Azərbaycanın uzaqdakı yaxın dostu
02.08.2017 10:31 Siyasi reaksiya 1779
Bir qayda olaraq bu ölkənin adı Azərbaycanın qeydsiz-şərtsiz dostu kimi çəkilir. Azərbaycanın müstəqilliyini ikinci tanıyan ölkə, Ermənistanla diplomatik əlaqə qurmayan və nəhayət, hər dəfə müharibə xəbərləri gələndə “100 minlik əsgər” xəbərləri ilə gündəmə gələn Pakistan. Nüvə silahına malik, 190 milyondan artıq əhalisi olan və dünyanın mürəkkəb siyasi və hərbi vəziyyətin mövcud olduğu Pakistan həm də bizim ən yaxın müttəfiq və dostumuzdur.
Azərbaycan da, necə deyərlər, borclu qalmaq istəmir, Pakistanla yaxın əməkdaşlıq əlaqələrini qoruyub saxlayır, humanitar yardımlar edir. 2007-ci ildə Pakistanda baş vermiş zəlzələ zamanı Azərbaycan Pakistana yardım edib, 40-a qədər həkim, xeyli dərman, avadanlıq və təlim keçmiş xilasedici dəstə bu bölgəyə göndərilib, Pakistana 1,5 milyon dollar həcmində maddi yardım edilib. Bundan başqa, Heydər Əliyev Fondu Pakistanın zəlzələdən dağılmış Müzəffərabad şəhərinin Rara qəsəbəsində müasir orta məktəb inşa etdirib.
Eyni zamanda Pakistan Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 12-də, Türkiyədən sonra ikinci tanıyan ölkədir. 1992-ci il iyunun 9-da iki ölkə arasında diplomatik münasibətlər yaradılıb, Pakistanın Azərbaycanda səfirliyi açılıb. Maraqlıdır ki, 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Ümumiyyətlə, ötən 20 ildən artıq bir vaxt ərzində Pakistan beynəlxalq səviyyədə bütün toplantılarda Azərbaycanın ədalətli mövqeyini ardıcıl olaraq dəstəkləyib. Pakistan dövlət və hökumət başçıları dəfələrlə nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycana açıq şəkildə dəstəklərini bildiriblər. Bundan başqa, Pakistan məhz Azərbaycana hərbi təcavüzü əsas gətirərək Ermənistanla diplomatik münasibətlər qurmayıb, bu ölkədə səfirliyi yoxdur. Pakistan bu siyasəti məhz İslam həmrəyliyi, müsəlman qardaşlığı prinsiplərinə əsasən edir.
Pakistan əhalisinin sayına görə (193 milyon nəfər) dünyanın ikinci ən böyük müsəlman ölkəsidir. Böyük hərbi gücə malikdir, müsəlman ölkələri arasında ciddi nüfuz sahibidir. Eyni zamanda nüvə dövləti olaraq Pakistan beynəlxalq diplomatiyada söz sahibi olan ölkələrdən biridir. Azərbaycanın bu ölkə ilə iqtisadi, hərbi sahədə əlaqələrinin olması müsbət haldır. Bundan başqa, Pakistan ciddi daxili qeyri-stabilliyə, terror təşkilatlarının fəallığı, həmsinin qərb bölgələrində geniş yayılmış tayfa idarəçiliyinin dərinləşməsi, bəzi hallarda mərkəzi hakimiyyətlə hesablaşmaması faktlarına rəğmən ciddi demokratik ənənələrə malik ölkələrdən biridir. Pakistan parlament quruluşlu respublikadır, ölkənin idarəçiliyini parlament çoxluğuna nəzarət edən partiyanın formalaşdırdığı hökumət həyata keçirir. Prezident isə daha çox formal post hesab olunur. Pakistan eyni zamanda tarixə müsəlman aləmində ilk qadın baş naziri olan ölkə kimi düşüb. Bənəzir Buhutto iki dəfə - 1988 və 1993-cü ildə Pakistanın baş naziri seçilib.
Ancaq Pakistanın siyasi tarixi xeyli mürəkkəbdir. Bu il müstəqilliyinin 70 illiyini qeyd edəcək Pakistanın siyasi tarixi çoxsaylı hərbi çevrilişlərlə “zəngindir”. Sonuncu belə hadisə ötən həftə oldu. Pakistan Konstitusiya Məhkəməsi baş nazir Navaz Şarif və maliyyə naziri İshaq Darın vəzifədən çıxarılması ilə bağlı qərar verib. Qərarın səbəbi kimi baş nazirin parlament və məhkəməyə doğru məlumat verməməsi göstərilib. Eyni zamanda qərara əsasən Şərif ömrü boyu siyasətlə məşğul ola bilməz.
Pakistan Müsəlmanlar Birliyi Partiyasının lideri Navaz Şərif 3 dəfə baş nazir postunu tutub. İlk dəfə 1990-93-cü illərdə baş nazir olan Şərif, ikinci dəfə 1997-99-cu illərdə bu kürsüdə oturub və 1999-cu ildə general Pərviz Müşərrəfin həyata keçirdiyi hərbi çevrilişdən sonra ölkəni tərk edib. O, 3-cü dəfə baş nazir postuna 2013-cü ildə əyləşib və səlahiyyət müddəti gələn il bitəcəkdi. N.Şarif ikinci dəfə postunda axıra qədər qala bilmədi. Ancaq maraqlıdır ki, bu günə qədər Pakistanda səlahiyyət müddətinin sonuna qədər postunda qalmış mülki baş nazir olmayıb.
Tarixən ümumi olar Hindistan coğrafiyasına daxil olan Pakistan 1940-cı illərdə başlayan ictimai-siyasi proseslərin sonunda yaranıb. 14 avqust 1947-ci ildə uzun müddət davam edən etirazlar və qarşıdurmalardan sonra Hindistanın müsəlmanlar yaşayan hissəsi ayrılaraq Pakistan dövləti qurulur. 1956-cı ildə Pakistan Federativ Respublikası elan edilir və bundan sonra ölkə tarixində çevrilişlər və savaşlar silsiləsi başlayıb. 1958-ci ildə general Əyyub Xan çevriliş edərək hakimiyyəti ələ keçirir. 1965-ci ildə Hindistanla müharibə olur. 1969-cu ildə Əyyub xan postundan gedir və bir neçə ay sonra baş verən növbəti çevriliş nəticəsində başqa bir general Yahya Xan hakimiyyəti ələ keçirir. Ancaq onun hakimiyyəti uzun sümür. 1971-ci ildə baş verən növbəti Hindistan-Pakistan müharibəsində Pakistan uduzduğu üçün Yahya xan istefa verir və iqtidara ölkənin gələcək qadın baş naziri Bənazir Buhuttonun atası Zülfüqar Buhuttonun rəhbərlik etdiyi hökumət gəlir. Ancaq mülki hökumət uzun müddət davam etmir.
1977-ci ildə baş verən növbəti hərbi çevriliş nəticəsində general Ziya əl-Haqq hakimiyyəti ələ keçirir. Ölkədə bütün siyasi institutları - parlament və partiyaları ləğv edən general Ziya əl-Haqq baş nazir Zülfüqar Buhuttonu da edam edir. Demokratik sistemdən imtina edən general əl-Haqq Pakistanı İslam Respublikası elan edir. Hakimiyyətdə 11 il qalan general Ziya əl-Haqq 1988-ci ildə baş verən təyyarə qəzasında həlak olur. Keçirilən seçkilərdə Zülfüqar Buhuttonun partiyası Pakistan Xalq Partiyası qalib gəlir və onun qızı, partiyaya rəhbərlik edən Bənazir Buhutto ölkənin ilk qadın baş naziri olur. B.Buhutto hakimiyyətdə iki il qalır və prezident tərəfindən vəzifəsindən kənarlaşdırılır. 1990-cı ildə keçirilən seçkilərdə Navaz Şərif ölkənin baş naziri seçilir. N.Şərifin baş nazirliyi 3 il davam edir və 1993-cü ildə postunu itirir. Baş nazir postuna yenidən B.Buhutto gəlir. Ancaq Buhutto da baş nazir postunda uzun müddət qala bilmir və 1996-cı ildə vəzifədən gedir. Növbəti dəfə seçkiləri qazanan Navaz Şərif isə 1999-cu ildə general Pərviz Müşərrəf tərəfindən devrilir və 9 il ölkəni idarə edir. 2007-ci ildə uzun müddət xaricdə sürgündə olan Buhutto ölkəsinə dönür və seçki kampaniyası zaman Ravalpindi şəhərində terrorçular tərəfindən qətlə yetirilir. Bu hadisə 2008-ci il 8 yanvar parlament seçkilərindən 10 gün əvvəl baş verir və Buhuttonun partiyası onun ölümündən sonra qalib gəlir. B.Buhuttonun əri Asif Əli Zərdari ölkənin baş naziri seçilir. Ancaq sentyabrda Asi Əli Zərdari prezident seçilir, baş nazir isə PXP-dən Yusif Rza Gilani seçilir. 2-12-13-cü illərdə isə bu postu Raca Pərviz Əşrəf 1 illik baş nazir seçilir. Nəhayət, 2013-cü ildə seçkilərdə qələbə qazanan Navaz Şərif ötən həftə yenə də səlahiyyət müddətini başa vurmadan postunu itirmiş oldu. Beləliklə, 70 illik müstəqillik tarixində Pakistanda bir müddəti tam olaraq sona qədər vəzifəsində qalan mülki baş nazir olmayıb. Ancaq sadəcə, hərbçilər, necə deyərlər, “şanslı” olublar, qiyam nəticəsində hakimiyyəti ələ alıb və bu postda 10 ilə yaxın qala biliblər.
Hindistanla 3 dəfə müharibə edən Pakistan hələ də mübahisəli ərazilər səbəbindən müharibə vəziyyətindədir. Ara-sıra iki ölkə arasında hərbi toqquşmalar baş verir. Bundan başqa, ölkə Əfqanıstanla böyük sərhədə malikdir, sovet-əfqan müharibəsi zamanı Qərb və ərəb ölkələri məhz Pakistan üzərindən Əfqanıstanda sovetlərə qarşı müharibəni təşkil edib. Ancaq daha sonra bu müharibənin acılarını Pakistan saysız-hesabsız radikal islamçı qruplar, "Əl-Qaidə", "Taliban" kimi radikal terror təşkilatları, ABŞ pilotsuz təyyarələrinin saysız-hesabsız hücumları nəticəsində ölən minlərlə günahsız insanlarla yaşamaqdadır. Məhz ölkənin bu vəziyyəti, xarici yardımlardan asılı olması onun daxili siyasətinə də təsir edir, ölkədə normal sabit siyasi sistem formalaşmır.(musavat)
Şərhlər