CENEVRƏ: KONSTRUKTİV GÖRÜŞ YOXSA HƏMSƏDRLƏRİN İMİTASİYASI?

16.10.2017 21:01     Siyasi reaksiya     1680

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili həmsədrlərin son bir ildəki ən böyük arzusu idi. Arzularını nəhayət ki, Cenevrədə reallaşdırdılar və görüşün nəticəsiylə bağlı yekun bəyanata belə bir cümlə əlavə etməyə nail oldular: “Görüş konstruktiv mühitdə keçdi”. Böyük ehtimalla həmsədrlər bəyanatın mətnini və bu cümləni görüşdən xeyli əvvəl tərəflərlə razılaşdırmağa çalışıblar. Əks halda heç bir belə görüş keçirməyə cəhd etməzdilər.

Görüş konstruktiv keçdi – nə deməkdir? Yəni prezidentlər görüşlərini davam etdirməyə razılaşdılar. Bu proses onsuz da davam edirdi. Prezidentlər ildə ən azı bir dəfə görüşürlər, ötən il hətta aprel döyüşlərindən sonra iki dəfə görüşdülər. Bəs nəticə nə oldu? Heç nə! Torpaqlar işğal altında qalmaqda davam edir, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etmək istəmir. Cenevrə görüşündən sonra da heç nə dəyişmədi.

Ortaq bəyanatda belə bir cümlə də var: “Prezidentlər təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar”. Bunun baş verməsi üçün yuxarıdakı şərt yerinə yetirilməlidir, yəni Ermənistan şifahi də olsa Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına hazırlıq ifadə etməlidir. Bu olmadıqca biz atəşkəsə niyə riayət etməliyik ki? “Təmas xətti boyunca gərginliyi azaltmaq”yolunda ən böyük addım o olardı ki, snayperlər və geniş məsafəli raket qurğuları təmas xəttindən geri çəkilərdi. Azərbaycan geri çəkirmi? Yox! Çünki masa üzərində sülhə razılaşmayan işğalçıya qarşı təzyiq davam etdirilməlidir!

Və nəhayət bəyanatın özü haqqında. Vaxtilə Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan və Ermənistan prezidentlərinə bu bəyanatdan dəfələrlə güclü sənədə imza atdırmışdı. Həmin sənəddə xeyli maddə var idi. Həmin sənəddəki müddəalar yerinə yetirildimi? Və ya həmin sənədi bu gün xatırlayan varmı? Eləcə də bu sənəd atəşkəsin növbəti pozuntusundan sonra yaddan çıxacaq. Həqiqi sülh sazişinin imzalanması üçün Ermənistana təzyiq edilməlir. Bu təzyiq yoxdursa, istənilən Ermənistan prezidenti sülh sazişinə, mərhələli həll planına imza atmayacaq.

Cenevrə görüşü heç olmazsa Dağlıq Qarabağdakı iki girovumuzun azad olunmasına şərait yaradardı və ya Ermənistan üzərinə öhdəlik götürərdi ki, işğal altındakı torpaqlarda bundan sonra tikinti aparmayacaq, fabrik inşa etməyəcək, köçürmə həyata keçirməyəcək. Bunlar olacaqsa Cenevrədəki görüşü tək elə buna görə müsbət adlandırmaq olacaq. Yaşayarıq, görərik...

Reaksiya.az

Şərhlər

Çox oxunanlar