Paradoks: ermənilər hər cür separatizmə haqq verir, biz hamısına qarşıyıq
02.10.2017 13:06 Siyasi reaksiya 2166
Ermənilərin bir xəstəliyi var, dünyanın harasında, hansısa ölkənin bir vilayətində, mahalında separatizm hərəkatı başlayırsa, mütləq ona dəstək verirlər.
İstər Şərqi Timor olsun, istər Kürdüstan, istər Sudan, istər Kataloniya, lap sabah Kanadadakı Kvebek əyaləti, fərqi yoxdur, hansı bölgə metropoliyadan ayrılıb müstəqil dövlət yaratmaq istəyirsə, ermənilər dərhal ona qahmar çıxırlar.
Bizim uzaqgörən təhlilçilər, vətənpərvər politoloqlar, dərin düşünən siyasətçilər, bilgili ictimai-siyasi fəallar isə əksinə, mütləq müstəqil dövlət qurmaq istəyən bölgənin əleyhinə olurlar.
Ermənilərin separatçılara qahmar çıxmalarının öz motivi var, bizim separatizmə qarşı olmağımızın isə öz səbəbi var.
Ermənilərin mötivi ilə bizim səbəbimiz eynidir: Qarabağ məsələsi.
Məhz Qarabağdakı erməni separatizmi vadar edir ki, bizimkilər hər növ separatizmə, hansısa bölgənin müstəqil dövlət qurmaq niyyətinə qarşı olsun.
Ermənilər isə başqa bölgələrin müstəqil dövlət qurmaq ideyasının gerçəkləşməsini öz separatçı fəaliyyətləri üçün presedent, parlaq nümunə hesab edirlər.
Yoxsa ermənilər kimi daima korporotiv, merkantil maraqlarını güdən qövm dünyanın o başında hansısa bir bölgənin müstəqilliyi barədə düşünməz, ona etinasız yanaşardılar.
Elə Qarabağ məsələsi olmasa biz də Kataloniyanın müstəqilliyinə qarşı olmazdıq, hətta əksinə, “Barselona” futbol klubuna bəslədiyimiz kütləvi rəğbət üzündən Kataloniyanın müstəqillik qazanmasını istərdik.
Qarabağ məsələsi isə erməniləri və bizi hasarın müxtəlif tərəflərində durmağa və birmənalı mövqe tutmağa sövq edir.
Ancaq məsələ bu qədər bəsit deyil ki, hasarın əks tərəflərində duran ermənilər və biz dərhal haqlı durumda, mövqedə olaq.
Bu xüsusda ermənilərin canfəşanlığı əbəsdir, sepratizm yoluna baş vurmuş və suverenitet üçün bütün yollara əl atan, hər vasitəni məqbul sayan bölgələrin heç də hamısı haqlı deyil.
Eyni zamanda bizdə də yanlış stereotip var. Müstəqillik sevdasına düşən və separatçılıq hərəkatına başlayan hər bölgə heç də həmişə haqsız olmur.
Ermənilər milli müqəddəratlarını həll etmək istəyən milli azlıqların, bölgələrin “haqq işi”nə dəstək verərkən, bunu “DQR”-in tanınması üçün presedent hesab etsələr də, məsələ başqa cürdür.
Başqa xalqların öz müqəddəratlarını həll etməsi Qarabağ ermənilərini haqlı etmir. Çünki ermənilər öz müqəddəratlarını bir dəfə həll edib, Ermənistan dövlətini qurublar. Onların qondarma “DQR”-i müstəqil dövlət kimi tanıtdırmaq istəməsi “müqəddərat həll etmə” qrafasına girmir.
Ona qalsa, dünyanın harasında ermənilər kompakt yaşayırsa (Cavaxetiya, Stavropol, Kaliforniya və s.), orada “öz müqəddaratlarını həll etmək” istəyə bilərlər.
Bu baxımdan Qarabağ separatizmi ilə digər ölkələrdəki separatizm hərəkatlarını eyniləşdirmək olmaz.
Məsələn, Çində korun-korun yanmaqda olan bir Uyğurustan separatizmi var. Bu xalq dünyanın ən böyük xalqlarından biridir, sayları 300 milyondan çoxdur, amma milyard yarımlıq Çinin içində etnik azlıq sayılır və vaxtaşırı əzilir, repressiyaya məruz qalır. Çin dövləti elə bir əzici, neqativ milli siyasət yeridir ki, uyğurların müstəqil dövlət qurmaq haqqı yaranır.
Kataloniyanı götürək. Bu bölgənin xalqı artıq uzun illərdir ki, İspaniya ilə bir dövlətdə yaşamaq istəmir, öz əzəli torpaqlarında müstəqil dövlət qurmaq istəyir.
Katalonların sayı Avropada mövcud olan bir çox dövlətləri əhalisindən çoxdur. Hələ bu qitədə xeyli cırtdan dövlət də var. Necə olur ki, Lüksemburq, Andorra, San-Marino, Vatikan, Monako, Kosovo, Lixtenşteyn, Malta, Cəbəllütariq və s. ölkələr, bizim Sulutəpə, Hacıqabul boyda olan əyalətlər müstəqil dövlət ola bilir, amma katalonların belə bir haqqı yoxdur?
Bu mahalda yaşayan insanların hazırkı durumu göstərir ki, katalonların müstəqil dövlət qurmaq üçün haqqı, üstəlik potensialları və əzmləri var.
Ona görə də biz gərək dünyanın harasındasa baş qaldıran separatizm dalğasına qiymət verərkən, ikili standartda suçlanacağımızdan qorxmayaq, müstəqilliyi haqq edən xalqların qarşısında olmayaq.
Cin ayrı, şeytan ayrı. Biz dünyaya ermənilərin Qarabağ avantürasının “müqəddərat həll etmə” ideyası yox, torpaq anneksiya etmə hadisəsi olduğunu başa salmalıyıq. Zatən, bunun məhz elə olduğunu hər kəs başa düşür. Elə “DQR”-in indiyədək müstəqil dövlət kimi tanınmamasının kökündə də bu durur.(musavat)
Reaksiya.az
Şərhlər