Ermənilərin İsrail arzusu, İran xofu və Bakının basqısı

29.07.2017 12:14     Siyasi reaksiya     2370

Yəhudi nazirin müəmmalı İrəvan səfərinin pərdəarxası; Düşmən ölkəni yəhudi dövləti ilə yaxın ilişkilər qurmağa qoymayan üç səbəb; Sərkisyan Tehrana niyə can atır? ABŞ-ın “beyin mərkəzi”ndən erməniləri üzən proqnoz gəldi...

İsrailin regional əməkdaşlıq naziri Saxi Xaneqbi 3 günlük səfərlə Ermənistandadır. Bu, son böyük bir dönəm üçün İsraildən Ermənistana səfər edən ən yüksək çinli rəsmidir. Artıq yəhudi naziri xarici işlər naziri Edvard Nalbəndyan və parlamentin spikeri Ara Babloyan qəbul edib. Onun prezident Serj Sərkisyanla da görüşü gözlənilirdi.

Erməni mənbələrinin məlumatlarından hasil olan ilkin qənaət belədir ki, düşmən tərəf İsraillə münasibətlərdəki bu gəlişmədən xeyli məmnundur. Hərgah, ermənilər eyni zamanda ehtiyatlı bir sevinc içindədirlər. Səbəbinə qayıdacağıq.


***

Image result for Şavarş Köçəryan


Bu arada isə Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan bildirib ki, “İsrail Azərbaycana ona görə silah satmır ki, o, Ermənistana düşmən münasibətdədir”. Musavat.com-un məlumatına görə, bu barədə Köçəryan israilli nazirin işğalçı ölkəyə səfərinə münasibət bildirərkən deyib. Onun iddiasına görə, silah məsələsində Təl-Əviv dəfələrlə öz mövqeyini açıq bəyan edib. “Onlar hamıya, o cümlədən Ermənistana da silah satmağa hazırdır”, - deyə o, özünətəsəlli şəklində qeyd edib.


“Bəs bu yöndə Ermənistan İsraillə hansısa danışıqlar aparıbmı” sualına Köçəryanın cavabı belə olub: “Bu sual başqa idarəyə aiddir. Bütövlükdə isə Ermənistan və İsrail xalqları arasında ümumi çox şey var. Ancaq problemli məsələlər də mövcuddur”.


***


Ş.Köçəryan silah məsələsində axıradək səmimi deyil təbii ki. Ona görə ki, İsrail Azərbaycana silah-sursatı həm də Azərbaycanın ondan ötrü islam dünyasında tutduğu xüsusi yerinə və önəminə görə satır. Rusiyanın ucqar bir quberniyasına çevrilmiş və dünya okeanına çıxışı olmayan, iqtisadi baxımdan maraq kəsb etməyən Ermənistan isə yəhudi dövləti üçün cəlbedici ola bilməz. 2015-ci ildə, saxta soyqırım iddiasının 100-cü ildönümündə də bu, özünü qabarıq şəkildə göstərmişdi. O zaman İsrail İrəvandakı ildönüm törəninə heç nazir səviyyəsində belə, nümayəndə heyəti göndərməmişdi...


Tərəflər arasında hərbi-texniki əməkdaşlığa gəlincə, İrəvan istəsə də müasir İsrail hərbi sistemlərini ala bilməz. Çünki: 1. Buna maddi imkanları yoxdur. 2. Rusiya imkan verməz. Üçüncü səbəb də var: İranın İsrailə ənənəvi münasibəti.

Image result for Erevan


İş ondadır ki, hazırda işğalçı ölkə İrandan daha çox ehtiyat edir, nəinki Azərbaycandan. Çünki Ermənistan Moskva ilə yanaşı Tehrandan da çox güclü şəkildə asılıdır. Söhbət öncəliklə geosiyasi asılılıqdan gedir. Aydındır ki, İran da müsəlman Türkiyəsi kimi təcavüzkara münasibət bəsləsə, onunla sərhədləri qapalı saxlasa, Ermənistan qısa zamanda boğular, tezliklə sülhə gələr. Tehran çoxdan işğalçı üçün “nəfəslik” rolundadır və bu “nəfəsliyi” İsrailin əvəz eləməsi qeyri-mümkündür.


Yeri gəlmişkən, erməni prezident Serj Sərkisyan prezident Həsən Ruhaninin növbəti andiçmə mərasimində iştirak üçün dəvət alıb və dəvəti dərhal qəbul edib. Səbəb məlumdur: Sərkisyan Ermənistanın “ikinci xilaskarı”, həmsərhəd ölkə kimi isə “tək xilaskarı” olan İranın dövlət başçısı ilə daha bir dəfə görüşmək şansını qaçırmaz.


Bəllidir ki, dəvət Azərbaycan prezidenti İlham Əliyevə də gəlib. Lakin şəxsən İlham Əliyevin İrana gedəcəyi məlum deyil. Ola bilsin, Bakıdan Tehrana baş nazirin başçılığı ilə nümayəndə heyəti getsin...


***


Bakı-Təl Əviv münasibətlərinin hazırkı durumuna gəlincə, bu münasibətlər İran faktoruna rəğmən, son illər dinamik inkişaf etməkdədir və təkcə hərbi əməkdaşlıq sferasını əhatə eləmir. İki ölkə arasında digər sahələrdə, o cümlədən energetika sferasında da yaxşı əməkdaşlıq var. Avropaya İsrail qazının nəqli (Cənub Qaz Dəhlizi, TANAP) ilə bağlı da tərəflər konstruktiv müzakirələr içindədir.

Image result for TANAP


Bundan əlavə, İsrail Bakı-Ceyhan xətti ilə Azərbaycan neftinin alıcılarından biridir. Yəhudi dövlətində sanballı Azərbaycan lobbisi fəaliyyət göstərir. Azərbaycan İsrail üçün yəhudi icmasının da tam təhlükəsizlikdə yaşadığı azsaylı müasir, tolerant və qabaqcıl, ən əsası, strateji tərəfdaş türk-müsəlman ölkəsidir. Ötən ilin sonlarında baş nazir B.Netanyahunun Bakı səfəri Azərbaycanın bu önəmini bir daha nümayiş etdirdi. Yoxsa ki, Netanyahu Bakıdan Ermənistana gedərdi, Qazaxıstana yox.

Image result for Lapşin


Bakı ilə Təl-Əviv arasında yüksək səviyyəli münasibətlərə “Lapşin insidenti” də kölgə sala bilmədi və sala bilməzdi - erməni tərəfi dəridən-qabıqdan çıxsa belə. Sadə səbəbə: çünki Azərbaycan-İsrail münasibətlərinin təməli sağlamdır və üçüncü ölkəyə qarşı yönəlməyib. Ermənilərə isə İsraillə münasibətlər ilk növbədə beynəlxalq yəhudi lobbisinin dəstəyini qazanmaq və İsrailin Azərbaycan və Türkiyə ilə arasını vurmaq üçün lazımdır. Yəni məkrli niyyət güdülməklə, sırf üçüncü ölkəyə qarşı yönəlib.


***


Ermənistanın nicatı və inkişafı təkcə İranla deyil, həm də və ən əvvəl Türkiyə və Azərbaycanla əlaqələri normala salmaqdan keçir. Söz düşmüşkən, yaxın on ildə Türkiyə bölgədə əsas regional güc olacaq. Bunu isə biz yox, artıq ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” analitik qrupu deyir.


Qrupun yaydığı son hesabatdan sitat: “Türkiyə indi ərəb konfliktləri, Qafqaz və Qara dəniz konfliktləri ilə əhatəlidir. Ankara hələlik Yaxın Şərqdə tam müstəqil siyasət yürütməyə hazır deyil və buna görə də ABŞ-la əməkdaşlıq edəcək. Türklər öz təsir zonalarını Şimali Afrikaya qədər artıracaqlar. Türkiyənin diqqəti təkcə Yaxın Şərqə yönəlməyəcək. Rusiya zəiflədikcə avropalılar Türkiyənin maraq dairəsində olan zonalara gələcəklər. Türkiyə şimal istiqamətində olan iqtisadi və siyasi gücündən yararlanacaq və hətta hərbi gücündən də istifadə edəcək. Avropa Birliyinin dağılması bəzi ölkələrin Şərqə marağını artıra bilər. Bu isə Türkiyəyə özünün Balkanlarda əsas güc olmasına imkan yaradır. Türkiyə yaxın 10 ildə əsas regional gücə çevriləcək”.


Amerikalı analitiklərə görə, qarşıdakı dönəmdə Rusiyanın - Ermənistanın 1 nömrəli müttəfiq dövlətin parçalanması da qaçılmaz olacaq, Moskva Qafqaza nəzarət imkanlarını itirəcək.


Bu da işğalçıya bir daha ciddi düşünmək və doğru seçim eləmək üçün növbəti xəbərdarlıq mesajı, çatdırış.(musavat)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar