Bakının “Ağ evi”ndən Moskvaya “Ağ Ev” ismarışı
14.07.2017 16:16 Siyasi reaksiya 1632
“Rusiya əbədi tərəfdaşımız deyil!”; Rusiya üçün rəsmi Bakının etibarını qazanmağın tək yolu Qarabağdan keçir
Azərbaycan-Rusiya münasibətləri təzadlı xarakterini saxlamaqda davam edir. Bunun da qayəsində sözsüz ki, ən əvvəl Dağlıq Qarabağ məsələsi, daha doğrusu, rəsmi Kremlin əlində bənzərsiz imkanlar ola-ola, münaqişənin həllinə real töhfə vermək istəməməsi dayanır.
Səbəblər barədə zaman-zaman yazmışıq. Məsələ ondadır ki, Rusiya Azərbaycanla bağlı əsas hədəfinə nail olmayıb. Söhbət ölkəmizin Putinin Avrasiya layihələrinə qoşulması və geridönməz şəkildə Rusiya orbitinə qayıtmasından gedir. Lakin Azərbaycan işğalçı Ermənistanla eyni siyasi-hərbi birliklərdə təmsilçiliyi mümkün saymır və Qarabağ şərtini irəli sürür. Rusiya isə belə görünür, Azərbaycanla bağlı strateji istəyinə Qarabağ konfliktini dondurmaqla nail olmaq niyyətindədir. Buna da rəsmi Bakı, Azərbaycan ictimai rəyi heç vaxt razı olmaz. Kremldə də yəqin ki, bunun fərqindədirlər.
Maraq toqquşmasına gətirən ikinci mühüm faktor əlbəttə ki, energetika sahəsidir. Daha dəqiqi, Avropaya ünvanlı və Rusiyadan yan keçən neft-qaz kəmərləri, kommunikasiya xətləri məsələsidir ki, bu sahədə də Azərbaycan istəsə də, istəməsə də, getdikcə Rusiya üçün daha güclü rəqibə çevrilməkdədir. Çünki Moskva həm də Avropa qaz bazarında özünə yeni konkruent görmək istəmir - o ki ola Azərbaycan timsalında.
***
Doğrudur, iki ölkə arasında silah ticarəti sahəsində yüksək səviyyəli əməkdaşlıq var və davam edir. Bu da daha çox Bakının balans siyasəti yürütməsi ilə bağlıdır. Hər halda, Azərbaycan eyni silahları başqa ölkələrdən də ala bilər. Bununla belə, Kreml yenə məmnun görünmür və vaxtaşırı Azərbaycana qarşı demarşlar edir - özü də həm də təcavüzkar Ermənistanın vasitəsilə.
O üzdən Moskva və Bakı rəsmiləri nə qədər bəyan eləsələr ki, Azərbaycan və Rusiya strateji tərəfdaş ölkələrdir və münasibətlər yüksək səviyyədədir, əslində belə deyil və bu kimi bəyanatlar da ilk növbədə daxili auditoriyaya hesablanıb. Fakt odur ki, münasibətlərdə gizli gərginlik yaşanır və ara-sıra hətta özünü qabarıq şəkildə büruzə də verir.
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi məsələsində bunu bir daha müşahidə elədik. Yaxud Alxanlı faciəsi günü Rusiya XİN-in erməni əsilli Rusiya vətəndaşlarının Bakı aeroportunda guya incidilməsi ilə bağlı etiraz bəyanatını yada salmaq olar. Azərbaycan prezidenti İstanbulda 22-ci Dünya Neft Konqresində iştirak etdiyi və ABŞ-ın dövlət katibi Reks Tillersonla mühüm görüşlər keçirdiyi zaman isə Rusiya işğalçı Ermənistanla birgə “sərhəd pozucuları” ilə mübarizə birgə təlimlər adı altında Dağlıq Qarabağa hərbi qüvvə yeritdi.
Doğrudur, Bakının etirazından sonra Rusiya FTX-si məsələyə düzəliş elədi. Amma mahiyyət dəyişmir: əksər müstəqil müşahidəçilər əmindilər ki, rus əsgərləri həqiqətən də ilk dəfə olaraq təlim adı ilə Azərbaycanın qanuni ərazilərinə, qanunsuz şəkildə keçiblər. Yeri gəlmişkən, rəsmi Bakının tam haqqı çatırdı ki, Rusiyaya etiraz notası təqdim eləsin.
***
Bunlar şəksiz ki, Kremlin Bakıya heç də xoşməramlı olmayan və strateji tərəfdaşlıqla uzlaşmayan qeyri-dost gedişləri idi. Bu qəbildən siqnalları əlbəttə ki, rəsmi Bakı müşahidə edir və nəzərə alır. Prezident İlham Əliyevin srağagün birinci yarım ilin iqtisadi yekunları ilə əlaqədar hökumətin toplantısında etdiyi çıxışda bu siqnallara cavab notlarını da görmək olar. Belə ki, ölkə başçısı çıxışının bir yerində məxsusən ABŞ-Azərbaycan əlaqələrinə toxunaraq deyib ki, bu əlaqələr yeni bir mərhələyə qədəm qoyub.
Bakıda keçirilmiş 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinə ABŞ prezidenti Donald Trampın ünvanlandığı məktubun əhəmiyyətindən danışan prezident ABŞ dövlət katibi ilə bir neçə gün öncə İstanbulda keçirdiyi görüşü də yüksək qiymətləndirib. Sitat: “Bu il 24-cü Xəzər neft-qaz sərgi və konfransı keçirilib. Bu tədbir dünya miqyasında enerji sektorunda seçilmiş tədbirlərdən biridir. Bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, tədbirə ABŞ prezidenti cənab Tramp məktub göndərib. Mənə ünvanlanan məktub əlbəttə ki, Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətini artırır, eyni zamanda ABŞ tərəfindən Azərbaycanın icra etdiyi uğurlu enerji layihələrinə göstərilən növbəti dəstəkdir. Əlbəttə ki, belə xoş münasibət Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır. Bir neçə gün bundan əvvəl Amerikanın dövlət katibi ilə İstanbulda görüşüm bir daha bizim strateji əlaqələrimizi təsdiqlədi və bu gün Amerika-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur”.
*** .
Ölkə başçısının açıqlamasında diqqət çəkən ən mühüm detallardan biri əlbəttə ki, onun Azərbaycan-ABŞ münasibətlərinin inkişafda olmasını xüsusi qeyd eləməsidir. Rusiya ilə ABŞ arasında isə hazırda böyük gərginlik yaşanır və bu gərginlikdə bəllidir ki, Ağ Evin yeni administrasiyası, özəlliklə də neft biznesindən dövlət katibliyinə gəlmiş Reks Tillersonun “xidməti” məxsusidir.
Sadalanan gəlişmələr fonunda Bakının Vaşinqtonla əlaqələrinə dinamik impulsun verilməsi sözsüz ki, Kremli məmnun sala bilməz. Lakin Azərbaycanın öz həyati maraqları var və onu Rusiya maraqlarına qurban vermək fikrində deyil. Yəni “qırmızı xətt” məsələsi. Bu mənada prezidentin son xəfif mesajı situasiyaya tam adekvat görünür.
Yeri gəlmişkən, Alxanlı faciəsinə də Rusiya strateji tərəfdaşlıq münasibətlərinə adekvat sayılacaq reaksiya vermədi. Qeyd edildiyi kimi, hətta həmin gün Rusiya XİN-dən Azərbaycanın ünvanına ermənilərlə bağlı hədələyici tonda açıqlama gəldi. Bu və digər səbəblərdən Bakı da son vaxtlar verdiyi bəyanat və açıqlamalarda, görüşlərdə vurğunu ABŞ-la münasibətlərin güclənməsinə salmaqla, D. Trampın məlum təbrik məktubunu xatırlatmaqla haqlı olaraq Rusiyaya incə mesajlar göndərir ki, “Rusiya Azərbaycan üçün heç də əbədi və alternativsiz tərəfdaş deyil”.
***
Yekun yerinə qeyd edək ki, Bakı həqiqətən də Moskvadan incikdir və buna haqqı çatır. Ola bilsin daha bir səbəb odur ki, Rusiya Qarabağ məsələsinin həllinə kömək eləməmək bir yana, işğalçı Ermənistanın lokal hərbi əməliyyatlarla cəzalandırmağa da imkan vermir. Azərbaycan isə Rusiyadan bahalı silahları heç də vitrinə qoymaq üçün almır.
Şərhlər