Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

05.12.2017 17:42     Siyasi reaksiya     1764

Dekabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb.
İclasdan əvvəl iştirakçılar Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Şəhidlər xiyabanına gələn nümayəndə heyətləri ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Sonra Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önünə əklil qoyulub.
Sonra nümayəndə heyətləri plenar açılış iclasında geniş tərkibdə iştirak ediblər. İclasda həmsədrlərin açılış nitqləri səsləndirilib və regional təhlükəsizlik mühitinin vəziyyətinə dair brifinqlər təqdim olunub.
Daha sonra iclas yardımçı işçi qruplarda davam edib.
Dekabrın 7-dək davam edəcək iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, hər iki ölkənin Silahlı Qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri, eləcə də qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə ediləcək.
Hərbi dialoq çərçivəsində müzakirələrdə cari ildə görülmüş işlər təhlil edilərək 2018-ci il üçün fəaliyyət planı razılaşdırılacaqdır.
Qeyd edək ki, iclasın Azərbaycan tərəfindən həmsədri Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi korpus generalı Yavuz Türkgencidir.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar