Ukraynada müəmmalı partlayışlar Bakı və Tiflisə siqnaldırmı?
28.09.2017 10:53 Siyasi reaksiya 1747
Rusiya separatçı hərəkatlara dəstək siyasətini cilalayır - Azərbaycana da ismarış; Ermənistanla labüd müharibə vəziyyətində olan ölkəmiz içindəki casus şəbəkəsinə qarşı indi xüsusilə diqqətli olmalıdır, çünki...
Rusiya ilə Ukrayna arasında Donbasdakı separatçılıq hərəkatına görə gərginlik davam edir. Nəinki davam edir, hətta günbəgün artır. Təmas zonasından gələn və getdikcə çoxalan hərbi toqquşma xəbərləri, hər iki tərəfdən artmaqda olan canlı itkilər buna bariz sübutdur.
Doğrudur, Rusiya bu qarşıdurmada özünün birbaşa iştirakını danır, konfliktin guya Donbasın rusdilli əhalisi ilə mərkəzi Kiyev hakimiyyəti arasında olduğunu iddia edir. Ancaq hamı bilir ki, Rusiya “Novorossiya” adlandırdığı Şərqi Ukraynada dağıdıcı separatizmin arxasında duran əsas qüvvə, ölkədir və bu qüvvə olmasa, qondarma Donetsk və Luiqansk respublikaları, Krım separatçıları bir həftə belə davam gətirə bilməzlər.
Eləcə də Moldovanın Dnestryanı bölgəsindəki, Gürcüstanın Abxaziya və Cənubi Osetiyadakı, Azərbaycanın isə Dağlıq Qarabağındakı separatçılar.
*****
Ukraynadakı separatçılıq hərəkatı isə Rusiya üçün məxsusi önəm daşıyır. Çünki Donbas münaqişəsi, faktiki, həm də Rusiya-ABŞ münaqişəsidir. O da bəllidir ki, ABŞ Rusiya təcavüzünə qarşı uğurlu dirəniş üçün Ukrayna ordusunu modernləşdirməklə məşğuldur. Vaşinqton Kiyevə yeni ölümcül silahlar verməyə də boyun olub və bu proses başlayıb (oxşar proses Gürcüstanda gedir).
Bütün bunları təbii ki, Rusiya rəhbərliyi də yaxşı görür və bilir ki, belə getsə, günün birində Ukraynanın yeni və modern ordusunun qarşısında heç Rusiya ordusu da davam gətirə bilməyəcək və Kiyev öz ərazi bütövlüyünü tam bərpa edəcək. O üzdən, deyəsən, Moskva Ukraynaya qarşı yeni təxribat planlarını işə salıb. Söhbət Ukraynaya məxsus iri silah-sursat anbarlarını hədəf almaqla Ukrayna ordusunun döyüş qabiliyyətini zəiflətmək cəhdlərindən gedir.
*****
Əfsus ki, bu yöndə Kreml agenturası və kəşfiyyatı artıq hiss ediləcək uğurlar əldə eləməkdədir. Belə ki, srağagün Ukraynada daha bir nəhəng sursat anbarı partladılıb. Xəbər verildiyi kimi, Vinnitsa vilayətinin Kalinovka şəhəri ətrafında yerləşən sursat anbarında baş vermiş yanğın və bunun nəticəsində müxtəlif tipli mərmilərin detonasiyası hələ də davam edir. Müdafiə Nazirliyinin həmin hərbi hissəsində 188 min ton (10 min şərti vaqon!!) sursat, o cümlədən “Smerç”, “Uraqan” və “Qrad” raketlərinin saxlanıldığı bildirilir.
Partlayış nəticəsində hadisə yerindən 50 kilometr radiusda hava məkanı bağlanıb, yaxınlıqda yaşayan 30 minə qədər insan evakuasiya edilib. 14 dəmiryol qatarının hərəkət marşrutu dəyişdirilib. Xəsarət alanlar var (virtualaz.org). Baş nazir Vladimir Qroysmana görə, yanğının səbəbləri ilə bağlı müxəlif versiyalar araşdırılır, lakin belə görünür ki, söhbət xarici amillərdən gedir.
“Bunu səlahiyyətli orqanlar şərh edəcək. Hazırda ən başlıcası insanların təhlükəsizliyinin qeydinə qalmaq və hadisənin nəticələrini sürətlə aradan qaldırmaqdır”, - deyə o qeyd edib. Qroysmanın sözlərinə görə, partlayışla bağlı bütün xidmətlər səfərbər olunub. Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili isə özünün facebook səhifəsindən bəyan edib ki, Kalinovka ətrafındakı sursat anbarının partladılması prezidenti Vladimir Putinin Pyotr Poroşenkonun ad gününə “ikiüzlü hədiyyəsi”dir.
“Putin bununla amerikalılara demək istəyir ki, Ukraynaya silah verməyə dəyməz, bu silahlar onun təhlükəsizliyini təmin etməyəcək. Məsələ bundadır ki, biz niyə ona Ukrayna üçün belə hədiyyələr hazırlamağa imkan veririk” - Saakaşvili tamamilə məntiqli sual edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da sursat anbarında baş vermiş partlayışın diversiya ola biləcəyini bəyan edib. Baş qərargah rəsmisi Boqdan Senik bildirib ki, bu versiya araşdırılır. Onun sözlərinə görə, sursat anbarı qapalı obyektdir və kənar şəxsin ora “elə-belə daxil olması” mümkün deyil.
Bu, Ukrayna ordusunun sursat anbarında son bir ildə törədilmiş üçüncü partlayışdır. May ayında Xarkov vilayətində Ukrayna ordusunun nəhəng sursat anbarı partladılıb və nəticədə silahlı qüvvələr sursat ehtiyatının az qala yarısından məhrum olub. Cəmi iki gün əvvəl Mariupol ətrafında sursat anbarı partlayıb. Və nəhayət, Vinnitsa ətrafında törədilmiş bu partlayış Ukrayna ordusunun döyüş qabiliyyətinə sarsıdıcı zərbə vurmuş olacaq.
*****
Xatırladaq ki, bu ilin avqustunda Azərbaycan ordusunun Xızıda yerləşən nəhəng sursat anbarında da yanğın və partlayışlar olmuşdu. Nəticədə müxtəlif tipli on minlərlə mərmi partlamış, yaxud partlamadan ətrafa səpələnmişdi. Bu hadisənin səbəbləri hələ də qaranlıq qalır. Bu da ən müxtəlif versiyaların yaşamaq haqqının qalması deməkdir.
İstisna deyil ki, bu da Bakıya şimaldan siqnaldır ki, Rusiyanın satelliti Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan da Kremlin strateji maraqlarına, o sırada Putinin Avrasiya layihələrinə laqeyd yanaşsa, ən əsası, Kremlin “dobrosu” olmadan öz ərazilərini qaytarmağa başlasa, “Ukrayna ssenarisi” Azərbaycana qarşı da tətbiq oluna bilər. Hər halda, bu, bir versiyadır və maksimum diqqətli olmalıyıq.
Bu yerdə 2017-ci ilin yazında Azərbaycanın işğal altındakı bölgəsində, həmsərhəd ərazilərimizdə düşmənə işləyən böyük casus şəbəkəsinin ifşa edilməsi faktını yada salmağa da dəyər. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev isə bugünlərdə açıqlama verdi ki, həmin casus şəbəkəsi ilə bağlı araşdırma hələ də davam edir.
Demək, “sapı özümüzdən olan baltalar”ın içimizdən milli və hərbi təhlükəsizliyimizə təhdidləri hələ tam aradan qalxmayıb. Bu şəbəkənin əsasən hansı ünvanlara bağlı olduğunu, Azərbaycanda ən çox hansı dövlətin xəfiyyəsinin güclü olduğunu isə yəqin ki, hamı bilir.
Onu da unutmayaq ki, Azərbaycan rusiyayönlü gizli-açıq “5-ci kolon”çuların fəal olduğu postsovet ölkələrdəndir. Bugünlərdə bir qrup xəyanətkarın “26-lar”ın qəbrini nümayişkaranə şəkildə ziyarət eləməsi də özlüyündə az şey demir və Azərbaycanda hələ də sovet (Rusiya) işğalı nostaljisi ilə yaşayanların varlığına dəlalət edir. ÜAK-ın ləğvi də Kremlin Azərbaycana münasibətdə əsla xoş məram daşıyıcısı olmadığının başqa bir təzahürüdür.
*****
Odur ki, təkcə hakimiyyət və onun güc strukturları, hüquq-mühafizə orqanları deyil, bütövlükdə cəmiyyətin də bundan sonra maksimum diqqətli və həssas olmasına gərək var. Azərbaycan öz müstəqilliyini elə-belə qazanmayıb və ya müstəqillik bizə elə belə hədiyyə edilməyib ki, onu elə-belə əldən verək.(musavat)
Reaksiya.az
Şərhlər