“QHT-lərə lazımı qədər maliyyə ayırmasaq, boşluqları kənar qüvvələr doldurmağa çalışacaq” - Azay Quliyev
22.11.2017 17:40 Siyasi reaksiya 2028
“Hər QHT-yə il ərzində cəmi 1000-1300 manat vəsait düşür, bu məbləğlə onların fəaliyyətinə necə dəstək vermək olar?”
Reaksiya.az xəbər verir ki, Parlamentin noyabrın 22-də keçirilən iclasında millət vəkili, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bir sıra vacib məsələlər toxunub. O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan vəsaitin məbləğinin artırılmasının zəruriliyini vurğulayıb.
Sitat: “2018-ci ilin büdcə layihəsinə qiymət versək asanlıqla deyə bilərik ki, cənab Prezident İlham Əliyevin atdığı cəsarətli addımlar, qəbul etdiyi təxirəsalınmaz qərarlar və həyata keçirdiyi islahatlar öz bəhrəsini verdi. Hökumət qarşımızda duran ən çətin vəzifənin öhdəsindən gələ bildi. İqtisadiyyatda ciddi geriləmənin qarşısı alındı, ölkənin maliyyə və iqtisadi sektorunda sabitləşmə və post neft dönəminə adoptasiya dövrü başladı.
A.Quliyev daha sonra QHT-lərlə bağlı danışıb: “Mən son 5-6 ildə QHT-lərə ayrılan büdcənin artırılması məsələsini qaldırmamışam. Ancaq indi məcburam bu haqda danışmağa. Belə ki, 2016-cı ildən etibarən QHT-lərə ayrılan büdcə 1, 6 milyon manat azaldılıb. Bundan başqa keçən il QHT-lərə müqavilə üzrə Şuranın ödəməyə borclu olduğu 413 min manat vəsait də xəzinədən buraxılmadı və bu məbləğ QHT-lər üçün nəzərdə tutulan 2017-ci ilin büdcəsinin hesabına ödənildi. Faktiki olaraq QHT-lərə ayrılan büdcə 2 milyon manat azalaraq 4,6 milyona endirildi. Təəssüflər olsun ki, 2018-ci ildə QHT-lər üçün nə artım nəzərdə tutulub, nə də qalıq olaraq ödənilməyən 400 min manat vəsait əlavə edilib. Yəni 2017-ci il büdcə azaldılmış formada, 5 milyon manat civarında saxlanılıb. Onu da qeyd edim ki, bu məbləğə müsabiqə fondu ilə yanaşı katibliyin saxlanılması və fəaliyyətinin təşkili xərcləri də daxildir. Bu isə çox az rəqəmdir. Nəzərə alsaq ki, Azərbaycanda 3 mindən çox QHT qeydiyyatdan keçib və ayrılan rəqəmi 3 minə bölsək hər QHT-yə il ərzində cəmi 1000-1300 manat vəsait düşür. İndi özünüz düşünün bu məbləğlə QHT-lərin fəaliyyətinə necə dəstək vermək olar?
Həm də onu da nəzərə almaq lazımdır ki, QHT-lərin bir çox layihəsi ölkədən kənarda icra olunur və məzənnə dəyişikliyindən sonra manatı xarici valyutaya çevirəndə onlara ayrılan büdcə ikiqat itkiyə məruz qalır. Şuranın da hər QHT-ə ildə 5-9 min manat vəsait ayırmağa imkanı çatır.
Burada deyilə bilər ki, Gənclər Fonduna da 2 milyon vəsait ayrılır. Ancaq onu da nəzərə alın ki, bu fond ancaq təşkilatın adında gənclər sözü olan qurumlara, yəni gənclər təşkilatlarına qrant ayırır və beləliklə, klassik QHT-lərin bu fonddan istifadə edə bilmirlər.
Həm də bilirsiniz ki, 2018-ci il önəmli tarixi hadisələr və siyasi tədbirlərlə zəngindir. Gələn il, AXC-nin 100 illiyini və Ulu Öndərin 95 illik yubileylərini ölkədə təntənəli şəkildə qeyd edəcəyik. Həm də 2018-ci ilin oktyabrında ölkədə prezident seçkilərinin keçirilməsi gözlənilir. Məlumdur ki, QHT-lər seçki maarifçiliyinin təşkilində və seçkilərin monitoriqində hər zaman aktiv rol oynayırlar və onların bu fəaliyyətinə əlavə vəsait lazım olacaq.
Digər tərəfdən hesab edirəm ki, maliyyə ayrılan zaman QHT sektoruna təkcə sosial və ictimai əhəmiyyətli məsələlərin həllində rol oynayan faktor kimi baxmaq kifayət deyil, bu sektora ictimai- siyasi sabitliyə, milli və dövləti maraqlarımızın qorunmasına mühüm töhfə verən bir institut kimi baxmaq lazımdır. Əgər biz dövlət olaraq QHT-lərə lazımı səviyyədə maliyyə ayırmasaq və ya müəyyən boşluqlara yol versək, o zaman o boşluqları kənar qüvvələr doldurmağa çalışacaqdır. Buna isə yol vermək olmaz.
Bütün bunları nəzərə alaraq, hörmətli Samir müəllimdən xahiş edərdim ki, QHT-lərə ayrılan büdcəyə yenidən baxılması imkanlarını nəzərdən keçirsin və minimum ehtiyacı qarşılamaq üçün nəzərdə tutulan vəsaitin artırılmasını və ya heç olmasa xəzinədə keçən il saxlanılan 400 min manatın bərpa olunmasına köməklik etsin. Mənə belə gəlir ki, gələn ilin büdcəsi bu məsələnin həllinə imkan yaradır”.
Şərhlər