Tehrandan 2 antitürk qərarı
12.08.2017 11:04 Siyasi reaksiya 1887
Din və qan qardaşımızdan etibarsız gediş;Konqresin İran və Rusiya əleyhinə sərt sanksiyaları cənub qonşumuzu da hərəkətə gətirdi və... yada dərhal Güney amili düşdü; Ruhaninin yeni hökumətdə azərbaycanlılara portfel verməməsi və parlamentdə türkdilli fraksiyanın ləğvinin səbəbi...
İranda ikinci dəfə ölkə prezidenti seçilən Həsən Ruhani formalaşdırdığı yeni hökumətdə bir etnik azərbaycanlıya belə, nazir portfeli verməyib. Məlumat onun andiçmə mərasimindən sonra üzə çıxıb. Bu, İran əhalisinin az qala, yarısını təşkil edən Azərbaycan türklərinə qarşı, yumşaq desək, etimadsızlığın daha bir təzahürü sayıla bilər.
Maraqlıdır ki, bundan bir neçə gün sonra - dünən məlum olub ki, İran parlamentində təsis edilmiş Türk Bölgələr Fraksiyası “türk sözünün yaratdığı həssaslıqlar” səbəbi ilə buraxılıb. Yəni ləğv olunub. Axar. az xəbər verir ki, bu barədə məlumatı Təbriz, Azərşəhr və Üskünün millət vəkili Şəhabəddin Bimiqdar deyib.
Onun sözlərinə görə, Türk Bölgələri Fraksiyasının canlandırılması istiqamətində ölkənin şimal-qərb əyalətlərinin millət vəkillərindən ibarət yeni fraksiya yaradılacaq. “Bilmirəm, ”türkdillilər" sözü parlamentdə necə həssaslıq yaradırsa, türkdilli fraksiyanın təşkilinə qarşı çıxırlar", - deyə o əlavə edib.
İran parlamentində ilk dəfə Türk Bölgələri Fraksiyası 2016-cı ilin oktyabrında təsis edilib. 100 deputatdan çox üzvü olan fraksiyanın türk bölgələrinin iqtisadi, məişət və təhsil problemlərini ortadan qaldırmaq hədəfi ilə yaradıldığı bildirilirdi.
İndi isə belə bəlli olur ki, sırf iqtisadi, məişət və təhsil problemləri ilə məşğul olan bir fraksiya da Tehranda qıcıq yaratmağa başlayıb. Gerçəkdənmi “türk”, “türkdilli” sözlərinə görə? Belədirsə, nədən bir il öncə fraksiya qıcıq yaratmırdı?
Burdaca qeyd edək ki, son vaxtlar İranda türk toplumuna qarşı həqarətedici yazılar və hücumlar da artıb. Yenə sual: görəsən niyə? Baş verənlər təsadüfmü, yoxsa?
***
Yəqin ki, yox. Suallara cavab axtarmaq üçün ən əvvəl İran ətrafında baş verən və cərəyan edən proseslərə diqqət eləmək lazım gəlir. Məsələ də ondadır ki, İranda Güney türkləri ilə bağlı verilən hər iki neqativ qərar ABŞ-ın İran, Rusiya və Şimali Koreya əleyhinə təzəcə qəbul elədiyi sanksiyalar qanunundan az sonraya təsadüf edir.
Məlumdur ki, Moskva kimi Tehran da uzun on illər qüvvədə olacaq bu qanuna qarşı bərk qəzəblidir. Həm də o səbəbə ki, həmin sanksiyalar paketinin daha bir hədəfi Rusiya və İranı daxildən zəiflətmək və daha sözəbaxan ölkəyə çevirməkdir. Rəsmi Tehran isə həmişə daxildəki türk amilindın ehtiyatlanıb.
Elə bir çox əcnəbi təhlilçilər də son zamanlar ABŞ-ın yeni administrasiyası (respublikaçılar) dönəmində İran daxili amillərin, o sırada Güney Azərbaycan faktorunun gündəmə daşına biləcəyi haqda proqnozlar səsləndirməyə başlayıblar.
Bu üzdən nə qədər “islahatçı” imici olsa da, Ruhani hökuməti də belə görünür, türk faktorundan “sığortalanmağa” və “ön tədbirlər” görməyə başlayıb. Belədirsə, o zaman yaxın zamanlarda İranda milli-mədəni fəallara qarşı repressiv addımların artacağını da proqnoz eləmək olar. Ruhaninin son prezident seçkiləri zamanı konstitusiyanın 15-ci maddəsinin (türk və digər dillərin daha fəal istifadəsini nəzərdə tutur) tətbiqi ilə bağlı güneylilərə verdiyi vəd də artıq unudulmuş sayıla bilər.
***
ABŞ-ın yeni sanksiyalarından söz düşmüşkən, bu sanksiyalar bütövlükdə Tehran-Bakı əlaqələri üçün də yeni sınaqlar, hətta diskomfort yarada bilər. Ona görə ki, Azərbaycan Güneydəki bu və digər repressiv hərəkətlərə rəğmən, həm İranla, həm də ABŞ-la tərəfdaş münasibətlər saxlayan ölkədir.
Bu gün İran-Azərbaycan iqtisadi-ticari əlaqələri yüksəliş dövrünmü yaşayır. Eyni zamanda kommunikasiya, humanitar, səhiyyə sahələri üzrə iki ölkə arasında bir sıra ortaq layihələr (Şimal-Cənub nəqliyyat dəhlizi, Naxçıvanı Bakı ilə birləşdirəcək dəmiryolu, Azərbaycanda dərman zavodlarının, Araz çayı üzərində SES tikintisi və s.) həyata keçməkdədir. Bu ortaq iş birliyindən sözsüz ki, İran da böyük mənfəətlər götürəcək və götürür.
Bu mənada Azərbaycan İran üçün də vazkeçilmız bir tərəfdaşa çevrilib yazsaq, yanılmarıq. Ancaq o da aydındır ki, Azərbaycan öz balanslı xarici siyasət kursuna sadiq qalaraq ABŞ-la tərəfdaşlıq əlaqələrini də heç bir halda zəiflətməyəcək - Bakı-Tehran əlaqələrinin hansı səviyyəsində olmasından asılı olmayaraq. Ona görə ki, Azərbaycanın müstəqil dövlət kimi varlıq qarantlarından biri məhz ABŞ-la, Qərblə əlaqələrə bağlıdır. Əks halda Rusiya və İran müstəqilliyimizə çoxdan son qoymuşdu.
Unutmayaq ki, SSRİ dağılandan sonra İran və Rusiya Azərbaycanın müstəqilliyini heç də Türkiyə, Pakistan kimi birinci sırada tanıyan dövlətlər olmayıb. Moskva və Tehranın Azərbaycan dövlətçiliyinə münasibətini onların Dağlıq Qarabağ məsələsində tutduğu mövqe ilə bir daha təsdiqlənir: hər iki ölkə işğalçının yanındadır. İran isə ermənilərə daim gizli rəğbət bəsləyib və bu gün də işğalçı üçün nəfəslik rolu oynamaqdadır, Qarabağ məsələsində Tehran rəsmiləri hətta ara-sıra sürüşkən, ikibaşlı bəyanatlar verirlər. Ötən ilin sonunda Ruhani İrəvana səfər də edib.
***
Sadalananlar rəğmən, Bakı komplementar xarici siyasət kursunu yəqin ki, davam etdirəcək. Ən azı, iona görə ki, İran və Rusiya ilə normal qonşuluq əlaqələri saxlamağı milli maraqlarımız diktə edir.
Reaksiya.az
Şərhlər