Əli Həsənov: Heç kim xalqın iradəsinə qalib gələ bilməz və xalqın iradəsi bütün iradələrdən üstündür - FOTOLAR

15.07.2017 01:07     Siyasi reaksiya     2217

Bu gün Bakıda ötən il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişi cəhdinin ildönümünə həsr olunmuş "15 iyul dastanı" adlı tədbir keçirilib.

Reaksiya.az - ın Trend-ə istinadən məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər dövlət rəsmiləri iştirak ediblər.

Əvvəlcə "15 iyul" şəhidləri 1 dəqiqəlik sükutla yad edilib. Sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib və TRT kanalının hadisədən lentə aldığı kadrlar yayımlanıb. Müqəddəs "Qurani-Kərim"dən ayələr oxunub.

Ə.Həsənov dövlətimizin başçısı İlham Əliyevin 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən Ə.Həsənov Türkiyədə ötən il 15 iyulda yaşananların çox ağır hadisə olduğunu söyləyib:

"Tədbirdə yayımlanan görüntülərdə o müdhiş gecəni izlədik. Kim də bilməsə, Azərbaycan xalqı bu hadisələrin nə olduğunu yaxşı bilir. Çünki biz özümüz də 1993-cü ildə və ondan əvvəlki illərdə belə hadisələrin şahidi olmuşuq. Həmçinin Azərbaycanda 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişi cəhdləri olub. Hər iki halda Azərbaycanda da belə xain qüvvələr şəxsi ambisiyalarını xalqın iradəsindən üstün tutaraq dövlətə, dövlətçiliyə əl uzatdılar, silah işlətdilər və Azərbaycanda qanuni hakimiyyəti devirməyə cəhd etdilər. Ancaq onların nəyə nail olduqlarını burada oturanlar çox yaxşı bilir".

Ə.Həsənov qeyd edib ki, həm Azərbaycanın yaşadığı, həm də Türkiyədə 1 il əvvəl yaşanan hadisələr bir neçə ciddi həqiqəti ortaya çıxardı: "Bu həqiqəti siyasətlə məşğul olan və hakimiyyət iddiası ilə yaşayan insan bilməlidir: birincisi odur ki, heç kim xalqın iradəsinə qalib gələ bilməz, xalqın iradəsi ölkədəki bütün iradələrdən üstündür və ona qalib gəlmək hələ indiyədək heç kimə müyəssər olmayıb və yəqin ki, bundan sonra da olmayacaq".

PA rəsmisi deyib ki, Türkiyədə baş verən hadisələr də xalqın iradəsinə qalib gələ bilmədi: "Sonda ayağa qalxan xalq öz canını qurban verərək bu çevrilişin qarşısını aldı. İkinci dərs ondan ibarət oldu ki, insanların həyatı ilə oynamaq, onların həyatı üzərində özünün siyasi, subyektiv maraqlarını qorumaq cəhdi iflasa uğramalıdır və uğradı da. Türkiyədə 250 nəfərin ölümünə səbəb olan insanlar bu gün cəzalarını alırlar və almalıdırlar. Bu ötən bir il ərzində Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın gördüyü tədbirlər artıq öz bəhrəsini verir. Bu gün Türkiyədə sözün həqiqi mənasında dövlətçilik möhkəmlənir, daxildə bir milli barış, həmrəylik getdikcə güclənir və bu milli barış, həmrəylik üzərində qurulmuş Türkiyə hökuməti həm ölkədə, həm bölgəmizdə, həm də dünyada ciddi bir güc faktoruna çevrilir".

Ə.Həsənov vurğulayıb ki, hər kəs bilir ki, o 15 iyul gecəsi, o müdhiş gecə Azərbaycanda demək olar ki, səhərə kimi heç kim yatmadı: "Azərbaycan Prezidentinin köməkçisi kimi mən şahidəm ki, cənab Prezident İlham Əliyev səhərə qədər o hadisələrin necə cərəyan edəcəyini, Azərbaycanın Türkiyənin qanuni seçilmiş, Konstitusiya quruluşunu təmsil edən hakimiyyətinə necə yardım edəcəyini fikirləşdi, düşündü və müvafiq tapşırıqlarını verib nə mümkündürsə, onu həyata keçirdi. Azərbaycan dövləti birinci olaraq, səhər bu məsələyə münasibətini bildirdi və birmənalı şəkildə Türkiyənin konstitusion rejimini, ölkə hakimiyyətini dəstəklədi. Bu hakimiyyətə qarşı xain çevriliş cəhdlərini birmənalı pislədi və onların siyasi qiymətini verdi".

Ə.Həsənov bildirib ki, bu keçən müddətdə Azərbaycan Türkiyədə ictimai-siyasi sabitliyin bərpa olunması, bu cəhdləri edənlərin sözün həqiqi mənasında cəzalarını alması istiqamətində Türkiyə hökumətinin tələb etdiyi və qardaş ölkəyə tələb olunan bütün dəstəyi verib, bütün lazımi yardımları göstərib və bundan sonra da göstərməyə davam edəcək: "Çünki ulu öndərlərimiz - böyük Atatürkün dediyi kimi - Azərbaycanın kədəri Türkiyənin kədəri, Azərbaycanın sevinci Türkiyənin sevinci, Türkiyənin kədəri Azərbaycanın kədəri, Türkiyənin sevinci Azərbaycanın sevincidir. Yəni, bizim sevincimiz də, kədərimiz də birdir. Ümummilli lider Heydər Əliyev “Bir millət, iki dövlət” şüarını irəli sürməklə bu xalqların taleyinin bir olduğunu və bundan sonra da bir olacağını birmənalı olaraq bəyan edib. Onların bəyan etdikləri bu yol, müəyyən etdikləri bu birlik əbədidir, daimi yaşayır və bundan sonra da yaşayacaq".

Prezidentin köməkçisi qeyd edib ki, bu gün Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin dostluğu bizim xalqlarımızın dostluğu üçün gözəl bir nümunədir.

Ə.Həsənov bildirib ki, Türkiyə xalqı ilə Azərbaycan xalqının birlik, həmrəylik və qardaşlıq nümunəsi digər türk-müsəlman xalqları üçün bir örnəkdir.

Tükiyənin Azərbaycandakı səfiri E.Özoral 15 iyul hadisələri ilə bağlı Türkiyəyə verdiyi dəstəyinə görə Azərbaycan dövlətinə təşəkkür edib.

Səfir qeyd edib ki, Azərbaycan FETÖ ilə mübarizədə Türkiyəyə sona qədər dəstək verdi: "Biz bu dəstəyi hiss edərək özümüzü güclü hiss etdik. Azərbaycan Prezidenti İlham Əliyev Tükiyə Prezidentinə zəng edən ilk şəxslərdən olub. Prezident İlham Əliyevin bu gün Tükiyə Prezidentinə ünvanladığı məktub bizim üçün dəyərlidir".

E.Özoral 2016-ci ilin iyulun 15-dən 16-a keçən gecə baş verən hadisələrdən sonra yaşananların hələ də yaddaşlarda acı xatirə kimi qaldığını bildirib. Səfir Türkiyənin azad, demokratik cəmiyyətdə yaşaması üçün həmin gün canından keçən şəhidlərə minnətdarlığını bildirib. E.Özoral əlavə edib ki, həmin hadisələrin əsl mahiyyəti Tükiyəni işğal etmək, ölkəni vətəndaş müharibəsi şəraitinə atmaq idi.

O, oxşar hadisələrin Azərbaycanda da 1994-1995-ci illərdə baş verdiyini söyləyib: "Həmin zaman Azərbaycanın ümummilli lideri Heydər Əliyev xalqa çağırış edib və xalq üsyançılara qarşı çıxıb. Əsl liderlər məhz belə hadisələrdə üzə çıxır. Nə yaxşı ki, ötən il bizim liderimiz də öz sözünü deməyi bacarıb".

Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri, akademik Əhliman Əmiraslanov qardaş Türkiyədə 15 iyul hadisələri zamanı Prezident İlham Əliyevin, Azərbaycan xalqının ilk saatlardan qardaş ölkə ilə yüksək həmrəylik nümayiş etdirdiklərini bildirib. O, 15 iyul hadisələrinin səbəblərinin geniş tədqiq olunduğunu vurğulayaraq qeyd edib ki, bu çevrilişin qarşısının alınmasının əsas səbəbi türk xalqının mətinliyi, demokratiyaya və dövlətçiliyə sadiqliyi, Vətəninə, millətinə, Prezidentinə yüksək məhəbbətidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həmin hadisələr zamanı əsl liderlik nümayiş etdirdiyini, xalqı səfərbər edərək dövlət çevrilişi cəhdinin qarşısını aldığını vurğulayan Ə.Əmiraslanov dostluq qrupunun üzvlərinin ilk saatlardan qardaş ölkəyə fəal dəstəyini xüsusi qeyd edib.

Tədbir sonra Türkiyədən gələn qonaqlar və Azərbaycan ictimaiyyətinin nümayəndələrinin çıxışları ilə davam edib.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar