Prezident İlham Əliyev Bosniya və Herseqovinanın ali mükafatına layiq görülüb
28.07.2017 17:36 Siyasi reaksiya 1361
Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın yalnız dövlət xadimlərinə, prezident və baş nazirlərə təqdim olunan ən önəmli mükafatı – "Beynəlxalq İsa bəy İshakoviç 2017" mükafatına layiq görülüb.
Trend-in məlumatına görə, bu barədə Bosniya KİV-ləri məlumat yayıb.
İsa bəy İshakoviç Beynəlxalq Mükafat Komitəsinin sədri, akademik Lyubomir Berberoviç məlumatı təsdiq edərək bildirib ki, qərar səs çoxluğu ilə qəbul edilib.
Məlumata görə, bu beynəlxalq mükafat Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya səfəri zamanı ona təqdim olunacaq. Qeyd edək ki, bu, Azərbaycan-Bosniya və Herseqovina ikitərəfli münasibətləri yarandığı andan Azərbaycan Prezidentinin bu ölkəyə ilk səfəridir.
KİV-in məlumatına görə, bu səfər ölkələr arasında möhkəm ikitərəfli əməkdaşlığı, hələ 1972-ci ildə qardaşlaşmış iki ölkə paytaxtı Bakı və Sarayevo arasında dostluğu sübut edir.
Bu mükafat görkəmli osmanlı dövlət xadimi, Bosniya və Herseqovinanın paytaxtı Sarayevonun əsasını qoyan İsa bəy İshakoviçin adını daşıyır.
Daha öncə bu mötəbər mükafata ayrı-ayrı illərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Bosniya və Herseqovinanın prezidenti Aliya İzetbeqoviç, Avstriyanın federal prezidenti Xaynts Fişer, Sloveniya prezidenti Borut Paxor, Sloveniyanın baş naziri İveta Radiçova, Makedoniya prezidenti George İvanov və Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç layiq görülüb.
"İsa bəy İshakoviç Beynəlxalq Mükafatı"nın heykəlləri Türkiyə, Sloveniya, Avstriya, Slovakiya, Xorvatiya və Makedoniyanın prezident saraylarını bəzəyir. Bu heykəllər Bosniya və Herseqovinanın ümumi dəyərləri paylaşdığı bu dost mədəniyyətlərə körpü hesab edilir.
Şərhlər