İşğala məruz qalmış dövlətlər yeni məsləhətləşmələr aparıb
09.10.2017 12:27 Siyasi reaksiya 1653
Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın xarici işlər nazirləri Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın yaranmasının 20-ci ildönümü ilə əlaqədar görüş keçiriblər. Oktyabrın 8-i Tbilisidə baş tutan görüşdə 20 il ərzində görülən işlər, qarşıda duran vəzifələr, strateji planlar, təhlükəsizlik, dövlətlərin ərazi bütövlüyü, münaqişələrin həlli, enerji və infrastruktur layihələri, GUAM daxilində əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Toplantıda GUAM-la digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.
Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze tədbirdə GUAM-a üzv ölkələrin iqtisadi inkişafında, beynəlxalq nüfuzunun artmasında təşkilatın rolunu xüsusi qeyd edib. Nazir regional təhlükəsizlik, eləcə də Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərindən bəhs edib, irimiqyaslı enerji və infrastruktur layihələrinin region və Avropa ölkələri üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın üzv ölkələrin əməkdaşlığı üçün vacib platformaya çevrildiyini vurğulayıb. O deyib ki, GUAM üzv ölkələrin ərazisində münaqişələrin həlli məsələsində səylərin birləşdirilməsində vacib rol oynayır.
Nazir qeyd edib ki, üzv dövlətlər əlaqələri gücləndirmək üçün ilk növbədə müstəqilliklərini möhkəmləndirməli, məruz qaldıqları işğal faktından qurtulmalıdır: “GUAM-a üzv olan dörd ölkə demək olar ki, oxşar problemlərdən əziyyət çəkir. Bunun üçün də əməkdaşlıq daha da gücləndirilməlidir. Bu, üzv ölkələrin inkişafına və əhalisinin firavan həyatının təmin olunmasına gətirib çıxaracaq.
Azərbaycanın GUAM-a üzv dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı müvafiq bəyanatları var. Biz beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazi bütövlüyü çərçivəsində ölkələrin sərhədlərini tanıyırıq. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.
Ukraynanın xarici işlər naziri Pavel Klimkin, Moldovanın xarici işlər naziri Andrey Qalbur da çıxış edərək təşkilatın fəaliyyət prinsipləri və perspektivləri ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, GUAM regional təşkilat olaraq siyasi platformaya malikdir və üzv ölkələr bir çox məsələlərdə, xüsusilə də ərazi bütövlüyü məsələsində vahid mövqedən çıxış etməlidirlər.
AZƏRTAC-ın məlumatına görə, həmin gün nazirləri qəbul edən Gürcüstanın baş naziri Georgi Kvirikaşvili deyib ki, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın birgə əməkdaşlığı sayəsində regionda iqtisadi, siyasi, mədəni, turizm və digər sahələrdə əlaqələr əsaslı şəkildə inkişaf edib: “Gürcüstan bu əlaqələrin daha da inkişafında maraqlıdır və bunun üçün əlindən gələni etməyə hazırdır”.
Nazirlər prezident Georgi Margvelaşvilinin də qəbulunda olublar. Dövlət başçısı deyib: “GUAM formatında elə qətiyyətli addımlar atılmalıdır ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmlənsin və beynəlxalq arenada söz sahibi olaq. GUAM çərçivəsində elə addımlar atılmalıdır ki, Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın qarşılaşdıqları problemləri uğurla həll etmək mümkün olsun”.
Novator.az xatırladır ki, GUAM ölkələrinin hər biri işğala məruz qalıb. Azərbaycanın özünü müstəqil dövlət elan etmiş Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon 1990-cı illərin əvvəlindən erməni işğalı altındadır.
Gürcüstanın Abxaziya, Cənubi Osetiya bölgələri 1990-cı illərdən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanı hərbi təcavüzlə işğal edərək onları “müstəqil dövlət” kimi tanıyıb.
Moldovanın Dnestryanı bölgəsi 1990-cı illərin əvvəllərində ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub. O zamandan qondarma rejimi Rusiya ordusu qoruyur.
Ukrayna torpaqlarını isə 2014-cü ilin fevralında Rusiya işğal edib. Krım Muxtar Respublikası və Sevastopol şəhəri Rusiya Federasiyasına birləşdirilib, Donbas bölgəsində isə Moskvadan dəstək alan iki separatçı rejim qurulub.
GUAM 1997-ci ildə təsis olunub. Beynəlxalq regional təşkilatın təsis sənədində suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət prinsipləri yer alıb.
2006-cı ildə birlik əsasında Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM təsis olunub. GUAM-ın nizamnaməsinə görə, təşkilatın başlıca məqsədləri demokratik dəyərlərin bərqərar olunması, davamlı inkişafın təminatı, beynəlxalq və regional təhlükəsizliyin gücləndirilməsi, Avropaya inteqrasiyadır.
GUAM hesab edir ki, dövlətlərin ərazilərindəki münaqişələrin həlli yalnız suverenliyin qorunması, ərazi bütövlüyü və bu dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı əsasında həyata keçirilə bilər; dövlətlərin ərazisi hərbi işğal obyekti ola bilməz; separatizm və dezinteqrasiya perspektivsizdir; güc tətbiqi, etnik təmizləmə təcrübəsi və ərazi işğalı Avropa dəyərlərinə, sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsiplərinə ziddir.
Şərhlər