Azay Quliyev ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək

10.10.2017 11:05     Siyasi reaksiya     1605

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qırğızıstan Respublikasında keçiriləcək prezident seçkilərini ATƏT-in seçki missiyasının xüsusi əlaqələndiricisi qismində müşahidə etmək üçün oktyabrın 10-dan bu ölkəyə səfər edir.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu il avqustun 9-da ATƏT-in sədri və Avstriyanın xarici işlər naziri Sebastian Kurts Azay Quliyevin Qırğızıstanda keçiriləcək prezident seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etməsi üçün onu ATƏT-in seçki missiyasının xüsusi əlaqələndiricisi vəzifəsinə təyin edib. Azay Quliyev Avropa Şurasının Parlament Assambleyasını, ATƏT-in Parlament Assambleyasını, Avropa Parlamentini və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edən 400-dən artıq beynəlxalq müşahidəçinin fəaliyyətini əlaqələndirəcək. O, səsvermə gününədək Qırğızıstanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, seçkilərdə iştirak edən namizədlər və siyasi partiyaların rəhbərləri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, seçkiqabağı vəziyyətlə ətraflı tanış olacaq. Oktyabrın 15-də isə deputatımız seçki məntəqələrində səsvermənin gedişini və səslərin hesablanması prosesini müşahidə edəcək.

Oktyabrın 16-da Azay Quliyev seçkilərin yekununa dair digər beynəlxalq təşkilatların iştirakı ilə mətbuat konfransı keçirəcək, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə ilkin rəyini açıqlayacaq.

Səfər oktyabrın 17-si yekunlaşacaq.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar