ABŞ-ın yeni Qarabağ təklifi...
03.10.2017 12:11 Siyasi reaksiya 1745
ABŞ yenidən Cənubi Qafqazda aktivləşir.
Axar.az xəbər verir ki, bu iddia ilə “112 Ukrayna” saytı çıxış edib.
“ABŞ Senatı sentyabrın sonunda ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yeni köməkçisini təyin etdi. Əvvəllər bu vəzifəni icra edən Viktoriya Nulandı Ues Mitçel əvəz etdi. Nuland fəaliyyəti dövründə Rusiyanın beynəlxalq məsələlərdə aktiv tənqidçisi kimi tanınıb. Onun xələfi Ues Mitçeli isə Rusiya ilə bağlı Nulanddan daha sərt siyasətin tərəfdarı hesab edirlər. Mitçel Ukraynaya ölümcül silahların tədarükü ideyası və antirusiya sanksiyalarının sərtləşdirilməsini dəstəkləyir. Gözlənilir ki, məhz o, Rusiya aqressiyası təhdidinə qarşı Baltikyanı, Polşa və Finlandiya, eləcə də Ukraynaya yardımların edilməsinə çalışacaq.
Mitçel həmçinin rusiyayönlü qüvvələrin dəstəklənməsi səviyyəsinin aşağı salınmasına cəhd edəcək. Bu isə xüsusilə özünü Moldova Prezidenti İqor Dodon və Bolqarıstan Prezidenti Rumen Radevə münasibətdə büruzə verəcək. Mitçel ən çox diqqəti Viktor Orbanın baş nazir olduğu və açıq rusiyayönlü siyasət yürütdüyü Macarıstana ayıracaq”, – deyə məqalədə bildirilib.
Sayt həmçinin Mitçelin vəzifəsinin Avropa ilə məhdudlaşmayacağını bildirib:
“Mitçelin Cənubi Qafqazla bağlı xüsusi missiyası olacaq. Tillersonun yeni köməkçisi burada Azərbaycanı Amerikanın təsir zonasına qaytarmağa cəhd edəcək. Bunun üçün Azərbaycan boru kəmərləri sferası və Dağlıq Qarabağ məsələsində xüsusi təkliflər ediləcək”.
Qeyd edək ki, Mitçel Avropa Siyasətinin Analiz Mərkəzinin (CEPA) direktoru kimi də tanınır. Bu təşkilatın baş qərargahı Vaşinqton və Varşavada yerləşir. Mitçel Rusiyanın daimi təhdid olduğunu hesab edənlərdəndir. Özünün “Narahat sərhəd” kitabında Mitçel ABŞ üçün əsas təhdid kimi Rusiya, Çin və İranı göstərib. Onun fikrincə, ABŞ bu ölkələrin sərhədlərində güclü alyanslar yaradaraq, yeni strategiya formalaşdırmalıdır.
Şərhlər