Parisdən Bakıya qarşı de-marş - “Kremlin tulası” Fransada
21.11.2017 11:59 Siyasi reaksiya 2129
Azərbaycana qarşı “üçlü” ədalətsizlik; Dağlıq Qarabağdakı separatçı qurumun başçısı Bako Saakyan kriminal dəstəsi ilə birgə Fransada görüşlər keçirir, ianə toplayır; digər həmsədr dövlətin baş diplomatı Sergey Lavrov isə Qarabağ ixtilafı “unikaldır” deyir – bəs əslində “unikallıq” nədir?..
Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvan turnesi yəqin ki, hələ bir müddət də analitiklərin təhlil mövzusu olacaq. Xüsusən də iki paytaxtda keçirilən görüşlərin pərdəarxası ilə bağlı şərh və ehtimallar daha çox diqqət çəkəcək. Lavrov isə Bakıda “ipucu” ola biləcək bəzi mesajlar da verdi.
Məsələn, Rusiyanın baş diplomatı dedi ki, Moskva Azərbaycanı Avrasiya İqtisadi Birliyində görməkdən çox şad olardı. Yəni “5 rayon” qarşılığında məlum “3 şərt”dən birini, faktiki, xatırlatmış oldu.
“ABŞ-la Rusiya arasında münasibətlərin bəzi sahələrdə dalana dirənməsinə baxmayaraq, bu münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində əməkdaşlığa təsir etmir”. Bunu isə Rusiya XİN başçısı dünən Bakıda ADA Universitetində tələbələr və müəllim heyəti ilə görüşü zamanı deyib.
Lavrov onu da qeyd edib ki, Rusiya ABŞ və Fransa Qarabağ məsələsi ilə bağlı ümumi mövqeyə malikdir. Sitat: “Həmsədrlər, səfirlər nazirlərlə görüşürlər, mütəmadi regiona səfər edirlər. Ümid edirəm ki, prezidentlər arasında keçən ay keçirilən görüş münaqişənin həlli istiqamətində irəli addım atmağa kömək edəcək”.
Rusiya XİN rəhbəri Bakıdakı başqa bir açıqlamasında Dağlıq Qarabağ konfliktini “unikal” adlandırıb.
*****
Maraqlıdır ki, Lavrovun Bakı səfərindən cəmi bir neçə gün öncə ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza oxşar mövqe sərgiləmişdi. Bildirmişdi ki, “ABŞ və Rusiya Gürcüstan (Abxaziya və Cənubi Osetiya - red.) məsələsində diametral zidd mövqedə olsa da, Dağlıq Qarabağ və terror məsələlərində uğurla əməkdaşlıq edir”.
Yəni Lavrovun işarə elədiyi ortaq mövqe məsələsi. Sual yaranır: xeyir ola, nədən Gürcüstanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyən, Rusiyanı işğalçı adlandıran ABŞ Azərbaycana, Qarabağa, erməni işğalına gələndə Rusiya ilə mövqe ortağına çevrilir, problemin həll prinsiplərindən biri kimi “öz müqəddəratını təyinetmə hüququ”nu da xatırladır.
Yaxud belə bir fakt: prezident İlham Əliyev belə bir ifadə işlətmişdi ki, pərdəarxasında bizdən Dağlıq Qarabağın “müstəqilliyini” tanımağı tələb edirlər. Düzdür, ölkə başçısı ad çəkməmişdi. Amma şəksiz k, söhbət mövqe ortağı olan vasitəçi dövlətlərin hər birindən gedə bilər. Nədən Gürcüstan prezidentindən və ya baş nazirindən Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq tələb edilmir görəsən? (Rusiya onların müstəqilliyini artıq tanıyıb - lakin bu, ayrı mövzudur).
Axı Azərbaycanın tutaq ki, Gürcüstan kimi qərbyönlü siyasət yürüdüb-yürütməməsi, insan haqlarını pozub-pozmaması beynəlxalq hüququn tapdanmasına, 1 milyon azərbaycanlı köçkünün elementar haqqının qulaqardı edilməsinə əsas ola bilməz!
*****
Üç həmsədrin “ədalətli” və ortaq yanaşmasından söz düşmüşkən, Sergey Lavrov Bakı və İrəvanda səfərdə ikən, Dağlıq Qarabağdakı separatçı rejimin başçısı, Lavrovun millətindən olan Bako Saakyan da Fransada “səfər”dədir. Musavat.com-un məlumatına görə, erməni qaynaqları separatçının Paris səyahətini məhz belə adlandırıb.
Əsəblərinizi cilovlayıb bu sitata diqqət edin: “Arsax” respublikasının “prezidenti” (dırnaqlar bizimdir -red.) Bako Saakyanın başçılıq elədiyi nümayəndə heyəti noyabrın 19-da Fransa Respublikasına işgüzar səfərə gəlib. “DQR prezidenti”nin mətbuat xidmətinin məlumatına görə, elə həmin gün Bako Saakyan “Hayastan” ümumerməni fondunun təşkilatçılığı ilə fondun yerli əməkdaşları və ianə toplanışına cəlb olunan yeni könüllülərlə görüşüb".
Necədi? Qarabağ məsələsində həmsədr dövlətlərin “ümumi mövqeyi” göz deşirmi? Şübhəsiz. Yəqin ona da diqqət edildi ki, Saakyan Fransaya həm də pul dilənməyə gedib. Təbii ki, Ermənistanı özünə “kiçik bacı” sayan Fransa dövlətinin rüsxəti ilə.
Beləcə, “Kremlin tulası” ayaması daşıyan və Rusiya məxfi xidmətində çoxdan qeydiyyatda olduğu heç kəsə sirr olmayan Bako Saakyan əslində indi Moskva və Parisin ortaq “övladı”, ortaq projesi sayıla bilər. Nəzərə alsaq ki, başqa millətlərdən olan separatçıları öz ərazisinə buraxmayan, onlara sanksiya tətbiq edən ABŞ-ı da erməni separatçıları “su yolu”na döndəriblər, hətta Amerikanın bir-iki ştatı qondarma “DQR”-in “müstəqilliyini” tanıyıb, o zaman Saakyanı “üçlü ortaq proje” adlandırmaq daha doğru olar.
*****
Bu da sizə vasitəçi dövlətlərin ədaləti. O ki qaldı Rusiya baş diplomatının iddia elədiyi kimi, Qarabağ məsələsinin “unikallığı”na (ABŞ və Fransa da təxminən eyni mövqeyi bölüşür), heç şübhəsiz, bu, ən əvvəl üç vasitəçi güc üçün bir bəhanədir ki, Azərbaycanın beynəlxalq hüquqdan doğan haqqı çeynənsin, işğalçı görməzlikdən gəlsin. Faktlar ortada. Azərbaycan türməsinin darıxdığı Saakyanın növbəti dəfə Fransada şellənməsi, rahat şəkildə separatçı rejim üçün, onun quldur birləşmələri üçün vəsait toplaması onlardan yalnız növbəti birisidir, yenisidir.
Söz düşmüşkən, vaxtilə “Dağlıq Qarabağda hərbi əməliyyatlar Azərbaycanın daxili işi deyil” deyən Lavrov həm də bu “unikallıqdan” çıxış eləmişdi. Halbuki heç bir unikallıq-filan yoxdur. Söhbət, sadəcə, bir ölkənin digər ölkəyə - qonşusuna qarşı ərazi iddiasından qaynaqlanan və BMT qətnamələri, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları ilə təsbitlənmiş təcavüz faktından gedir.
Bunun nəyi unikallıqdır ki?
Reaksiya.az
Şərhlər