Prezident generalı işdən azad elədi - Oğlu özbaşınalıq edirdi

11.07.2017 22:08     Siyasi reaksiya     2140

Prezident İlham Əliyev Novruzəli Orucovun Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Novruzəli Hüseyn oğlu Orucov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, son günlər mətbuatda Novruzəli Orucovun keçmişini saxtalaşdırdığı ilə bağlı yazılar dərc olunurdu. Oğlu isə əvvəllər çoxsaylı yol hərəkəti qaydalarını pozduğuna görə avtomobil idarə etmək hüququndan məhrum edilmiş Rüstəm Orucov iyulun 3-də yenidən saxlanılıb.

Belə ki, Rüstəm Orucov 10-OG-300 nömrəli,  BMW markalı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub.

Bu zaman 8 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədov ona irad bildirib.

Reaksiya.az  xəbər verir ki,  Azərbaycan Baş Prokurorluğu Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a bildirib ki, Rüstəm Orucov avtobus sürücüsünün iradına cavab olaraq onu döyüb.

Xatırladaq ki,  R.Orucov 2014-cü ildə piyadanı vuraraq hadisə yerindən qaçdığına görə 4 il azadlıqdan məhrum edilib.

Cəza müddətinin 1/3 hissəsini çəkdiyinə görə  R.Orucov vaxtından əvvəl şərti azadlığa çıxıb.

İyulun 4-də Binəqədi Rayon Polis İdarəsi R.Orucov barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi üzrə cinayət işi açıb. Məhkəmənin qərarı ilə o, həbs olunub.

Bir neçə il öncə prezident məmur övladlarının özbaşınalıqlarına son qoymadıqları halda, həbs olunacaqları, atalarının isə vəzifədən azad ediləcəyini demişdi. Digər  xalqa qarşı kobudluq edən məmur və övladları da bu Sərəncamdan nəticə çıxarsalar yaxşı olar. Sərəncam ölkə başçısının kimliyindən asılı olmayaraq, xalqa qarşı kobudluq edən, qayda-qanunu pozan məmur və ailələrinə güzəştə getmədiyinin bariz göstəricisidir. 

V.G

Reaksiya.az

Şərhlər

Çox oxunanlar