin (AB) məmurları nə deyir-desinlər, təşkilat Ermənistana öz suverenliyini itirmiş ölkə kimi baxır və heç kim bilmir ki, bu ölkə ilə niyə və necə ciddi münasibət qurmaq olar”.
Erməni politoloq daha sonra qeyd edir: “Qərbdə yaxşı başa düşürlər ki, Moskva belə bir unikal imkanı əldən buraxmayacaq və Ermənistanın maraqları hesabına Azərbaycan və Türkiyə ilə anlaşmağa çalışacaq. Söhbət ilk növbədə Dağlıq Qarabağ məsələsindən gedir. Müəyyən bir kursu rədd edən Ermənistanın Rusiya qarşısında regional funksiyaları Azərbaycanın imkanları ilə zəiflədiləcək. Yəni stavka Azərbaycana ediləcək. NATO və Avropa Birliyi üçün bu, elə də asan deyil, ancaq tamamilə həll oluna bilən və artıq həll edilmiş məsələdir. Azərbaycan əvvəllər də strateji planda müəyyən funksiyalar yerinə yetirib, indi isə onlar daha geniş diapazon əldə edəcəklər. Bununla da Rusiyanın Cənubi Qafqazda mövqeləri minimuma enəcək. Ancaq Ermənistan oyun səhnəsindən yoxa çıxır. Başqa sözlə, problemlər ayrı müstəvidə həll olunacaq. Bu oyunda bir neçə oyunçu olacaq, ancaq onların arasında Ermənistan olmayacaq”.
Erməni politoloqa görə, ABŞ və onun Avropadakı tərəfdarlarının ən yaxşı halda gözlədiyi Türkiyə və Rusiya arasındakı rəqabət ola bilər. “Hazırda Qərb Rusiyaya siyasi-təbliğati və iqtisadi müharibə elan edib. Ermənistan üçün bu, amansızcasına təkərlər altda qalmaq deməkdir. Ankara Bakı üçün öz stilistikalarını ən əlverişli situasiyaya uyğunlaşdırmaq zamanıdır”.
*****
Əlbəttə ki, regiondakı durum, Qarabağ probleminin həlli xeyli dərəcədə Rusiya-Türkiyə münasibətlərindən, lap dəqiqi, Moskvanın bölgədə nə dərəcədə Ankara və Bakı ilə anlaşmasından asılı olacaq. Bu oyunda doğrudan da işğalçı Ermənistan həlledici söz sahibi, oyunçu deyil, İrəvan bütünlüklə Kremldən asılıdır.
Lakin Rusiya da güclə hesablaşan bir dövlətdir. Odur ki, Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığı, birgə hərbi təlimləri indi heç vaxt olmadığı qədər mühüm önəm kəsb edir - həm də Dağlıq Qarabağ ixtilafı üçünю
Şərhlər