"Bakı-Tbilisi-Qars dəmir yolu dünyada ölkəmizin daha da güclənməsinə töhfə verir"
09.10.2017 14:35 Siyasi reaksiya 1579
Xəbər verdiyimiz kimi, bu gün Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Moderator.az bildirir ki, bu ilin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini deyən Prezident İlham Əliyev iqtisadi göstəricilərimizin müsbət olduğunu vurğuladı. Dövlətimizin başçısı ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz artdığını qeyd edərək, bunun son illərdə aparılan siyasətin nəticəsi olduğunu bildirdi. Qeyd etdi ki, bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb. Prezident İlham Əliyev vurğuladı ki, doqquz ayda Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub. “Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük”, - deyən dövlətimizin başçısı iqtisadi imkanlarımızın müstəqilliyimizin əsas şərtlərindən biri olduğunu bildirdi. Vurğuladı ki, 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız doqquz ayın ən uğurlu məsələlərindən biridir.
Prezident İlham Əliyev bu dövrdə yeni iş yerlərinin yaradılması prosesinin uğurla getdiyini, doqquz ayda 226 min yeni iş yerinin yaradıldığını bildirdi. Ötən dövrdə ölkədə əsas infrastruktur, o cümlədən yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələrin uğurla icra olunduğunu deyən dövlətimizin başçısı vurğuladı ki, bu cür tədbirlərin həyata keçirilməsi regionların uğurlu inkişafına və ölkəmizin ümumi iqtisadi tərəqqisinə təkan verir. Bu ilin ötən dövründə yeni məktəblər, tibb ocaqları tikilib və əsaslı təmir edilib. İlin əvvəlindən məcburi köçkünlərin sosial məsələlərinin həlli, onların mənzillə təmin edilmələri məsələsi də diqqət mərkəzində olub.
Cocuq Mərcanlının bərpasını və kənddə sosial infrastrukturun yaradılmasını tarixi hadisə adlandıran dövlətimizin başçısı 2017-ci ildə də məcburi köçkünlərin yeni mənzillərlə təmin ediləcəyini və bu layihənin gələn il də davam etdiriləcəyini bildirdi, indiyədək 250 mindən çox soydaşımızın dövlət tərəfindən mənzillərlə təmin olunduğunu qeyd etdi.
Prezident İlham Əliyev bildirdi ki, bu ilin doqquz ayında ölkəmizdə idman sahəsində böyük uğurlar qazanılıb, İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub.
Dövlətimizin başçısı 2017-ci ilin doqquz ayında beynəlxalq arenada mövqelərimizin möhkəmləndiyini, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını vurğuladı, bu dövrdə 14 dəfə xarici ölkələrə səfər etdiyini, 10-dan çox dövlət və hökumət başçısının isə ölkəmizə gəldiyini dedi və hər bir səfərin ölkəmiz üçün faydalı olduğunu vurğuladı.
Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bu məsələdə mövqeyimizin dəyişməz qaldığını, ərazi bütövlüyümüzün danışıqlar predmeti olmadığını bildirdi. Qeyd etdi ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Dövlətimizin başçısı onu da vurğuladı ki, Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilmədi.
Prezident İlham Əliyev dedi ki, bu ilin doqquz ayında ölkəmizin neft-qaz sektorunda əlamətdar hadisələr baş verib. Ötən ay “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Saziş imzalanıb, “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı işlər də uğurla gedir. Əsas məqsədin qeyri-neft sektorunun inkişafı olduğunu deyən dövlətimizin başçısı neftdən gələn gəlirlərin insan kapitalının inkişafına yönəldiyini diqqətə çatdırdı.
Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışının olacağını deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır və dünyada ölkəmizin mövqeyinin daha da güclənməsinə töhfə verir.
Dövlətimizin başçısı diqqətə çatdırdı ki, bu ilin doqquz ayında da ölkədə iqtisadi islahatlarla bağlı ciddi addımlar atılıb, sahibkarlara hərtərəfli şərait yaradılıb, Strateji Yol xəritələrinin inkişafı təmin edilib, investisiya təşviqi mexanizmi işə düşüb. İndiyədək 200-dən artıq investisiya təşviqi sənədi verilib ki, bunun da nəticəsində Azərbaycana özəl sektor tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib. Bununla yanaşı, ölkədə ixracın təşviqi mexanizmi işə düşüb.
Bu ilin Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacağını deyən Prezident İlham Əliyev bildirdi ki, 140 ölkə arasında rəqabətliliyi əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur.
Sonra təhsil naziri Mikayıl Cabbarov, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bu ilin doqquz ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzələrlə çıxış etdilər.
Müşavirəyə yekun vuran Prezident İlham Əliyev ilin sonunadək dövlət investisiya proqramında nəzərdə tutulmuş məsələlərin həllini tapacağını dedi. Prezident İlham Əliyev gələn ilin dövlət investisiya proqramı ilə bağlı təkliflər gəldiyini vurğuladı, ilin sonunadək gələn il üçün dövlət investisiya proqramının qəbul edilməsinin mümkünlüyünü bildirdi.
Ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı görülən işlərə, iş adamlarına verilən güzəştli kreditlərə toxunan dövlətimizin başçısı bildirdi ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilin sonunadək kreditləşməni təmin etməlidir.
Bu ilin doqquz ayında ölkədə yol infrastrukturu ilə bağlı çox mühüm layihələrin icra edildiyini vurğulayan Prezident İlham Əliyev dedi ki, bu layihələr bölgələrimizin turizm sektorunun inkişafına təkan verəcək. Gələn il daha çox kənd yolu inşa ediləcək. Bundan əlavə, bu il 150 min hektar torpağa suyun verilməsi nəzərdə tutulub. Gələn il 100 min hektara su verilməlidir ki, bu da kənd təsərrüfatının inkişafını təmin edəcək.
Prezident İlham Əliyev fermerlərin kənd təsərrüfatı texnikaları ilə təmin edilməsi istiqamətində də mühüm addımların atıldığını, bölgələrdə logistik mərkəzlərin tikildiyini, hazırda 400 hektardan çox sahədə yeni müasir istixana komplekslərinin salındığını bildirdi.
Bölgələrdə müasir sənaye zonalarının yaradıldığını da deyən dövlətimizin başçısı ölkəmizin ixrac potensialını təbliğ etmək üçün sərgilərdə, beynəlxalq tədbirlərdə fəal iştirak etməyin əhəmiyyətinə toxundu.
Prezident tikinti sektorunda canlanmanın olduğunu, hazırda paytaxtımızda 95 yaşayış binasının tikildiyini, yararsız vəziyyətdə olan binaların yerində müasir yaşayış komplekslərinin inşa olunduğunu dedi.
“ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı işlərin uğurla getdiyini deyən Prezident İlham Əliyev “ABAD mərkəz”lərin yaradılmasının əhəmiyyətinə də toxundu, turizm sahəsində sürətli inkişafın olduğunu bildirdi.
Azərbaycanda ictimai-siyasi vəziyyətin və iqtisadi inkişafın bir çox ölkələr üçün nümunə olduğunu deyən dövlətimizin başçısı bu ilin sonunadək və gələcək illərdə də ölkəmizin uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Şərhlər