Çin dünya hegemonu olmaq istəyir – strateji planlar, gerçək iddialar
06.08.2017 11:28 Siyasi reaksiya 1685
Minillik tarixi qüdrətini bərpa edən Çin özünün hələlik ikinci də olsa iqtisadi qüdrətini möhkəmələndirmək və siyasi sisteminin möhkəmliyini təmin etmək üçün geniş proqram yürüdür.
Bununla bağlı Fransanın “Le Monde” qəzetinin Pekindəki müxbiri Bris Pedrolettinin “Yeni ipək yolları” adlı materiallar seriyası çərçivəsində yazdığı məqalə diqqəti cəlb edir.
Müəllif Çin Xalq Respublikasının sədri Si Tzinpinin qədim dövrlərin imperatorları kimi may ayında birinci “İpək yolu” sammitində 30-dan çox dövlətin rəhbərini qəbul etdiyini vurğulayır.
Yazıda Si Tzinpinin Çin Kommunist partiyasının baş katibi və ÇXR sədri olduğu müddətdə ingilscə “OBOR” (“One Belt and One Road “ -“Bir kəmər və bir yol”) adı verilən planetar miqyasda ekspansionist siyasət yürüdüldüyü bildrilir.
Bu strategiya bir tərəfdən Rusiya, Mərkəzi Asiya və Pakistandan Şərqi Avropaya keçən quru yollarından ibarət “quru iqtisadi kəməri”in, digər yandan isə Cənubi-Şərqi Asiyanin inkişaf etməkdə olan ölkələrini və Cənubi Amerikanı birləşdirən okeanlar vasitəsilə “dəniz ipək yolunun” qurulmasını nəzərdə tutur.
“Bu yeni ipək yolları hər şeydən öncə Çinin dünyada ABŞ-dan sonra ikinci olan iqtisadi qüdrətinə əsaslanır. Dünyanın bütün qitələrində ən az 65 dövlət burada iştirak etmək niyyətindədir. Bu siyahını hələ uzatmaq da mümkündür”, - jurnalist qeyd edir.
“Lakin iqtisadi məntiq həm də geopolitik və siyasi ambisiyalara da xidmət etməlidir. Asiyada Çin ABŞ-a meylli alyansların əhatəsindərir və onun hələ ki buna qarşı dayan bilmək gücü yoxdur”, - yazıda bildirilir.
“Bu səbəbdən “ipək yolları” planının əsas hədəfi əslində ABŞ-la strateji paritetin əldə olunmasıdır”, - Fransaının Honkonqda yerləşən “Müasir Çini araşdırma mərkəzi”nin eksperti, coğrafiyaşünas Sebastyan Kolen müəllifə rəyini bildirib.
Məqalədə Çini öz ticari fəthlərini hərbi gücünü, xüsusilə dəniz gücünü artırmaqla həyata keçirdiyi vurğulanır:
“Çin bu yaxınlarda özünün ikinci aviadaşıyıcısını dənizə buraxaraq və Cibutidə olmaqla xaricdə yerləşən ilk hərbi-dəniz bazasını açaraq böyük dəniz dövləti olmaq niyyətini ortaya qoydu. Belə bir potensial dayaq məntəqələri ekspertlər tərəfindən “mirvari muncuğu” olaraq təsvir edilir. Çinin dəniz limanlarını hərbi bazalara çevirmək niyyəti onun əzəli rəqibi Hindistan tərəfindən on illər bundan öncə ifşa edilmişdi”.
Yazıda Çinin Afrika siyasətinə xüsusi yer ayrılıb.
Müəllif 2017-ci ildə Çinin Afrikada, Mombasa-Nayrobi (Keniya) və Cibuti-Əddis-Əbəbə (Efiopiya) arası iki sürətli dəmir yol magistralını yenilədiyinə diqqət çəkərək adı çəkilən yolların hələ ingilis və fransızların müstəmləkə dövrlərindən qaldığını vurğulayır.
“Avropalılar da eyni cür hərəkət etmişdi. Öncə onlar xaricdə kommersiya agentliyi yaratdılar, daha sonra işğalı asanlaşdıracaq yolları tikməyə başladılar”, - məqalədə qeyd olunur.
“Çinin böyüyən qüdrətini siyasi rıçaqa da çevirməyi bacarır”, - müəllif yazır.
Pekin sərmayə və turistlərlə bağlı boykot və şantaj siyasətini Asiyanın qüdrətli ölkələrinə tətbiq edir. Yaponiya ölkədə nadir yer elementlərinin çıxarılmasından məhrum olunub, Cənubi Koreya isə ABŞ-ın HHM sistemlərini quraşdırılmasına icazə verdiyi üçün cəzalandırılıb,
Avropada Norveç sürgündə olan hüquq müdafiəşisi Lyu Syaobonun Nobel mükafatına layiq görülməsi səbəbindən Çinə mal ixrac etməkdən məhrum edilib.
Siyasi ekspertlər Çinin ambisiyalı planlarının yolunda ən böyük rəqibinin Hindistanın olduğunu vurğulayırlar.
Lakin Pekin Asiyada hegemonluq uğrunda əsas rəqibi ilə artıq diplomatiya dili ilə yox, hərbi jestlərlə danışmağa üstünlük verir.
Çinin Butanla sərhəddə Doklan yaylasına görə Hindistanla hərbi münaqişəni gözə alması bunu göstərir. Çin müdafiə naziri həmin yaylada olan Hindistan əsgərlərini ərazini dərhal tərk etməyə çağırıb, əks təqdirdə hərbi yola əl ata biləcəkləri ilə hədələyb. Qeyd edək ki, həmin əraziyə həm Çin, həm də Butan iddia edir. Hindistan isə öz strateji maraqları naminə Butanı müdafiə edir.
Çin qəzetləri Hindistana tez-tez 1962-ci ildə Aksay-Çin və Arunaşal-Pradeş sərhəd bölglərində Hindistanı ağır məğlubiyyətə uğratdıqlarını xatırladırlar.
Çinin qonşuları ilə silah dilində danışmağa keçməsi Pekinin gələcəkdə daha geniş miqyasda, həm də daha böyük oyunçularla (məsələn, ABŞ və Rusiya kimi-red.) eyni siyasəti yürüdəcəyini göstərir.
Şərhlər