ABŞ - AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ: - ARTAN ƏMƏKDAŞLIQ, YOXSA YENİ GƏRGİNLİK OCAĞI?

28.09.2017 13:05     Siyasi reaksiya     2607

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta bu həftə Xaçmaz rayonunda olarkən belə bir açıqlama verdi: “Son vaxtlar ABŞ-Azərbaycan əlaqələrində irəliləyiş müşahidə olunmaqdadır. Hesab edirəm ki, son dövrlər ikitərəfli münasibətlərdə irəliləyiş, tərəqqi müşahidə olunmaqdadır”.

Robert Sekuta əlaqələrin inkişafına misal kimi neft müqaviləsinin müddəti uzadılmasını göstərdi. Bu müqavilədə ABŞ şirkətləri də yaxından iştrak edir. Səfir belə bir ifadə də işlətdi: “Bundan əlavə, iki ölkənin əməkdaşlıq edə biləcəyi bir sıra başqa sahələr var ki, biz o sahələri diqqətdə saxlayırıq, həmin istiqamətlərdə əlaqələrimizin inkişaf etdirilməsinə çalışırıq”.

Görəsən ABŞ-ın Azərbaycandakı səfiri əməkdaşlığın inkişafı üçün daha hansı sahələri nəzərdə tutur?

Robert Sekuta özündən əvvəlki səfirlər kimi ABŞ-la Azərbaycan arasındakı əməkdaşlığın hər zaman 4 istiqamətini göstərir. Bu istiqamətlər aşağıdakılardır:

1. Enerji sahəsindəki əməkdaşlıq.

2. Təhlükəsizlik sahəsindəki əməkdaşlıq.

3. İqtisadi sahədəki əməkdaşlıq.

4. İnsan haqları və demokratiya sahəsi

Robert Sekuta iki ölkə arasında birinci sahədəki əməkdaşlığı yüksək qiymətləndirir. Təhlükəsizlik sahəsindəki əməkdaşlığın ən böyük nümunəsi Əfqanıstandır. ABŞ-ın istəyi ilə Azərbaycan Əfqanıstanda sülhyaratma missiyasında iştirak edir. İqtisadi sahədəki əməkdaşlıqda iki ölkə arasında böyük ticari münasibətlər olmasa da, hər halda bu sahədəki münasibətlərdə problemlər də yoxdur.

İki ölkə arasındakı dialoqda yeganə sahə insan haqları və demokratiyanın inkişafıdır ki, münasibətlərdə problemlər qalmaqdadır. Dövlət Departamenti Azərbaycanda insan haqları və demokratiya sahəsindəki durumdan hər zamankı kimi narazıdır. Bəlkə də Robert Sekuta ”iki ölkənin əməkdaşlıq edə biləcəyi bir sıra başqa sahələr var ki, biz o sahələri diqqətdə saxlayırıq” fikrini söyləyərkən məhz bu sahəni nəzərdə tutub.

Eyni ilə rəsmi Bakının da ABŞ-a iradları var. ABŞ Konqresində Azərbaycan hakimiyyətinə qarşı növbəti qətnamə gündəmə gətirilməsi iki ölkə arasındakı münasibətlərdə istər-istəməz gərginlik yaradır. Digər tərəfdən Azərbaycanın siyasi və ictimai dairələrinə aydın deyil ki, Vaşinqton Azərbaycanı strateji tərəfdaş adlandırarkən niyə ABŞ Konqresi müxtəlif məqsədlərlə Dağlıq Qarabağ separatçılarına müxtəlif adlarla yardım ayırır və ya niyə amerikalı konqresmenlər işğal altındakı bölgələrə qeyri-qanunu səfərlər edirlər? Məsələn ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Frenk Pallone və Tulsi Qebrdin bir neçə gün əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər. Aydındır ki, Konqresdə erməni lobbisinin təsiri altında olan konqresmenlər var və Pallone onların ən parlaq nümayəndəsidir. Ancaq Pallone və digərləri işğal altındakı torpaqlara səfər etməklə ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirirlər və Dövlət Departamenti bu haqda onları bilgiləndirməlidir.

Buna baxmayaraq, ABŞ-Azərbaycan əməkdaşlığının alternativi yoxdur. Misal üçün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Cocuq Mərcanli kəndində iqtisadi inkişaf və icma bacarıqlarının artırılmasına dair proqram həyata keçirməyə başlayıb.

ABŞ-ın Cocuq Mərcanlıda fəaliyyətlərə qatılması USAİD-ın missiya rəhbəri Mikaela Meredisin kəndə səfərindən sonra mümkün olub. USAİD-ın işğaldan azad olunan Cocuq Mərcanlıda sosial proqram həyata keçirməsi Azərbaycan üçün olduqca vacibdir. Bundan iki mühüm nəticə çıxır:

Birincisi, USAİD-nin Cocuq Mərcanlıda sosial proqramlar həyata keçirməsi o deməkdir ki, ABŞ bu kəndin vaxtilə separatçılar tərəfindən işğal edildiyini və dağıdıldığı faktını təsdiq edir və indi kəndin yenidən qurulmasında iştirak edir.

İkincisi, USAİD-nin Cocuq Mərcanlıda sosial proqramlar həyata keçirməsi o deməkdir ki, gələcəkdə ABŞ işğaldan azad olunan digər torpaqlarda da sosial proqramların həyata keçirilməsində iştirak edəcək.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar