Prezident İlham Əliyev və xanımı "Bakutel-2017" sərgisi ilə tanış olublar
06.12.2017 14:23 Siyasi reaksiya 1764
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017” ilə tanış olublar.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verdi.
Bildirildi ki, builki sərgidə dünyanın 20 ölkəsini təmsil edən 192 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr var. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alıb. Sərginin 40 faizi “Bakutel”in daimi eksponatlarından ibarətdir. Builki sərginin iştirakçılarının 30 faizi debütantlardır.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə nümayiş etdirilən pavilyonlarla tanış oldular.
“Bakutel-2017” sərgisi ilə tanışlıq zamanı Prezident İlham Əliyev “Euronews” və “Rossiya-24” telekanallarının suallarını cavablandırdı.
Şərhlər