Vaşinqtondan Kremlə Bakı üzərindən mesaj
13.07.2017 11:49 Siyasi reaksiya 1879
Ağ Evin Rusiyaya qarşı ağırlaşan sanksiyaları “Türk axını”nı tormozlaya bilər – ilginc gözlənti; Vaşinqton Moskvanı ən zəif olduğu mübarizə müstəvisinə çəkir; Bakı da gözdə-qulaqda olmalıdır...
Rusiya və ABŞ arasında geosiyasi rəqabət özünü təkcə Yaxın Şərq proseslərində büruzə vermir. Son vaxtlar iki fövqəldövlət arasında gərginlik digər bölgələrdə və sferalarda, o cümlədən energetika sahəsində özünü getdikcə daha qabarıq göstərməkdədir. Dərinləşən rəqabət isə böyük mineral ehtiyatlara və əlverişli coğrafi mövqeyə malik Azərbaycana da yansımaqdadır.
Sirr deyil ki, Vaşinqtonun strateji hədəflərindən biri Avropa qaz bazarında Rusiyanın qaz inhisarına son qoymaq və ya bu inhisarçılığı minimuma endirməkdir. Çünki Kreml qaz monopoliyasından illərdir Avropaya, Qərbə qarşı siyasi şantaj aləti kimi istifadə edir. Hətta Krımın Rusiya tərəfindən işğalında da bu amil dolayısıyla rol oynamış, bəzi Avropa Birliyi ölkələrinin yumşaq mövqeyinə səbəb olmuşdu. İndi də bu təsir özünü müəyyən mənada saxlayır.
Bu üzdən ABŞ özünün Rusiya təbii qazına ehtiyacı olmasa belə, həmin qaza alternativ mənbələrin işə düşməsi və Avropaya nəqlinə böyük önəm verməkdədir. Onlardan biri də “Şahdəniz 2" Azərbaycan qazını Avropa bazarına çatdıracaq Cənub Qaz Dəhlizinin inşasıdır - hansı meqa-layihə ki, Birləşmiş Ştatlar ona həm siyasi, həm maliyyə, həm də mənəvi sponsorluq edir və böyük diqqət göstərir.
***
Təzəcə başa çatan 22-ci İstanbul Dünya Neft Sərgisində ABŞ-ın dövlət katibi Reks Tillerson səviyyəsində iştirakı bunu bir daha təsdiqlədi. Cənab Tillersonun Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə toxunulan həssas mövzulardan aydın oldu ki, Ağ Ev Bakıya Kremlin qaz savaşında sonadək dəstək verməkdə israrlıdır və onu Rusiya təzyiqləri qarşısında tək buraxmayacaq.
Bunu Vaşinqtonun Bakı üzərindən Kremlə ismarışı da saymaq olar. Özü də söhbət təkcə neft-qaz məsələsində dəstəkdən getmir. Yeri gəlmişkən, toplantıdakı çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev SDQ ilə bağlı tikinti işlərinin maneələrə rəğmən, uğurla davam etdiyini, inşa işlərinin sona çatmaq üzrə olduğunu qeyd elədi. Bu kəmər üzrə artıq gələn il qardaş Türkiyəyə 6 milyard, o biri ildən etibarən Avropaya isə 10 milyard kub metr Azərbaycan qazının nəqli nəzərdə tutulur.
Qeyd edilən bu kimi bütün məqamlar, həmçinin Tillerson-Əliyev təması Rusiyadan yan keçən neft-qaz kəmərlərinə əngəllər yaratmağa çalışan Kremlə əslində növbəti bir çatdırış idi. Siyasi təhlilçilərin bu yöndə şərh və təhlilləri davam edir.
“Azərbaycan prezidenti İlham Əliyevin ABŞ dövlət katibi Reks Tillerson ilə görüşü Rusiyaya mesajdır”. Bu sözləri axar.az-a görüşün yekunlarını şərh edən politoloq Fərhad Mehdiyev deyib. Onun sözlərinə görə, son diplomatik bəyanatlardan sonra Azərbaycanın ABŞ ilə əlaqələrinin gücləndirilməsi böyük məna kəsb edir.
“Bununla Rusiyaya mesaj göndərilir ki, Azərbaycan xarici siyasətində təklənməyəcək. Düşünürəm ki, Azərbaycan yenə balanslı siyasət yeridəcək. 7 iyul 2017-ci ildə ABŞ səfirliyində ənənəvi olaraq qəbul günü keçirilib. Bu tədbirdə prezidentin köməkçisi Əli Həsənov iştirak edib. Bu, Azərbaycan tərəfinin ABŞ-la münasibətlərini inkişaf etdirdiyinin göstəricisidir. Hazırda Rusiya tərəfindən Bakıya qarşı müəyyən mənada təzyiq var, çünki Kreml Azərbaycanın Rusiya ilə daha çox yaxınlaşmasını, Avrasiya İttifaqına üzvlüyünü istəyir. Azərbaycan tərəfi isə ABŞ-la münasibətləri inkişaf etdirməklə göstərir ki, Bakı balanslı siyasətini davam etdirməkdə qərarlıdır”, - deyə o bildirib.
***
Bakı balanslı siyasəti davam etdirir, ancaq o da faktdır ki, bu siyasət ən çox Moskvanın ürəyincə deyil. Az öncə Rusiyanın “Qazprom” şirkəti rəsmisi Medvedyevin Cənub Qaz Dəhlizi ilə bağlı söylədiyi pessimist fikirlər, faktiki, Bakıya ünvanlı şantaj xarakterli açıqlama da Rusiyanın Azərbaycana münasibətdə gerçək münasibətinə işarə idi.
Hər necə olmasa, Moskva Cənub Qaz Dəhlizinin Rusiyanın tezliklə reallaşdırmağa çalışdığı “Türk axını”na rəqib hesab edir. CQD-nin axırıncı seqmenti kimi TAP-ın İtaliya ərazisindən keçən hissəsinin tikintisinə Rusiyaya bağlı siyasi qüvvələrin neçə vaxtdır əngəl yaratmağa çalışması da təsadüfi deyil. Bunu da Vaşinqtonda bilir və izləyirlər. Təkcə izləmirlər, eyni zamanda kontur-tədbirlər hazırlayırlar. Bu da növbəti fakt.
Bəllidir ki, ötən həftə Rusiyanın “Qazprom” şirkəti “Türk axını” layihəsinin Türkiyədən keçəcək hissəsinin maliyyələşməsi ilə bağlı “Botaş” şirkəti ilə müqavilə imzalayıb. Lakin məlumata görə, “Qazprom” “Türk axını” və “Şimal axını 2" layihələrinin inşasının ABŞ-ın sanksiyaları səbəbindən baş tutmayacağından narahat olmağa başlayıb. Belə ki, ABŞ prezidenti bir müddət əvvəl Rusiya ilə əlaqəli nəhəng layihələrin inşasını həyata keçirən şirkətlərə sanksiya və embarqolar tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb.
Doğrudur, hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Ancaq ABŞ-ın Rusiyaya qarşı sanksiyaların çoxşaxəli olduğu da diqqət çəkməyə bilməz. Başqa sözlə, bu sanksiyalar həm də Rusiyanın aparıcı olduğu iri iqtisadi layihələri iflic eləməyə yönəlib. Rusiyanın özünün isə belə layihələri başa çatdırmağa yetərli maliyyəsi yoxdur. Sanksiyaların tətbiqindən sonra heç yoxdur.
Bir ölkənin maliyyə gücü və ya gücsüzlüyü isə elə onun siyasi gücü və ya siyasi gücsüzlüyü anlamına gəlir. Beləcə, Vaşinqton Moskvanı ən zəif olduğu mübarizə müstəvisinə çəkir. Demək, Bakı da gözdə-qulaqda olmalıdır.(musavat)
Şərhlər