İsrail öz seçimini nə üçün Azərbaycanın üzərində saxlayıb?
08.09.2017 14:28 Siyasi reaksiya 2107
İsrail dövləti son illərdə çoxvektorlu xarici siyasət yürüdür. Bu siyasət, xüsusən beynəlxalq təşkilatlarda səsvermələr zamanı, eləcə də iqtisadi əlaqələrin inkişafı formatında İsrailə xeyli xarici siyasi dividend gətirir. İsrailin ABŞ ilə çox sıx müttəfiqlik münasibətləri, həmçinin hər iki Amerika qitəsində digər ölkələrin çoxu ilə kifayət qədər yaxşı əlaqələri var. İsrail həm Avropa ölkələri ilə, həm də Asiya ölkələri ilə sıx əməkdaşlıq edir. Lakin elə ölkələr var ki, İsrailin onlarla münasibətləri xüsusi strateji, müttəfiqlik xarakteri daşıyır. Belə ölkələr arasında Cənubi Qafqazın lideri Azərbaycanın adını çəkmək olar.
Bu gün artıq tarixi faktdır ki, Avrasiyada elə bir ölkə yoxdur ki, onun İsrail ilə strateji qarşılıqlı münasibətləri Azərbaycanın İsrail ilə münasibətlərindən daha sıx və daha dərin olsun. İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlərin 25 illik tarixi ərzində bu iki ölkənin və onların xalqlarının münasibətlərində çox pozitiv məqamlar yaranıb. Bu iki ölkə yəhudi dövləti ilə əhalisinin əksəriyyəti müsəlmanlar olan ölkə arasında qarşılıqlı münasibətlərin zəruriliyini və həyat qabiliyyətini sübut edib, göstəriblər ki, dost dövlətlərimiz həqiqi və sabit strateji tərəfdaşlar kimi çıxış edir, azərbaycanlılar və yəhudilər dinc yanaşı yaşamaqla bərabər həm də qarşılıqlı münasibətləri inkişaf etdirməyə və möhkəmləndirməyə qabildirlər.
Ölkələrimiz arasında əlaqələrin inkişafında və möhkəmlənməsində siyasi və iqtisadi maraqlar mühüm rol oynayır. Eyni zamanda mən tamamilə əminəm ki, Azərbaycan və yəhudi xalqları arasında insani münasibətlər İsrail ilə Azərbaycan arasında xüsusi körpü rolu oynayır.
Azərbaycanın və dünyadakı yəhudi icmalarının hüdudlarından kənarda bunu bilənlər nisbətən azdır ki, Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı tarixində yəhudi icması mühüm inteqrasiyaedici rol oynayıb. Bundan əlavə, bütün sovetlər dövründə və bugünkü müstəqil Azərbaycanda yəhudilər respublikanın elmi-intellektual, iqtisadi və siyasi həyatında ölçüyəgəlməz rol oynayıblar və bu gün də belədir.
Təkzibedilməz faktdır ki, bir sıra xalqlardan fərqli olaraq azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbilər kimi münasibət bəsləməyiblər. Yəhudi xalqı Azərbaycanda heç vaxt təqiblərə, təhqirlərə, alçaldılmağa, talanlara və antisemit hərəkətlərə məruz qalmayıb. Haçansa Azərbaycanda olmuş və burada yəhudilərin polis kordonundan keçmədən rahatca sinaqoqa getmələrini, şəhərdə öz milli geyimində, o cümlədən milli baş geyimində gəzmələrini görən hər bir yəhudi bunu təsdiq edə bilər. Təəssüf ki, Qərbin inkişaf etmiş ölkələrində yəhudilərin belə hərəkət etməsi təhlükəlidir. Eyni zamanda rəsmi Bakı başqa yerlərdə antisemitizm təzahürlərini dəfələrlə pisləyib və yenə pisləyir. Bu gün Azərbaycan bütün dünya birliyi üçün tolerantlıq və multikulturalizm nümunəsidir. Məhz bu səbəbdən, Azərbaycan mənşəli israillilər harada yaşamalarından asılı olmayaraq bu gün də Azərbaycanı sevməkdə davam edir, İsrail ilə Azərbaycan arasında geosiyasi, iqtisadi və humanitar əməkdaşlığın formalaşmasına kömək edirlər.
Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan eyni zamanda bir neçə başqa etnik və dini qrupların, o cümlədən qədim zərdüştilərin, xristian və yəhudi icmalarının vətənidir, burada onlara da eyni dərəcədə səmimi, dostcasına münasibət bəsləyirlər.
Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafında yəhudi icmasının rolunu dəfələrlə qeyd edib. Azərbaycan dövlətinin başçısının vurğuladığı kimi, Azərbaycan və yəhudi xalqları əsrlər boyu sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıb, ölkələrimiz arasında bu dostluq və qardaşlıq münasibətləri bu gün də davam edir. Azərbaycanın yəhudi icması ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə fəal kömək edir. Azərbaycanda yeddi sinaqoq var. Paytaxt Bakıda yəhudi məktəbləri də fəaliyyət göstərir.
Beləliklə, dözümlülük və multikulturalizm Azərbaycan cəmiyyətinin əsasını təşkil edir. Prezident İlham Əliyev dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa tərəfdar olmasına, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara hörmətlə yanaşmasına görə həm İsrail cəmiyyətinin, həm də dünyanın başqa dövlətlərindəki yəhudi icmasının əksər hissəsinin hörmətini qazanıb.
Azərbaycan hökuməti mütəmadi olaraq İsrailə çoxsaylı rəsmi nümayəndə heyətləri göndərir və öz növbəsində, İsrailin çoxsaylı nümayəndə heyətlərini Bakıda qəbul edir. Dünya bazarında Azərbaycan neftinin ən iri alıcısı olan İsrail ilə iqtisadi əlaqələrin dərinləşməkdə davam etməsini nəzərə alsaq, bu, çox düzgün və əlamətdar faktdır. İsrailli biznesmenlər də öz növbəsində Azərbaycan iqtisadiyyatına, onun kənd təsərrüfatına sərmayə qoyulmasına böyük maraq göstərirlər. İsrailin hərbi sənaye, telekommunikasiya, kənd təsərrüfatı və başqa sahələrdə yaratdığı müasir yüksək texnologiyalar Azərbaycana çox lazımdır.
2016-cı ilin dekabrında İsrail hökuməti başçısının Bakıya tarixi səfəri İsrail ilə Azərbaycan arasında strateji tərəfdaşlığa sübut oldu. Baş nazir Binyamin Netanyahunun Cənubi Qafqaz regionuna ilk dəfə rəsmi səfərə getməsi bir daha göstərdi ki, iki ölkə arasında siyasi-diplomatik dialoq ən yüksək etimad səviyyəsindədir, bu əlaqələrin iqtisadi tərkib hissəsi və ticarət dövriyyəsi daim artır.
25 il bundan əvvəl İsrail Cənubi Qafqazda Azərbaycana bel bağladı. Bu strateji seçimin bütün göstəricilər üzrə düz seçim olması açıq-aydın görünür. Heç də təhlükəsiz olmayan geosiyasi regionda yerləşən iki kiçik dövlətin bu əməkdaşlığının böyük gələcəyi var. Bu isə, əlbəttə, həm İsrailə, həm də Azərbaycana dost münasibət bəsləməyən üçüncü ölkələri narahat edir. Belə ölkələr nəyin bahasına olur-olsun, Azərbaycanla İsrailin qarşılıqlı münasibətlərinə xələl gətirməyə çalışırlar. İsrail müsəlman ölkəsi olan Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirir. Biz müsəlman ölkəsi ilə əməkdaşlığın modeli olan bu münasibətləri qorumalı və inkişaf etdirməliyik ki, hər hansı antiisrail və antiazərbaycan qüvvələr onlara ziyan vura bilməsin.
Lakin son vaxtlar İsraildəki erməni icmasının fəallaşması, həmçinin İsraildə bəzi təşkilat və qurumların Ermənistanla qarşılıqlı münasibətlərinin və əməkdaşlığının intensivləşməsi rəsmi Bakının narazılığına səbəb olur, ona görə ki, Azərbaycan İsraili özünün müttəfiqi, Ermənistanı isə İranın müttəfiqi hesab edir. Belə çıxır ki, rəsmi İsrail onun müttəfiqləri ilə münasibətlərin pisləşməsinə gətirib çıxaran dövlətlərlə sıx əlaqə saxlamamalıdır.
İsraildəki erməni lobbisinin bir sıra nümayəndələrinin köməyi ilə bəzi İsrail KİV-ləri bu yaxınlarda İsrail-Azərbaycan hərbi əməkdaşlığında “problemlər” barədə yalan informasiya yaymağa çalışdılar. Bir il bundan əvvəl biz Ermənistanda antiisrail isteriyasının və açıq-aşkar antisemitizmin real şahidi olduq. Hətta İsraildəki erməni icması Azərbaycan-İsrail tərəfdaşlığına qarşı təhrikçi etiraz nümayişləri keçirmişdi. “Armenian Report” saytı antisemit və antiisrail mövqeləri açıq təbliğ edir, hətta İsrail dövlətini məhv etməyə çağırır.
Sayt yazır: “Biz İranla, ərəblərin hərbiləşdirilmiş qruplaşmaları və İsrailə qarşı qətiyyətli mövqe tutan təşkilatlarla daha sıx əməkdaşlıq etməliyik. Bundan ötrü Ermənistan hökuməti Yaxın Şərqdə yaşayan, Hizbullah, “İslam cihadı”, “HƏMAS” kimi təşkilatlarla, xüsusən “İzəddin əl-Qəsəm briqadaları” ilə sıx əlaqələri olan erməniləri fəal cəlb etməlidir. Bizim Yaxın Şərqdəki diaspor təşkilatlarımız İsraili məhv edəcəklərinə söz verən bu təşkilatları maliyyələşdirməyə başlamalıdırlar”.
Fikrimcə, burada şərhə ehtiyac yoxdur...
Ermənistanın İsrail-Azərbaycan hərbi əməkdaşlığını tənqid etməsinə gəldikdə, vurğulamaq lazımdır ki, Azərbaycan və İsrail öz dostlarını və tərəfdaşlarını yalnız özləri seçir, bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsini özləri müəyyən edir. Axı, Azərbaycan onun ərazisinin 20 faizini üçüncü qüvvənin köməyi ilə işğal etmiş Ermənistandan nəyə görə onun ərazisində üçüncü dövlətin – Rusiya Federasiyasının hərbi bazalarının yerləşməsini və Rusiyanın Ermənistana hansı hərbi yardım göstərməsini soruşmur...
Heç kəs üçün gizli deyil ki, 1992-ci ilin fevralında Ermənistan Rusiyanın hərbi və maddi köməyindən, o cümlədən 366-cı motoatıcı alaydan real istifadə etməklə insanlıq əleyhinə amansız cinayətlərdən birini – Xocalı şəhərində Azərbaycanın dinc sakinlərinə qarşı qanlı soyqırım aktını törədib.
Xocalıda soyqırım aktının iştirakçılarının və ideoloqlarının indiyə qədər cəzasız qalması və beynəlxalq məhkəmə qarşısında dayanmaması ədalətsizlik və əxlaqsızlıqdır. Dünyada bu cür presedentlər praktiki olaraq yoxdur. Öz cinayətlərini gizlətməyə çalışan nasistlərdən fərqli olaraq, bəzi erməni ideoloqları, məsələn Ermənistan dövlətinin indiki başçısı Serj Sarkisyan Azərbaycanın dinc vətəndaşlarına qarşı cinayətkar faşist hərəkətləri ilə çox fəxr edir.
Müasir Almaniyadan fərqli olaraq Ermənistanda erməni faşistlərin adı ətrafında şəxsiyyətə pərəstiş yaradılır, onların adları meydanlara və küçələrə verilir, şərəfinə sikkələr zərb edilir, heykəllər qoyulur, onların həyat və fəaliyyəti barəsində filmlər çəkilir, onları milli qəhrəmanlar kimi tərifləyir və populyarlaşdırırlar. Yəhudi xalqı İkinci Dünya müharibəsi dövründə nasist vermaxtının erməni legionunun qəddarlığını və barbarlığını heç vaxt unutmayacaq. Bu tarixi faktdır ki, general Njdenin və Dronun başçılıq etdiyi erməni legionu yəhudilərə qarşı ölüm marşlarında və minlərlə yəhudinin məhv olunmasında iştirak edib. Bundan sonra müasir Ermənistanın rəhbərliyi belə cəlladların və barbarların, Hitlerin əlaltılarının populyarlaşdırılmasını necə izah edəcək?! Vurğulamaq lazımdır ki, bu qaniçən faşistlərin və antisemitlərin şəxsiyyətinə pərəstiş hansısa marginal siyasi qruplaşmaların qüvvəsi ilə həyata keçirilmir. Bu hərəkətlərin arxasında Ermənistan dövləti, daha dəqiq desək, müasir Ermənistan Respublikasının kriminal terrorçu rəhbərliyi dayanır. Bu isə bir daha onu təsdiq edir ki, onlar özlərini erməni faşist və antisemit Njdenin əsl varisləri hesab edirlər.
Buna əks nümunə kimi “Sadıqaşvili” ləqəbli azərbaycanlı kəşfiyyatçının (Həmzə Cümşüd oğlu Sadıqovun) qəhrəmanlığını göstərə bilərəm. Həmzə Sadıqov Stalinqrad ətrafında sovet hərbi kəşfiyyatının heyətində Hitlerin ən yaxın silahdaşı, xüsusi qəddarlığı ilə fərqlənən və yəhudiləri şəxsən məhv edən general İohann Fon Roddenburqu əsir götürüb. Hitlerin “bioloji bomba”sının atası adlandırılan, insan libaslı bir vəhşi olan Roddenburq həmin silahı məhz yəhudi uşaqları üzərində sınaqdan keçirirdi. Məhz yəhudi uşaqlarını xilas etmiş Həmzə Sadıqovun cəsurluğu və igidliyi sayəsində onlarca yəhudi ailəsi ölümün pəncəsindən qurtulub. Sadıqov özünün bu şücaəti və igidliyi ilə ona minnətdar olan nəsillərin ürəklərində özünə şücaət və ölməzlik abidəsi ucaldıb.
Azərbaycanda belə qəhrəmanlar çox olub, lakin Azərbaycan xalqının bir keyfiyyəti də təvazökarlıqdır, bu ölkədə görülmüş xeyirxah işlər barədə danışmağı xoşlamırlar. Ona görə də faşizmə qarşı mübarizə aparmış və yəhudi ailələrini xilas etmiş qəhrəman Sadıqovun adı dünyada o qədər də məlum deyil, Ermənistanda isə faşist və cəllad generallar Dronun və Njdenin şəxsiyyətinə pərəstiş təbliğ edilir.
Ermənistanda antisemit ermənilərin tərifinin göyə qaldırılması faktı ilə yanaşı, qatı antisemitizm, şovinizm və faşizm baş alıb gedir. Antisemitizm haqqında çox yazılıb, lakin Ermənistanda hökm sürən dərəcədə antisemitizmi az yerdə görmək mümkündür. Ermənistanda zorakılıqla assimilyasiya edilmiş yəhudilər müstəsna olmaqla demək olar ki, yəhudi qalmayıb. Onlardan biri – belə adlandırılan Ermənistan Yəhudi İcmasının başçısı Rimma Varjapetyandır. Bu adamın soyadı yuxarıda deyilənləri təsdiqləyir: hətta Ermənistan Yəhudi İcmasının başçısı da təqiblərdən və sıxışdırılacağından qorxaraq öz soyadını saxlamağa risk etməyib. Hərçənd ki, yəhudi ailələrində qadının rolu və statusu adətən yüksək olur, amma görünür, Ermənistanda bunu qoruyub saxlaya bilmirlər.
Ermənistanda yəhudilər üzərində mədəni zorakılıq indiyə qədər davam edir. Bu zorakılıq antisemit məzmunlu kitabların nəşr olunmasında, televiziyada antisemit ruhlu verilişlərin yayımlanmasında, habelə Yerevanda Holokost qurbanları memorialının dəfələrlə murdarlanmasında özünü göstərir. 2014-cü ilin iyun ayında Antidiffamasiya Liqasının keçirdiyi rəy sorğusu da yuxarıda deyilənləri təsdiq edir. Sorğu nəticəsində məlum olub ki, Ermənistanda antisemitizm səviyyəsi 58 faizdir. Bu, bütün Avropada üçüncü ən yüksək göstərici, postsovet məkanında və Şərqi Avropa ölkələri arasında isə ən yüksək göstəricidir. Beləliklə, Ermənistanın 2,2 milyon əhalisinin təxminən 1,3 milyonu antisemit əhval-ruhiyyəli insanlardır.
Ermənistanda antisemitizmin bu qədər yüksək səviyyəsini yalnız Yaxın Şərqdə İsrailə düşmən olan ərəb ölkələri ilə və yuxarıda qeyd edildiyi edildiyi kimi, Ermənistanın ən yaxın müttəfiqi olan İranla müqayisə etmək olar. Qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində indiki status-kvo İranı qane edir, çünki belə vəziyyətdə həm Ermənistana, həm də Azərbaycana siyasi və iqtisadi təsiri gücləndirmək imkanı artır.
Rəsmi Tehran bütün dünyada “binəsib və məzlum müsəlmanların müdafiəçisi” kimi çıxış edir, amma bu münaqişədə İran əhalisinin əksəriyyəti müsəlmanlar olan, onunla 600 kilometrlik sərhədi olan, ərazisinin 20 faizi xristian məzhəbli Ermənistan tərəfindən işğal edilmiş və bir milyon qaçqın müsəlman yaşayan Azərbaycana münasibətdə Ermənistanın tərəfindədir. Sual yaranır: bəs dini həmrəylik harada qaldı? Nə üçün istər İranın ruhani lideri Xameneyi, istərsə də prezident Həsən Ruhani qardaş Azərbaycanın ərazisinin 20 faizini işğal etmiş Ermənistanı, BMT Təhlükəsizlik Şurasının Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməyi tələb edən dörd qətnaməsini yerinə yetirməyən Ermənistanı pisləməyiblər? Onlar nə üçün Xocalı soyqırımını tanımayıblar? Bu yerdə lord Palmerstonun dahiyanə sözlərini xatırlamamaq mümkün deyil. O deyir: “Bizim nə daimi düşmənlərimiz var, nə də daimi dostlarımız, bizim yalnız daimi maraqlarımız var”. Təəssüf ki, bu gün bu sözlər beynəlxalq münasibətlərin sərt reallığıdır, Azərbaycan da bunu başa düşməli və dərk etməlidir.
Dünya yəhudilərini narahat edən problemlərlə - Ermənistanda antisemitizm problemləri ilə yanaşı, 1988-ci ildə erməni millətçiliyinin baş qaldırması nəticəsində 250.000 azərbaycanlı öz doğma yurdlarından qovuldu və bu məskənləri – 172 Azərbaycan qəsəbəsini, əhalisi qarışıq tərkibli olan 89 kəndi və Ermənistanın 6 şəhərini tərk etməyə məcbur oldu, 226 azərbaycanlı ermənilər tərəfindən öldürüldü.
Bu gün heç kəs üçün gizli deyil ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabaği və ona bitişik yeddi rayonu işğal etmiş təcavüzkar dövlətdir. Erməni işğalı və etnik təmizləmə nəticəsində bu gün Azərbaycanda bir milyon qaçqın yaşayır. Ermənistanla münaqişənin və Azərbaycan ərazilərinin işğal edilməsinin belə vəziyyəti Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə təhdid kimi qalmaqdadır. ABŞ-da və digər nüfuzlu ölkələrdə güclü təsirə malik olan erməni lobbisinə, habelə Rusiya tərəfindən daimi hərbi, iqtisadi və siyasi dəstəyə güvənən Ermənistan 20 ildən çox bundan əvvəl Azərbaycan torpaqlarının işğal edilməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə etinasız münasibətini davam etdirir.
İsrail Dövləti Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yalnız beynəlxalq hüquq normaları və dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində tənzimləməyə çağırır. Belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın ədalətli mövqeyinin Yaxın Şərqdə onun mühüm strateji tərəfdaşı olan İsrail dövləti tərəfindən dəstəklənməsi Azərbaycan Respublikası üçün son dərəcə zəruri və əhəmiyyətlidir.
Mənim fikrimcə, İsrail Cənubi Qafqazın lideri Azərbaycanla dostluq münasibətlərini həmişə yüksək qiymətləndirməli və inkişaf etdirməli, Azərbaycanın İsraildən uzaqlaşdırılmasına yol verməmək üçün hər hansı qüvvələrin bu münasibətlərə ziyan vurmasına imkan verməməlidir.
Mən fəxrlə qeyd edirəm ki, həm Azərbaycan rəhbərliyi, həm də Azərbaycan xalqı bu ölkənin dünyada analoqu olmayan yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərir. Azərbaycan Prezidentinin himayəsi altında iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Azərbaycanda yəhudi muzeyi yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq.
Soruşa bilərlər ki, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan kimi bir ölkə İsrail ilə bu qədər sıx dialoqa, əməkdaşlığı və tərəfdaşlığa necə nail olub? Bunu anlamaq üçün ölkənin dağlıq ərazisində yerləşən Quba rayonundakı yəhudi məskəninə - məşhur Qırmızı Qəsəbə nəzər salmaq kifayətdir. Azərbaycanın əsl qürur yeri olan Qırmızı Qəsəbə bütün dünyada İsraildən sonra dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə unikal məkandır.
Mən Qırmızı Qəsəbədə doğulmamışam, lakin bu yəhudi kəndi mənim üçün xüsusi mənəvi əhəmiyyət kəsb edir. Mən özümü bu ecazkar yerə bağlı hiss edirəm. Qırmızı Qəsəbədə olanda məndə elə duyğu yaranır ki, sanki İsraildə, yəhudi xalqı üçün doğma ev olan müqəddəs Yerusəlim şəhərində səyahət edirəm. Qırmızı Qəsəbədə dünən olduğu kimi bu gün də İsraildəki ilə eyni ab-hava hökm sürür. Azərbaycanda yaşayan yəhudilərin Şabat bayramının Qırmızı Qəsəbədə keçirməsi onlar üçün sanki öz doğma evinə qayıtmaq deməkdir – burada ayrı-seçkilik, talanlar, antisemitizm və sıxışdırma kimi hallardan əsər-əlamət yoxdur. Dəhşətli Holokost illərində Azərbaycan öz həyatlarını və uşaqlarının həyatlarını nasistlərdən xilas etmiş Avropa yəhudiləri üçün azsaylı sığınacaqlardan biri, sonra isə əsl Vətən olub. Mənim xalqımın nümayəndələri azərbaycanlılar tərəfindən öz doğmaları kimi qəbul edilib və onlar burada qalıb, sülh şəraitində xoşbəxt yaşayırlar. Bu iki xalq həmişə qardaş kimi yaşayıb. Bu, bizim evimizdir. Bu, Qırmızı Qəsəbədir. Bu, bizim Bakıdır. Bu, bizim Azərbaycandır.
Cənubi Qafqaz regionunda yəhudilər və müsəlmanlar əsrlər boyu dinc yanaşı və harmonik həyat sürürlər. Azərbaycan özünün tolerantlıq və inteqrasiya nümunəsi ilə dünyada mövcud olan bütün stereotipləri məhv edir. Azərbaycan nümunəsi göstərir ki, əsas dinlərin - iudaizm, xristianlıq və islam dinlərinin nümayəndələrinin qarşılıqlı hörmət əsasında harmonik inkişaf etmələri üçün bu cür dinc yanaşı yaşamaq mümkündür. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə və təcavüz nəticəsində ölkə ərazisinin 20 faizinin işğal edilməsinə, ölkədə bir milyon qaçqın və məcburi köçkün yaranmasına baxmayaraq, Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun əsl modelidir.
Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri, mənim dostum Milix Yevdayevin bu yaxınlarda dediyi kimi, Azərbaycanda yəhudilərin indiki gerçək həyatı yuxuya bənzəyir. Milix Yevdayev deyib: “Təsəvvür edin ki, müsəlman ölkəsinin hökuməti milyonlarla dollar xərcləyib yəhudi sakinlər üçün gözəl sinaqoq tikib, bu müsəlman ölkəsində yəhudini özünün ən böyük milli müharibə qəhrəmanlarından biri kimi alqışlayırlar. Azərbaycanda bizim yəhudilərin gerçək həyatı belədir”.
Mənim fikrimcə, perspektivdə bütün sahələrdə ikitərəfli münasibətlər daha da genişlənəcək və yüksələn xətt üzrə inkişaf edəcək, bu da beynəlxalq arenada hər iki dövlətə uğur gətirəcək.
Şərhlər