Dünyanın taleyi Bakıda həll olunur
08.09.2017 14:22 Siyasi reaksiya 1866
Azərbaycan yenidən böyük güclərin episentrində; NATO və Rusiya komandanları paytaxtımızda bir araya gəldilər; Azərbaycan daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi; prezident İlham Əliyev generallarla görüşdü; ölkəmizin getdikcə artan strateji önəmi həm də Qarabağ məsələsində psixoloji üstünlüyümüz deməkdir
Dünən günün birinci yarısında Azərbaycan üçün olduqca mühüm bir xəbər yayıldı. Xəbərdə bildirilirdi ki, NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin baş Qərargah rəisi, general Valeri Gerasimov Bakıda görüş keçirəcəklər. Rusiya KİV-lərinin məlumatına görə, bu barədə xəbər NATO-nun yaydığı kommünikedə yer alıb.
Məlumata görə, sentyabrın 7-nə nəzərdə tutulan görüş Rusiya-NATO əlaqələrinin dondurulmasından bəri ilk dəfə baş tutacaq. “NATO Hərbi komitəsinin sədri general Pyotr Pavel və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Valeri Gerasimov bu gün (dünən-red.) sentyabrın 7-də Bakıda görüşəcəklər” - kommünikedə qeyd olunurdu. NATO-dan o da bildirilirdi ki, bu görüş iki general arasında 2017-ci il martın 3-də reallaşan telefon danışığının davamı kimi nəzərdə tutulur.
APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumatda isə deyilirdi ki, Gerasimov-Pavel danışıqları zamanı beynəlxalq təhlükəsizliyin aktual məsələlərinə dair müzakirələr aparılacaq. Məlumatda Gerasimovun Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla görüşəcəyi də vurğulanırdı.
*****
Adətən qarşı duran yüksək çinli hərbçilərin görüş yeri və gündəliyi maksimum məxfi saxlanılır. Dünən də belə oldu. Ancaq kifayət qədər aydın idi ki, əsas müzakirə mövzusu Yaxın Şərq, Suriya və bir də son vaxtlar dünya gündəmini zəbt eləmiş Şimali Koreya mövzusu olacaq. Bəllidir ki, sonuncu məsələ hətta nüvə savaşının uzaqda olmadığı haqda bədbin proqnozlara yol açıb.
Xatırladaq ki, bu ilin fevralında general Valeri Gerasimov Bakıda ABŞ silahlı qüvvələri qərargah rəisləri komitəsinin sədri, general Danfordla da görüş keçirmişdi. Məkan kimi ilk dəfə Bakının seçildiyi həmin görüşdə bölgədə nüvə təhlükəsizliyi və Suriyada hərbi koordinasiya ilə bağlı məsələlər müzakirə olunmuşdu. Prezident İlham Əliyev hər iki generalla ayrı-ayrılıqda görüş keçirmişdi.
Dünən gözlənilən hadisəni də bu qəbildən görüşlər ənənəsinin pozitiv anlamda davamı kimi dəyərləndirmək olar - bir fərqlə ki, ötən müddətdə ABŞ-la Rusiya arasında münasibətlər daha gərgin fazaya keçib. Generalların bu dəfə də prezident İlham Əliyev səviyyəsində qəbul ediləcəyi gözlənilirdi...
*****
NATO və Rusiya komandanlarının Bakı görüşündə Azərbaycanla bağlı hansısa məsələnin müzakirəsi gözlənilməsə də, sözsüz ki, faktın özünün Azərbaycana dəxli var. Təbii ki, müsbət planda. Ən azı, o baxımdan ki, Azərbaycanın NATO və Rusiya üçün eyni dərəcədə önəmli bir məkan olduğunu ortaya çıxarır. Eyni zamanda bu, rəsmi Bakının balanslı siyasətinin - böyük güclərdən bərabər məsafədə dayanmaq xəttinin uğuru kimi qiymətləndirilə bilər. Bütün hallarda Bakı zirvəsi ölkəmizin strateji önəminin və ona etimadın təzahürü hesab olunmalıdır.
Beləcə, Azərbaycanın bir növ, “Şərqin İsveçrəsi” statusu bir qədər də möhkəmlənmiş oldu. Bu status sübhəsiz ki, əsas problemimiz olan Dağlıq Qarabağ məsələsinin həllində bizə Ermənistan qarşısında əlavə psixoloji üstünlüklər yaradacaq. Generalların ikinci Bakı zirvəsi Qarabağ problemi ilə bağlı Bakıya daha geniş manevr imkanları aça bilər.
Məsələn, ölkə prezidentinin özünün NATO və Rusiya komandanları ilə görüşündə işğal mövzusu da gündəmə gələ bilər. Yəni Azərbaycanın haqlı mövqeyinin dünyada daha effektli təbliği baxımından da belə yüksək səviyyəli təmaslar faydalıdır və ölkəmiz üçün yeni fürsətlər, unikal şanslar yaradır. Nəhayət, Azərbaycan haqda dünyada sabit, baş tutmuş dövlət imici bir az da möhkəmlənmiş olur.
*****
Yazı hazırlanarkən məlum oldu ki, dünən Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Azərbaycanda səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb (APA). Müdafiə Nazirliyindən verilən məlumata görə, N. Sadıkov Şimali Atlantika Alyansı ilə hərbi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək Azərbaycanla NATO arasında hərbi əməkdaşlıq, o cümlədən Silahlı Qüvvələrimizin müxtəlif proqramlar çərçivəsində fəaliyyəti, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan N.Sadıkov Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb. Alyansın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən Baş Qərargah rəisi NATO-nun bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində, NATO Hərbi Komitəsinin sədri P.Pavel Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlarda göstərdikləri peşəkarlığı yüksək qiymətləndirib. Azərbaycana səfər etməsindən məmnun olduğunu bildirən qonaq Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə ikitərəfli görüşün məhz Bakıda keçirilməsi üçün göstərilən səylərə və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
*****
Günün ikinci yarısında prezident İlham Əliyev V. Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə prezidentinin mətbuat xidməti məlumat yayıb. Valeri Gerasimovla qərbli həmkarları arasında Bakıda növbəti görüşün keçirilməsi üçün Azərbaycan tərəfinin məmnunluqla şərait yaratdığını vurğulayıb, qeyd edib ki, bu danışıqlar risklərin qarşısının alınması, qarşılıqlı etimadın möhkəmlənməsi işinə xidmət edir: “Biz qlobal miqyasda ümumi gərginliyin azaldılmasında maraqlıyıq və Bakıda artıq ikinci dəfədir ki, bu mühüm danışıqların keçirilməsindən məmnunluq hissi duyuruq”.
Prezident İlham Əliyev qeyd edib ki, bu danışıqlar həm Azərbaycana olan etimadın nümunəsi, eyni zamanda Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisidir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanla Rusiya arasında bütün digər sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq həyata keçirilir. Bu yaxınlarda keçirilən Beynəlxalq Ordu Oyunlarına toxunan dövlət başçısı Azərbaycanın da bu yarışların keçirildiyi məkana çevrildiyini vurğulayaraq qeyd edib ki, ölkəmiz bu tədbirlərə az bir zamanda qoşulmasına baxmayaraq, artıq fəal iştirakçıya çevrilib.
Ölkə başçısı dövlətlərimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib. Qeyd edib ki, bu səfər gündəlikdə duran məsələlərin və əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradır.
V.Gerasimov Rusiya ilə Azərbaycanın bütün sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahələrdə də uğurlu əməkdaşlıq həyata keçirdiyini deyib. O qeyd edib ki, ölkələrimiz arasında ənənəvi olaraq dostluq münasibətləri mövcuddur və Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır.
*****
“Bakıda keçirilən Gerasimov-Pavel görüşü oyun qaydalarının razılaşdırılması, gündəmdə olan məsələlərin müzakirəsi, bir-birinin mövqelərinin anlaşılması baxımından strateji məqsəd daşıyır”. Bu sözləri isə rusiyalı hərbi ekspert, “Komsomolskaya pravda” qəzetinin şərhçisi, istefada olan polkovnik Viktor Baranets APA-ya deyib.
“Bildiyiniz kimi, son zamanlar Rusiya-ABŞ, Rusiya-NATO münasibətləri dondurulmuş vəziyyətdədir. Bura təkcə diplomatik və siyasi deyil, həmçinin hərbi münasibətlər daxildir. Bu münasibətlər faktiki sovetlər dövründəkindən - soyuq müharibə vaxtındakından da pis vəziyyətdədir. Ona görə də Gerasimov və Pavelin Bakı görüşü bu baxımdan strateji məqsəd daşıyır” - Baranets vurğulayıb.
Onun sözlərinə görə, Bakı görüşündə çoxsaylı məsələlər müzakirə olunacaq: “Bunlar sözsüz ki, Rusiya-NATO münasibətləri, Şərqi Avropada NATO-nun hava hücumundan müdafiə sistemi yerləşdirməsi, Şimali Koreyanın nüvə problemi, ABŞ-ın Cənubi Koreyada hava hücumundan müdafiə sistemi yerləşdirməsi, Suriya münaqişəsi, Ukrayna böhranı, Rusiya-NATO, hərbi sahədə Rusiya-ABŞ əməkdaşlığı məsələləridir. Gündəmdəki məsələlər həddən artıq çoxdur”. Bu sırada o, Qarabağ məsələsinin də müzakirəsini istisna eləməyib.
Hərbi ekspert son vaxtlar Rusiya və ABŞ, Rusiya və NATO generallarının görüşlərinin məhz Bakıda keçirilməsi məsələsinə də toxunub. O, bu ilin əvvəlində Bakıda Rusiya və ABŞ baş qərargah rəislərinin görüşünün keçirildiyini xatırladaraq deyib: “Belə görüşlərin Azərbaycan paytaxtında keçilməsi bu qənaətə gəlməyə əsas verir ki, Bakı hərbi sahədə Rusiya-ABŞ və Rusiya-NATO münasibətlərinin yaxşılaşdırılması paytaxtına çevrilir. Bu, birinci məqamdır. İkinci məqam isə Bakının dünya miqyasında strateji mövqedə yerləşməsidir. Bu regionda həm Rusiyanın, həm də ABŞ-ın strateji maraqları var”.
Şərhlər