Prezident İlham Əliyev: “BTQ bütün region üçün firavanlıq, sabitlik, inkişaf gətirəcək”

03.11.2017 14:50     Siyasi reaksiya     1946

“Asiyadan Avropaya və Avropadan Asiyaya bundan qısa yol yoxdur. Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu iqtisadi cəhətdən də çox cəlbedici etməkdir. Uzunmüddətli perspektivdə yüklərin həcmi artacaq. Əlbəttə, bu, böyük gəlir, iş yerləri və əməkdaşlıq deməkdir”.

Bunu Prezident  İlham Əliyev Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı zamanı “Euronews” televiziyasına müsahibəsində deyib.

“Bu, tarixi hadisədir. Bu yol qitələri, Avrasiyanı birləşdirir. Bu, Asiya ilə Avropa arasında ən qısa yoldur. Azərbaycan Türkiyə və Gürcüstan ilə birlikdə onun tikintisində çox fəal iştirak edib. Çox şadam ki, bu gün biz birlikdə tarixi hadisəni qeyd edirik: Türkiyə Prezidenti, gürcüstanlı, qazaxıstanlı, özbəkistanlı dostlarımız – baş nazirlər, Türkmənistandan, Tacikistandan nazirlər. Yəni, onların iştirakı bu layihənin nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu, ən qısa, ən etibarlı yoldur. Bu yol bütün region üçün firavanlıq, sabitlik, inkişaf gətirəcək”, - dövlət başçısı vurğulayıb.

Prezident bildirib ki, bu yolun iqtisadi cəhətdən böyük əhəmiyyəti var: “Bu yol boyunca yerləşən bütün ölkələr ondan istifadə edəcəklər. Çünki yenə də deyirəm, bu, ən qısa yoldur. Asiyadan Avropaya və Avropadan Asiyaya bundan qısa yol yoxdur. Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu, həmçinin iqtisadi cəhətdən çox cəlbedici etməkdir. Buna görə də biz bunun üzərində birlikdə işləyəcəyik.

Biz bu yolla, Azərbaycan ərazisi vasitəsilə yüklərin tədricən 17 milyon tona qədər artacağını gözləyirik. Uzunmüddətli perspektivdə yüklərin həcmi artacaq. Əlbəttə, bu, böyük gəlir, iş yerləri və əməkdaşlıq deməkdir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar