Bakının İsraillə arasını vurmaq istəyən yəhudi kimdir?

01.07.2017 11:46     Siyasi reaksiya     1776

Lapşinin uğursuz davamçısı Aviqdor Eskin haqda ilginc faktlar; o, Qarabağa qanunsuz səfər etməyə bilərdimi?

Xəbər verildiyi kimi, israilli politoloq Aviqdor Eskin işğal altındakı Dağlıq Qarabağdadır. İlk baxışda nonsens kimi görünə bilər bu qanunsuz ziyarət. Ən azı ona görə ki, hazırda yüksəliş dövrünü yaşayan İsrail-Azərbaycan əlaqələri müstəqillik dönəmində az qala, pik həddinə yaxınlaşmaqdadır.

Və birdən Avqirdor Eskin ad-soyadlı bir yəhudi politoloq Xankəndində peyda olur və üstəlik, öz soydaşı - hazırda Bakıda məhkəməsi başlamış Aleksandr Lapşinsayağı bizə qarşı, dövlətçiliyimizə qarşı təxribatçı gedişlər edir, Azərbaycanın Cinayət Məcəlləsinin konkret maddələrinə tuş gələn avantürist açıqlamalar verir.


Məsələn, Xankəndində separatçıların lideri, Azərbaycan həbsxanasının çoxdan darıxdığı Bako Saakyanla görüşən Aviqdor Eskin deyib ki, guya onun ölkəsinin (yəni İsrailin - red.) “iki erməni dövləti ilə işləmək təcrübəsi və istəyi var” və onu əsla Azərbaycanın bu barədə nə düşündüyü maraqlandırmır.

 


Erməni KİV-lərinin məlumatına görə, Xankəndində “tərəflər erməni-İsrail əlaqələrinin aktivləşməsi, perspektiv əməkdaşlıq məsələləri” müzakirə edib. Hərgah, acından ölən və heç bir ciddi təbii qaynağı, Azərbaycansız inkişaf perspektivi olmayan “iki erməni dövləti”nin imkanlı İsraillə hansı effektli əməkdaşlığının ola biləcəyi böyük sual doğurur.


***


Bəlkə də Eskinin bu qanunsuz səfərini hazırda məhkəməsi gedən soydaş Lapşinə görə bir növ revanş cəhdi, Bakıya qarşı qisas aktı kimi də qəbul eləmək olardı. Amma və lakin bu Moskva əsilli yəhudinin keçmişinə, tərcümeyi-halına nəzər salanda göz önünə başqa mənzərə və mətləblər gəlir. Sən demə, Eskin hardan pul iyi gəlir, oranı tərcih edən birisi imiş.

Related image


Təsadüfi deyil ki, tanınmış israilli ekspert Yakov Kedmi onu olsa-olsa “haqqı ödənən təxribatçı” adlandırıb (haqqin.az) “Fikrimcə, onun heç bir siyasi iradəsi yoxdur. O, özündən ”partlayış" düzəldir özünə diqqət cəlb edir, sonra isə buna görə ödəniş sırası gəlir. O, bununla yaşayır, bu, onun işidir" - Kedmi qeyd edib. Bunun ardınca o, kifayət qədər açıq şəkildə işarə edir ki, Eskin, ümumiyyətlə, “Şabak” Ümumi Təhlükəsizlik Xidmətinin agenti də ola bilərdi.


Bu zatın xarakterini açan daha bir detal: qeyd edilir ki, anti-islam və anti-Ukrayna bəyanatları ilə məşhur olan Eskin Dağlıq Qarabağa kimi Türkiyədə olub, ondan sonra qəfildən türkiyəyönlü açıqlamalar verib. Təəccüblüdürmü ki, o, artıq indi fərqli cür danışır, Azərbaycan əleyhinə gedir? Xeyr. Çünki ermənilər, görünür, ona daha çox para ödəyiblər.


***

Image result for Maksim Şevçenko

Rusiyalı tanınmış teleaparıcı Maksim Şevçenko isə haqqin.az-a müsahibəsində bu yəhudini böyük avantürist və bir neçə xüsusi xidmətin agenti adlandırıb. “Madam ki, o, Qarabağdadır, deməli, bu səfərə görə ona ödəniş ediblər” - Şevçenko bildirib.


Quru sözçülük kimi çıxmasın deyə, siyasi şərhçi Eskinlə bağlı belə bir əhvalat da danışıb: “1997-ci ildə, ”Nezavisimaya qazeta"da işləyərkən mən onun bir məqaləsini dərc eləməkdən imtina edəsi oldum. O zaman o, mənim yanıma gələrək, hiddətlə demişdi ki, çeçen uşaqları (onda dəhşətli müharibə gedirdi) İsraildə müalicə alır və bu, biabırçılıqdır - gələcək terrorçuları İsraildə necə müalicə eləmək olar? Yəni ki, onları təcili şəkildə İsraildən, İsrail kurortlarından qovmaq, müalicə almalarını qadağan eləmək lazımdır. Mən onu redaksiyadan qovdum və dedim ki, bir daha redaksiyada belə mətnlərlə peyda olmasın, onları dərc etməyəcəyəm".


Ona görə də Eskinin Dağlıq Qarabağda peyda olması Şevçenkoya təəccüblü gəlmir: “Bu adam avantürist və boşboğazdır və orada nə deyəcəksə, hamısı sayıqlamadır. İsraillə möhkəm strateji əlaqələri olan sizin (Azərbaycanın - red.) hökumətinə isə yəhudilərin Qafqaza, Azərbaycana münasibətdə siyasəti ilə bağlı nəticələr çıxarmaq lazım gələcək. Eskin ifrat şəkildə Qafqaza nifrət edir və əlindən gələni edir ki, onun xristian və müsəlman xalqlarının arası dəysin. Bu birmənalı şəkildə erməni millətçi dairələri tərəfindən haqqı ödənmiş təxribatçı və avantürist bir səfərdir”.


Eskinin qanunsuz Qarabağ ziyarətini məhz indiyə təsadüf eləməsini həm də İsrailin İrana qarşı müharibə hazırlıqları içində olması ilə əlaqələndirənlər də var. Onların fikrincə, mövcud durumda İranın öz qonşuları ilə münasibətlərinin korlanması İsrailə əl verir. Bu üzdən özünün ən ucuz təxribatlara belə getməyə hazır olan təsir agentlərini həmişə prosesə qoşmağa hazırdır.


***


İranla bağlı bu versiyanın həqiqət yükünün nə qədər ciddi olduğunu söyləmək çətindir. Dəqiq olanı odur ki, Aviqdor Eskin ən əvvəl Bakı ilə Təl-Əvivin münasibətlərini korlamağı hədəf seçib - ona havadarlıq edən erməni dairələrinin başlıca hədəfi də, zatən, budur.


Ancaq biz sovet əsilli başqa bir Aviqdor da tanıyırıq: Aviqdor Liberman - İsrailin keçmiş xarici işlər, indi isə müdafiə naziri. Azərbaycanın lobbistlərindən biri. Bunu da boşuna xatırlatmadıq. O mənada ki, bu Aviqdor o Aviqdora yəqin ki imkan verməz ki, Bakının yəhudi dövləti ilə münasibətləri korlansın. Özü də kimə görə - haqqı ödənən bir təxribatçı-avantüristə və şantajçıya görə.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar