Qarabağ ətrafında əsəb savaşı - - işğal ortaqlarının ortaq oyunu?
20.11.2017 10:24 Siyasi reaksiya 2010
Nəticəsiz görüşlər, danışıqların davamlı imitasiyası təcavüzkara növbəti “aprel qulaqburması”nı qaçılmaz edir; türkiyəli politoloq: “Ankara və Moskva Qarabağ ixtilafının həllinə o vaxt birgə girişəcək ki...”
Ötən həftənin daha çox diqqət mərkəzində olan olayı Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşü oldu. Xəbər verildiyi kimi, 4 saatdan artıq çəkən görüşdə Dağlıq Qarabağ probleminə də toxunulub. Türkiyə lideri görüş ərəfəsi vədini tutub və həqiqətən də bu məsələni rusiyalı həmkarı ilə müzakirə edib.
Lakin o da bəllidir ki, Ərdoğan Putinin Dağlıq Qarabağ konfliktinin dinc həllinə bir elə ümidli olmadığını da deyib. Bunu o, münaqişə tərəfləri arasında anlaşmanın olmaması ilə bağlayıb. Ancaq burası çoxdan məlumdur ki, prezident V.Putin həqiqətən istəsə, münaqişənin dinc nizamlanmasına ciddi töhfə verə bilər. Necə olur ki, hərbi əməliyyatlar başlayan kimi (ötən ilin aprelində) Moskva dərhal hərəkətə keçir və Azərbaycan Ordusunun irəliləməsini dayandıra bilir, amma forpost Ermənistanın rəhbərliyinə təsir edə bilmir?
Bu, əlbəttə ki, inandırıcı deyil. O da inandırıcı deyil ki, Kremlin Dağlıq Qarabağ probleminin çözülməsində guya potensialı yetərli deyil. Daha doğru olar ki, Moskvanın məsələnin həllinə həvəsiz yanaşması, təkan vermək istəməməsi xüsusi qeyd edilsin. Analitiklər də bu qənaəti bölüşür.
*****
“Türkiyə prezidentinin Qarabağ məsələsi ilə bağlı son açıqlaması ondan xəbər verir ki, bu problem ciddi və hərtərəfli şəkildə müzakirə edilməli, yalnız bundan sonra gündəliyə çıxarılmalıdır. Ərdoğanın sözləri növbəti dəfə belə bir faktı təsdiqləyir ki, Dağlıq Qarabağ mövzusu başqa məsələlərdən ayrıca və müstəqil şəkildə müzakirə predmeti olmalıdır”.
Musavat.com-un məlumatına görə, bunu rusdilli Vesti.az saytına açıqlamasında türkiyəli politoloq, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Oktay deyib.
Ekspertin sözlərinə görə, bütün hallarda Dağlıq Qarabağ problemi Türkiyə və Rusiya arasında bütün problemlər yoluna qoyulduqdan sonra gündəmə oturacaq. “Ankara-Moskva münasibətlərində bu problemlər isə öz həllini ancaq qarşılıqlı etimad əsasında tapa bilər. Bütün bunlardan sonra isə Türkiyə və Rusiya Dağlıq Qarabağ ixtilafının həlli üçün hərəkətə keçəcək”, - deyə türkiyəli politoloq əlavə edib.
“Dağlıq Qarabağ probleminin həllinin yubanması bölgə dövlətləri üçün riski artırır”. Bu sözləri isə Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya ilə yaxınlaşması, hətta açıq danışıqlara getməsi özlüyündə müsbət hadisədir.
“Dağlıq Qarabağ probleminin həllinin yubanması bölgə dövlətləri üçün riski artırır. Bunu başa düşən Ankara və Moskvanın hazırkı fəallığı başa düşüləndir. Regionda bu il gözlənilən mühüm siyasi proseslərdən - Ermənistanın gələn ildən parlament idarəetmə sisteminə keçməsindən, eyni zamanda Rusiya və Azərbaycanda keçiriləcək seçkilərdən sonra mühüm irəliləyişlər istisna edilmir. Rusiya və ABŞ-la yanaşı, Türkiyənin, həmçinin İranın da prosesə qoşulması ümumi ab-havanı dəyişəcək və İrəvanı küncə sıxışdıracaq. Hesab edirəm ki, məsələnin yubadılması ilə bağlı Ermənistanın dağıdıcı fəaliyyətinin durdurulmasının zamanı çoxdan yetişib. Əks təqdirdə böyük güclər də çox yaxşı dərk edirlər ki, bu prosesi uzun müddət ”sülh çərçivəsində" saxlamaq mümkün deyil", - deyə politoloq vurğulayıb.
*****
Qeyd edək ki, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana səfəri başlayır. Səfərlə bağlı siyasi ekspertlər bir elə nikbin olmasalar da, Qarabağ məsələsi ətrafında yeni uzlaşma cəhdlərinin olmasını da istisna olunmur.
O sırada rusiyalı politoloq Qriqori Trofimçuk həm Lavrovun səfəri, həm də bütövlükdə Dağlıq Qarabağ konfliktinin mümkün həll perspektivi ilə bağlı 1 in.am erməni müsahibəsində bunları deyib: “Lavrovun səfəri zamanı bölgədəki situasiyanı dəyişdirəcək heç bir layihə olmayacaq. Əgər belə olsaydı, bu layihə çoxdan bəyan edilmişdi. Qarabağ konfliktinin həll planı və ya ”Lavrov planı" barədə danışıqlarda vacib olan bir məqam var. Rusiya danışıqları gizli aparmağa və ya 2014-cü ilə qədər edə bildiklərini açıq şəkildə etməyə cəhd edirsə, o zaman Ermənistanda ciddi daxili siyasi hadisələr baş verə bilər. Bu isə ümumilikdə Cənubi Qafqaz regionunun xəritəsini dəyişər. Biz təkcə Qarabağ problemini yox, həm də regional siyasətin hansı səviyyədə olmasını, Avrasiya siyasətini və Ermənistanın Avrasiya İttifaqının üzvü olmaqla bərabər, Avropa Birliyi ilə tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi üzərində iş aparması şəraitini də diqqətdə saxlamalıyıq. Məncə, təkcə Ermənistanda yox, həm də ondan kənarda müəyyən qüvvələr tapılacaq ki, yaranmış situasiyadan istifadə edərək, Ermənistandakı vəziyyəti destabilizasiya etsinlər. Mən yenə təkrar edirəm, 2014-cü ilə və ya 2016-cı ilin aprelinə qədər olan zaman çərçivəsində Rusiya Azərbaycan və Ermənistanla razılaşıb, belə bir layihə gerçəkləşdirə bilərdi, amma indi situasiya dəyişib. İstənilən Ermənistan hökuməti Qarabağın həlli ilə bağlı “Lavrov planı”nı təhdidin artması və Ermənistana hücum kimi dəyərləndirəcək. Əminəm ki, bir sıra müşahidəçilər Qarabağ konfliktini Madrid prinsiplərinə əsaslanan bu tip ideyalarla həll etmək istəyirlər. Lakin əsas məsələ bunun reallıqda nə nəticə verəcəyidir. Ermənistanın Qarabağla bağlı narahatlığı aprel savaşından sonra artıb. Ona görə ki, onun təhlükəsizliyi üçün heç bir zəmanət yoxdur".
*****
Rusiyalı ekspert əlbəttə ki, “barıtı” çox edib. Çünki Ermənistan Azərbaycanın qanuni torpaqlarını işğal altında saxlamaqda davam etdikcə, heç kim, ələlxüsus da Azərbaycan onun təhlükəsizliyinə heç vaxt zəmanət verməyəcək. Bu təbii və məntiqlidir, eyni zamanda beynəlxalq hüquqdan qaynaqlanan bir mövqedir. Yəni, işğalçı ölkənin taleyi öz əlindədir. İrəvan isə həm işğaldakı ərazilərin bir qarşını belə geri vermək istəmir, həm də sülhdən, ədalətli anlaşmadan dəm vurur.
Sözsüz ki, belə təxribatçı və destruktiv mövqedə o, məhz Rusiyaya arxayındır. Rusiya da öz növbəsində guya Ermənistan qarışa, Qərbə tərəf qaça bilər deyə, Ermənistana təsir eləmək istəmir, münaqişəni həllini uzadır. Əslində isə sırf öz oyununu oynayır, öz maraqlarını qoruyur. Daha dəqiqi, işğal ortaqları olan İrəvan və Kreml faktiki şəkildə həm də Bakıya qarşı oyun ortaqlarıdır.
Beləcə, Dağlıq Qarabağ məsələsi ətrafında yeni bir əsəb savaşı başlayıb. Bu savaş yəqin ki, yeni bir “aprel sindromu”, işğalçıya növbəti ağrılı qulaqburması verilənədək sürəcək - əgər ona kimi, sülh prosesində real dönüş olmasa. Müsbətə, təbii ki...
Şərhlər