İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasının iclasında

23.11.2017 20:25     Siyasi reaksiya     1848

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.

Şimali Atlantika Şurasının iclasında əvvəlcə NATO-nun baş katibi Yens Stoltenberq çıxış etdi. Sonra o, sözü Azərbaycan Prezidenti İlham Əliyevə verdi. 

Dövlətimizin başçısı Azərbaycan ilə NATO arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi. Ölkəmizin NATO-nun müxtəlif missiya və əməliyyatlarında fəal iştirak etdiyini vurğulayan Prezident İlham Əliyev NATO-nun, öz növbəsində, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işində fəal iştirak etdiyini bildirdi. Qeyd olundu ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı fəaliyyətini genişləndirir və bu ölkə ilə ikitərəfli səviyyədə iqtisadi və digər sahələrdə əməkdaşlığı həyata keçirir.
Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxundu, əməkdaşlığın uğurla inkişaf etdiyini və onun müxtəlif sahələri əhatə etdiyini bildirdi.

Azərbaycanda demokratik inkişaf məsələlərindən danışan Prezident İlham Əliyev ölkəmizdə azad internet, söz, toplaşma və digər azadlıqların təmin edildiyini vurğuladı. Ölkəmizdə iqtisadi inkişaf məsələləri və bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlar barədə danışan dövlətimizin başçısı qeyd etdi ki, 2000-ci ildən bəri Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə, həmçinin işsizlik səviyyəsi 5 faizə düşüb, xarici borcumuz ümum daxili məhsula nisbətən 20 faizdən də aşağı səviyyədədir.

 Prezident İlham Əliyev Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən birinə çevrildiyini, ölkəmizdə multikulturalizmin, tolerantlığın təmin olunduğunu və bununla bağlı bir sıra mühüm tədbirlərin keçirildiyini bildirdi. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyini, Davos Dünya İqtisadi Forumunun ölkəmizin iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya dövlətləri arasında 37-ci yerdən 35-ci yerə layiq gördüyünü qeyd edən dövlətimizin başçısı təhsil, infrastruktur, nəqliyyat və digər sahələrdə əldə olunan uğurlardan danışdı.

 Prezident İlham ƏliyevAzərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu qeyd etdi, “Cənub Qaz Dəhlizi” layihəsindən danışdı,Tanap və TAP layihələrinin uğurla icra edildiyini bildirdi və Azərbaycanın uzun illər bundan sonra da Avropanın etibarlı qaz təminatçısına çevriləcəyini dedi. Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bu yolun Asiya ilə Avropa arasında ən qısa yol olduğunu dedi, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb arasında mühüm tranzit qovşağına çevrildiyini vurğuladı.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə geniş toxundu,Ermənistanın ölkəmizin 20 faiz torpaqlarını, o cümlədən Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etdiyini vurğuladı. Ermənilərin həmin ərazilərdə törətdikləri hərbi cinayətlər, Xocalı soyqırımı, günahsız insanların qətlə yetirilməsi və etnik təmizləməyə məruz qalması barədə ətraflı danışan dövlətimizin başçısı ATƏT-in faktaraşdırıcı missiyalarının da işğal olunmuş ərazilərdə dağıntıları qeydə aldıqlarını bildirdi. 


Perzident İlham Əliyev vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsi icra edilmir və Ermənistan status-kvonu saxlamaq niyyətindədir. NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən Prezident İlham Əliyev  vurğuladı ki, Avropa İttifaqının müvafiq sənədlərində də ölkəmizin ərazi bütövlüyü dəstəklənir.

Sonra bir çox ölkələrin səfirləri çıxış etdilər və Azərbaycanın NATO-nun missiyalarında fəal rolundan danışdılar, ölkəmizin Əfqanıstana göstərdiyi yardımı və oradakı missiyada iştirakını yüksək qiymətləndirdilər, Azərbaycanın  Avropanın enerji təhlükəsizliyinə töhfəsini qeyd etdilər,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundular və münaqişənin həllinin zəruriliyini bildirdilər. Sonda dövlətimizin başçısı NATO-dakı səfirlərin suallarını cavablandırdı.







 

Şərhlər

Çox oxunanlar