ABŞ-ın Rusiyaya qarşı sanksiyası Azərbaycanı “vura bilər”

18.07.2017 14:42     Siyasi reaksiya     1668

Keçmiş səfirdən xəbərdarlıq və çıxış yolu təklifi

ABŞ Konqresinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair qəbul etməyə hazırlaşdığı yeni qanun layihəsi Azərbaycanın “Şahdəniz” yatağının işlənilməsinə və hasil olunan qazın Avropa bazarlarına nəqlinə zərbə vura bilər.

Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ prezidentinin və dövlət katibinin Xəzərin enerji məsələləri üzrə keçmiş xüsusi köməkçisi, Bakıdakı keçmiş səfir Riçard Morninqstar “The Hill” nəşrində dərc edilmiş məqaləsində xəbərdarlıq edib. Diplomat qeyd edir ki, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə, o cümlədən sanksiyaların bu ölkənin energetika şirkətlərini də əhatə etməsinə dair yeni qanun layihəsi artıq Senatdan keçib. Hazırda Nümayəndələr Palatası qanun layihəsini müzakirə edir: “Baxmayaraq ki, Rusiyanın sərt davranışlarına cavab olaraq sanksiyaların genişləndirilməsi qeyd-şərtsiz haqlıdır, lakin hazırda müzakirə olunan qanun layihəsi ən azından bir halda ABŞ-ın Avropanın qaz təchizatını şaxələndirməyə, Rusiya qazından asılılığı azaltmağa yönələn strategiyasını qəsdən də olmasa sarsıda bilər.


Qanun layihəsinə əsasən Rusiyanın energetika şirkətlərinin yer aldığı istənilən layihə ABŞ-ın sanksiyalarının təsiri altına düşəcək. Bu isə Cənub Qaz Dəhlizi layihəsini təhdid edir. Çünki Rusiyanın “LUKoil” şirkəti bu layihənin tərkib hissəsi olan “Şahdəniz-2" yatağının işlənilməsi üzrə konsorsiumda 10 faiz payla təmsil olunub.


Avropanın enerji təhlükəsizliyini möhkəmləndirmək, Rusiya qazından asılılığı azaltmaq uzun müddətdir ABŞ-ın ikipartiyalı siyasətinin əsas məqsədi olub. Bu siyasətin əsas istiqamətlərindən biri “Şahdəniz” yatağının işlənilməsi və onunla əlaqəli qaz kəmərləri sisteminin dəstəklənməsidir, hansı ki, bunlar regionda enerjidaşıyıcıları ilə təchizatın təhlükəsizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmalıdır. Lakin hazırda nəzərdən keçirilən qanun layihəsinin tətbiqi nəticəsində Xəzər qazını Avropa bazarlarına çatdırmalı olan Cənub Qaz Dəhlizi ciddi zərbə ala bilər".


Keçmiş səfir qeyd edir ki, Rusiya şirkətinin bu layihədə kiçik payla iştirakına görə Cənub Qaz Dəhlizinin sanksiyaların təsirinin altına düşməsi ABŞ-ın energetika diplomatiyasına, eləcə də Avropanın energetika təhlükəsizliyinə ciddi əngəllər yaradacaq. Nəticədə qanun layihəsi əslində Rusiya üçün mükafat olacaq. Çünki Rusiya da elə buna çalışır ki, Avropanın qaz bazarında inhisarçı mövqelərini saxlasın.


Diplomat vəziyyətdən çıxış yolu kimi ABŞ-ın bir neçə il əvvəl İrana qarşı tətbiq etdiyi sanksiyalara edilmiş düzəlişi nümunə göstərir. Həmin qanun layihəsinə əsasən İranın energetika şirkətlərinin iştirak etdiyi istənilən layihə Birləşmiş Ştatların sanksiyalarının təsiri altına düşürdü. Lakin qanuna əlavəyə əsasən bu müddəa İranın NİOC şirkətinin 10 faiz payla iştirak etdiyi “Şahdəniz” layihəsinə aid deyildi: “Bu düzəliş ona görə edilmişdi ki, ”Şahdəniz" layihəsinə qarşı qəsdən olmasa da sanksiyalar tətbiq olunmasın və nəticədə ABŞ-ın illərlə yürütdüyü siyasətə zərbə dəyməsin. İndi Rusiyanın daha çox energetika sektorunda hiss olunacaq şəkildə cəzalandırılması Ukraynadakı cinayətlərinə və ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinə görə tamamilə yerində olan qərardır. Lakin qanun layihəsi ancaq o zaman effektli olacaq ki, Cənub Qaz Dəhlizi layihəsinə bilməyərəkdən zərər vurmasın. Konqres İrana qarşı sanksiyalarda olduğu kimi, bu dəfə də “Şahdəniz” layihəsini anti-Rusiya sanksiyalarının təsirindən kənarda saxlamalıdır".


Rusiyaya qarşı sanksiyadan Azərbaycanın ziyan görməməsi üçün ABŞ nə edə bilər? Məsələn, sanksiyalara müəyyən istisnaları nəzərdə tutan bəndlər daxil edilə bilərmir? Azərbaycan tərəfi bu məsələ ilə bağlı Amerika ilə danışıqlar aparmalıdırmı?

Image result for Elşən Mustafayev


Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev hesab edir ki, böyük ehtimalla Morninqstarın qeyd etdiyi məsələ həllini tapacaq. ABŞ-ın Cənubi Qaz dəhlizinə hər hansı problem yaradacaq addım atması gözlənilən deyil: “Azərbaycanın böyük qaz layihələri əsasən Avropanın qaz təminatına hesablanmış Rusiyadan birbaşa qaz asılılığını azaltmağa xidmət edir və bu layihələrdə Qərbin marağı çox böyükdür. Azərbaycanın böyük layihələrində Rusiyanın payı həmişə çox az faiz olub. Qaz layihələrimizdə də həmçinin Rusiya az faizə malikdir. İnanmıram ki, ABŞ bu faizə görə Cənub Qaz Dəhlizinə hər hansı problem yaratsın. Yox, əgər bu layihə ABŞ-ın iqtisadi maraqları çərçivəsində deyilsə, o zaman istənilən bəhanəni, o cümlədən layihənin içərisində Rusiya şirkətinin olmasını səbəb gətirərək müəyyən addımlar atma ehtimalı ola bilər. Amma bunun az ehtimalı var. Digər tərəfdən, unudulmamalıdır ki, ”Şahdəniz-2" layihəsinin yüksək faizi olan əsas operatoru BP-dir və bu, BP-nin ən böyük layihəsidir. Bir məsələni unutmaq olmaz ki, ABŞ Konqresinin qəbul edəcəyi sanksiyalar yalnız ABŞ şirkətlərinə şamil edilir. Avropa İttifaqı isə sanksiyalarla bağlı ayrıca qərar qəbul etməlidir ki, onlar bunu etməyəcəklər. Bayaq dediyim kimi, Avropanın enerji təhlükəsizliyinə xidmət edəcək bir layihənin əleyhinə gedilməsi Aİ-nin strateji maraqlarına ziddir. Ona görə də sanksiya qəbul olunsa belə, ona “Şahdəniz” layihəsi ilə bağlı xüsusi müddəanın daxil edilməsi istisna deyil".


Ekspert onu da dedi ki, bu layihədə "LUKoil"in 10%-lik payının olması Rusiya üçün elədə böyük qazanc demək deyil. Rusiya əgər bundan imtina etsə, itirəcəyi də böyük deyil. Əslində isə bu layihənin özü Rusiya üçün iqtisadi cəhətdən əlverişli deyil. Rusiya bu layihənin baş tutmasında heç vaxt maraqlı olmayıb: “Rusiya Azərbaycandakı layihələrdə heç vaxt iqtisadi maraq güdməyib, siyasi maraqlar güdüb. Bu layihələrdə az faizlə də olsa iştirak etməklə Rusiya regionda özünün mövcudluğunu qoruyub saxlamağa çalışır. Bu layihənin "LUKoil" üzündən sanksiyalara düşməsi Rusiyadan başqa hamıya ziyan ola bilər. Mən hesab edirəm ki, ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə gedəcək, amma Şahdəniz-2 Rusiya layihəsi olmadığı, layihənin sahibi Azərbaycan, operatoru isə BP olduğu üçün bu layihə sanksiyalardan kənarda qalacaq”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar