İrəvanın Türkiyə və Azərbaycan xofu, NATO xiffəti
17.10.2017 11:50 Siyasi reaksiya 1703
İşğalçını dünyanın ən güclü hərbi alyansına üzvlük də xilas etməyəcək - “iki stul”da oturmağa çalışan Ermənistanın yüksək çinli rəsmisindən acı etiraflar; vitse-spiker: “Biz öz müdafiəmizi heç vaxt özümüz təmin edə bilməyəcəyik, Türkiyə və kiçik qardaşı Azərbaycan...”
Son vaxtlar Rusiya və Qərb arasında oynamağa, necə deyərlər, “iki stul”da oturmağa çalışan işğalçı Ermənistan Avropa Birliyi (AB) ilə gələn ay çərçivə sənədi imzalamağa hazırlaşır. Xəbər verildiyi kimi, artıq həmin sənədin mətni açıqlanıb. Belə mülahizələr səslənib ki, öncəkindən fərqli olaraq, AB ilə budəfəki anlaşma layihəsində Rusiyanı qıcıqlandıran bəndlər yoxdur.
Amma hətta belədirsə də, istənilən halda bu, İrəvanın Qərbə sarı yanğısının, ona satılmağa hazır olmasının və həvəsinin göstəricisi sayıla, “Rusiyanı sənə dəyişə bilərəm”in mesajı hesab oluna bilər.
Bəs Ermənistan lap tutaq, rusun qucağından çıxıb, Avropanın qucuna düşdü, bununla onun gözləntiləri doğrulacaqmı? Müstəqilliyi və suverenliyi artacaqmı, təhlükəsizliyi möhkəmlənəcəkmi? Dağlıq Qarabağı necə, ona verəcəklərmi? Saxta genosidə görə Türkiyəni daha möhkəm sıxacaqlarmı? Ən əsası, o halda Qərb, NATO Ermənistanı Rusiyadan qoruya biləcəkmi?
Qoyulan sualların heç birinə ermənilər üçün zəmanətli və pozitiv cavablar yoxdur. Yoxsa ki, onlar çoxdan Rusiyanı Qərbə satmışdılar. Bunu Ermənistan parlamentinin vitse-spikeri, erməni qırğılarından biri Eduard Şarmazanovun son açıqlamaları bir daha sübut edir.
*****
“Mənim söylədiklərim Ermənistanın təhlükəsizlik strategiyamızdan, hərbi doktrinasından və minimum son on illiklərin reallıqlarından qaynaqlanır. Ermənistan öz müdafiəsini özü təmin edə bilməz. Hətta NATO üzvü olan bəzi dövlətlər də öz təhlükəsizlikləri sarıdan narahatdır”. Musavat.com-un məlumatına görə, Şarmazanov bunu erməni nəşrinə açıqlamasında Rusiya ilə ortaq hərbi qruplaşma yaradılması məsələsinə münasibət bildirərkən deyib.
Ermənistanın Türkiyə və Azərbaycanın müxtəlif təhdidləri qarısında olduğunu bildirən vitse-spiker bu xüsusda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü tamamilə məntiqli saydığını söyləyib: “Şübhəsiz ki, biz təhlükəsizlik deyərkən yalnız silahla mübarizəni demirik, həm də zabit heyətinin təzədən hazırlanmasını, texniki təchizatı və münasib qiymətə hərbi texnikanın alınmasını nəzərdə tuturuq. Əgər bütün bu işləri özümüz gərə bilərdiksə, Rusiya hərbi bazası nəyimizə lazımdır? ”İsgəndər"ləri, “İqla”ları bəyəm biz istehsal edirik? Kimlər ki, deyir Ermənistan təkbaşına və bütünlüklə özünün mükəmməl müdafiəsini qura bilər, onlar ya xülyalara qapılıblar, ya da siyasi avantüra ilə məşğuldurlar. Onlara deyirəm, dəqiqləşdirin, “İsgəndər”lər, “İqla”lar bizə gərəkdir, ya yox?"
Şarmazanov ardınca Rusiya bazalarının həm Levon Ter-Petrosyanın, həm Robert Köçəryanın, həm də Serj Sərkisyanın prezidentliyi dönəmində məhz Ermənistanın təhlükəsizliyini təmin eləmək üçün onun ərazisində olmasına diqqət yönəldib. “Ancaq Ermənistan KTMT-də də olsa, NATO-da da, yenə o, mükəmməl təhlükəsizlik sisteminə malik olmayacaq. Ermənistan Rusiyaya görə KTMT üzvü olmayıb, Rusiyaya görə öz ərazisində Rusiya bazası saxlamır, sırf öz maraqlarına görə saxlayır. Müasir Türkiyə xüsusən də özünün indiki qeyri-müəyyən davranışlı prezidenti ilə və kiçik qardaşı Azərbaycanla bölgə üçün təhlükə kəsb edir”, - deyə vitse-spiker rəsmi İrəvanın Türkiyə və Azərbaycanla bağlı narahatlığını açıq şəkildə dilə gətirib.
*****
Bu açıqlamalar əlbəttə ki, ilk növbədə Ermənistan adlı simvolik dövlətin necə Rusiyanın girovuna çevrilməsinin acı etirafıdır. Eyni zamanda Türkiyə və Azərbaycan sarıdan işğalçı ölkədə rəsmi səviyyədə yaşanan xofun təzahürüdür. Erməni də olsa (əslində Şarmazanov yezidi kürdüdür), bunu o, düz deyir ki, Ermənistan hətta NATO-a daxil olsa belə, öz təhlükəsziliyini tam təmin edə bilməyəcək - hərçənd Ermənistanın Alyansa üzvlüyü üçün NATO üzvü Türkiyənın də razılığı lazımdır. Qardaş ölkə isə şərtsiz buna heç vaxt “hə” deməz. Şərtlər də bəlli - uydurma soyqırım iddiasından imtina və Qarabağ məsələsində konstruktiv mövqe.
Məsələ də bundadır ki, ermənilər əgər türklər sarıdan təlaşdan və xofdan, deməli, həm də Rusiya hərbi bazalarından və əhalisi aclıq çəkirkən silah-sursata milyonlar xərcləmək əzabından qurtulmaq istəyirlərsə, real yol məlum: nə qədər gec deyil, ən əvvəl Azərbaycana qarşı ərazi iddiasından imtina eləmək, iki xalq arasında - ermənilər və azərbaycanlılar arasında normal, insani ünsiyyətin bərpası qarşısında əsas əngəli götürmək, nəinki “barıt çəlləyi” üstündə (Metsamor AES) otura-otura, Azərbaycanı Bakının neft-qaz yataqlarını və kəmərlərini partlatmaqla hədələmək - hansını ki, başdanxarab erməni generalı Arkadio Ter-Tadevosyan dünən yenə dilə gətirib.
“Dağlıq Qarabağda müharibə birmənalı olmayacaq. Amma əgər Allah göstərməsin, müharibə başlasa, bizim xalqımız yaman günə düşəcək, Bakı nefti üstündə oturan Azərbaycan isə tamamilə yox olacaq” - Tadevosyanın növbəti sərsəmləmələrindəndir.
Guya indinin özündə erməni xalqı yaman gündə yox, yaxşı gündə imiş. Guya ildən-ilə daha sürətlə boşalan, xaricə ailəlikcə, kütləvi şəkildə köç edən Ermənistan və ermənilər deyilmiş? Metsamor AES də guya yerdə qalan bədbəxt ermənilərin ölkəsində - Naxçıvandakı hərbi obyektimizin cəmi 50 km-lik vurma məsafəsində deyilmiş.
Odur ki, seçim yaxınlaşır. Ermənistan rəhbərliyini deyirik. Erməni xalqının daha yaman günə düşməməsi üçün tək çıxış yolunu dedik.
Reaksiya.az
Şərhlər