İrəvanda Türkiyə xofu
22.11.2017 12:17 Siyasi reaksiya 2267
Aleksandr Proxanov: “Ermənistanda qorxu var ki...”; Sergey Lavrovun Bakı və İrəvan səfərlərində ermənilərə verdiyi əsas mesaj; konflikt ətrafında vəziyyət yeni aprel müharibəsinə aparacaq, əgər...
Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana səfəri başa çatdı. Maraqlıdır ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan onu birbaşa hava limanında qarşıladı və iki erməni sanki illərin həsrətliləri kimi möhkəmcə qucaqlaşdı, faktiki şəkildə bir-birinə sarıldılar. İrəvana ayaq basan kimi, Lavrov üstəlik, dərhal saxta soyqırım abidəsini ziyarət edərək, ora gül-çiçək qoydu. Amma Bakıda olanda onun yadına Şəhidlər Xiyabanı düşməmişdi. Erməni ki erməni.
Əlbəttə ki, səfərin qrafikindəki belə təzadlı keyfiyyət fərqinə diqqət yetirməmək də olardı, əgər erməni əsilli Lavrov (Kalantarov) Rusiya kimi böyük bir dövlətin xarici siyasət idarəsinin başında durmasaydı və üstəgəl, Dağlıq Qarabağ məsələsində bizə özünü ədalətli münsif qismində sırımağa çalışmasaydı. Hələ onu demirik ki, o, Rusiyadakı anti-Azərbaycan çevrələrinin başında dayanan aparıcı şəxslərdən və moderatorlardan biri sayılır.
*****
Lavrovun İrəvan ziyarətinə gəlincə, Rusiya XİN başçısı gözlənildiyi kimi, digər erməni nazir Edvard Nalbəndyanla görüş və mətbuat konfransı keçirib. Lavrov-Nalbəndyan təması mətbuat üçün qapalı keçirilib. Dağlıq Qarabağ məsələsinin nizamlanması da daxil olmaqla, regional təhlükəsizlik məsələlərini müzakirə edilib. “Bu çətin problemdir və bizim apardığımız danışıqların bütüm nəticələri də göstərir ki, danışıqlar belə tezliklə yekunlaşmayacaq”.
Musavat.com-un məlumata görə, bu sözləri Lavrov Nalbəndyanla birgə keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin onların Cenevrə görüşünün nəticələri haqda pozitiv reaksiyaları faydalıdır. “Moskva Paris və Vaşinqtonla birgə Dağlıq Qarabağ nizamlanması ətrafında situasiyanı analiz edəcək”, - deyə Rusiya XİN başçısı əlavə edib.
Prezident Putinun son Soçi görüşündə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana dediyi məlum sözlərin ardınca bu açıqlamalar əslində rəsmi Moskvanın münaqişənin həllinə yanaşmasını ortaya qoyur - Moskva tələsməyə, daha dəqiqi, ərazilərin heç olmasa, bir qisminin qeyd-şərtsiz azad edilməsi üçün satellit Ermənistana təzyiq eləməyə hazırlaşmır. Yaxud buna Bakı üçün ağır şərtlər qarşılığında gedə biləcəyinə işarə edir. Lavrovun bölgə səfəri zamanı ermənilərə ünvanlı əsas ismarış da, bizcə, budur.
*****
Hərçənd rusiyalı tanınmış yazıçı-publisist və ictimai xadim, Kremlin ideoloqlarından hesab olunan Aleksandr Proxanov Rusiya XİN rəhbərinin Bakı və İrəvana ziyarətini müsbət hadisə sayır. Musavat.com-un məlumatına görə, bu barədə o, “Moskva-Baku” portalına danışarkən deyib.
“Bildiyiniz kimi, ötən yay Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Bakıda olmuşam, Dağlıq Qarabağ konfliktinə Azərbaycanın baxışını başa düşmüşəm. Bundan sonra mən erməni hərbçilərinin təmsilçiləri ilə görüşüb onların nöqteyi-nəzərini öyrəndim. Bizim yadımızdadır ki, 2016-cı ilin aprel hadisələri zamanı Azərbaycan ərazilərin bir qismini geri qaytara bilib, strateji Lələtəpə yüksəkliyini tutub” - yazıçı söyləyib.
Proxanovun sözlərinə görə, bu gün elə bir situasiya yaranıb ki, Ermənistan Dağlıq Qarabağ ətrafında bir neçə rayonu qaytarmağa hazırdır. “Ancaq Ermənistanda qorxu var ki, həmin rayonlar geri veriləndən sonra hərbi status-kvo pozulacaq və Azərbaycan qaytarılmış ərazilərdə hərbi obyektlər yaradacaq”, - deyə o qeyd edib.
“Rusiya - hansı ki, onun üçün bu regionda sülh çox vacibdir, - onda maraqlıdır ki, kövrək sabitlik içində olan bölgə partlayış həddinə gəlməsin və konflikt bacardıqca tez bitsin. Rusiya vasitəçi olaraq, əlindən gələni edir və edəcək ki, Azərbaycanın və Ermənistanın mövqelərini yaxınlaşdırsın. Lavrovun Bakı və İrəvana səfəri də bunu deyir. Rusiya nizamlamaya hədəflənib. Bugünkü fakt ki, Ermənistan rayonları geri verməyə hazırdır - böyük irəliləyişdir”.
Kremlin ideoloqu tezliklə Qarabağa gedəcəyinin anonsunu da verib: “Yaxın vaxtlarda mən Bakıya və Dağlıq Qarabağ konflikti ərazisinə səfər edəcəyəm ki, orada iclas keçirəm, münaqişənin mahiyyətini tədqiq edəm. Bizim üçün bu dəqiqə əsas məsələ - Rusiya və Azərbaycan intellektuallarının dəyirmi masasını keçirməkdir - özü də hələ ki güllə səsləri gələn və təhlükə olan rayonlarda. Biz orada Dağlıq Qarabağ problemini həll eləmək istəyirik”.
*****
Əlbəttə ki, xoş məram ayrı şeydir, reallıq - ayrı. Düşmən tərəfin bir neçə rayonu qaytarmağa hazır olmasına gəlincə, çətin ki, gələn ilin aprelində “kreslo dəyişikliyi”nə hazırlaşan və faktiki, Rusiyanın buna “dobro”sunu almış Serj Sərkisyan Qarabağ məsələsində özü üçün bataqlıq effekti verəcək güclü tərpənişə imza atsın. Bu mənada ən azından Ermənistan rəhbərliyinin gələn ilin yazına kimi prosesi uzadacağı şəksizdir. Bu isə artan müharibə riski deməkdir. Ayrı sözlə, düşmən tərəf faktiki, növbəti aprel sindromunu yaxınlaşdırır.
Beləliklə, Lavrovun səfəri Qarabağ məsələsində hansısa irəliləyişə nədən olmasa da, Azərbaycanın və Rusiyanın konfliktin həllinə baxış bucağına yeni bir işıq salmış oldu. Hətta Türkiyənin konfliktin nizamlanmasında artan rolunu təsbit elədi. O Türkiyə ki, hazırda Rusiya ilə yaxınlaşmaq fonunda NATO ilə münasibətlərdə də bir gərginlik yaşanır. Belə görünür, bu gərginlikdən tək Qərb yox, ermənilər də təlaş keçirir.
Bu xüsusda erməni şərhçi Sarkis Arsruninin 1 in.am saytındakı yazısında sitat diqqət çəkir. Musavat.com onu təqdim edir: “Türkiyə və Azərbaycanın Qərb strukturları ilə problemlərinə sevinmək lazım deyil. Çünki bu kimi faktlar yalnız Ermənistan üçün təhdidlərin artması anlamına gəlir. Nədən ki, o zaman Bakı və Ankaranın davranışı daha az proqnoza yatımlı olacaq və regionda Rusiya-Türkiyə-Azərbaycan oxunun yaranma ehtimalı artacaq. Türkiyə bölgədə potensialı və ambisiyaları olan dövlətdir və əgər bu ambisiyalar Qərbdə reallaşmırsa, o zaman Ankaranın nəzəri Şərqə yönəlir - özünün burdan çıxan nəticələri ilə birgə. Ermənistanın təhlükəsizliyinə zəmanəti burdakı Rusiya hərbi bazasında yox, Türkiyənin NATO və ABŞ-la tərəfdaş əlaqələrində axtarmaq lazımdır. NATO-dan kənar Türkiyə təhlükəli və proqnoz edilməyən qonşu olacaq, üstəlik də proqnoz edilməyən başqa bir ölkə ilə - Rusiya ilə sıx əməkdaşlıq rejimində. Bu isə sevinmək üçün yox, təlaşlanmaq üçün əsasdır - həm də böhranlı türk-erməni münasibətləri fonunda”.
Necə deyərlər, izafi şərhə lüzum qalmır.
Reaksiya.az
Şərhlər