Daha iki dövlət Ermənistanın izolyasiyasına qoşuldu - işğalçının mühasirəsi daralır
08.12.2017 12:00 Siyasi reaksiya 2142
Özbəkistan və Hindistan gələn ilin yanvarından Avropa və Rusiyaya yüklərini BTQ və “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə daşımaq qərarı verdi; düşmən ölkə üçün bir bəd xəbər də var...
Ermənilər indi də ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi haqda birtərəfli qərarından sevincək olublar. Hərçənd rəsmi İrəvan, xarici işlər naziri Edvard Nalbəndyan ehtiyatlı mövqe sərgiləyib. Yəqin ki, İslam ölkələrinin, xüsusən də xaricə mühüm “nəfəslik” rolunda olan İranın qəzəbinə tuş gəlməmək üçün.
Musavat.com-un məlumatına görə, lragir.am saytı tələm-tələsik Dağlıq Qarabağdakı separatçı qurumu da Trampın tanımasının “vaxtı çatdığını” yazıb. Guya İsrail-Fələstin məsələsindəki kimi, Qarabağ məsələsi ətrafındakı reallıqlar bunu tələb edir. Beləcə, harada separatçı hərəkat var, separat qərarlar verilir, orada mütləq erməni “dudka”sının səsi gəlir. Hərçənd heç Ermənistanın özü indiyədək Dağlıq Qarabağdakı qondarma qurumun “müstəqilliyini” tanımayıb.
*****
Kataloniyadakı müstəqillik referendumundan sonra da ermənilər həşirə düşmüşdülər. Ora hətta Xankəndindən separatçı ünsürlərdən ibarət emissarlar göndərilmişdi - həmrəylik ifadə eləmək üçün. Sonrası məlumdur. Erməni separatçıları umsuq oldular. Öz məyusluqlarını isə belə kamifulyaj eləməyə çalışdılar ki, guya Qarabağ problemi başqa konfliktlərə bənzəməz.
Müəyyən mənada doğrudur, bənzəməz: bu, Qarabağ münaqişəsindən, separatçılıqdan daha çox, bəzi böyük güclərin himayəsi ilə Ermənistanın Azərbaycana qarşı 100 ildir davam edən əsassız ərazi iddiasından qaynaqlanan bir konfliktdir. Əsas özəllik - bu.
Ancaq hələ ki bu iddiaların altını ən çox elə ermənilərin özləri çəkməkdədirlər. Artıq Ermənistan adında dövlətin yerində Rusiyanın vassalı, marioneti olan Ermənistan mövcuddur. Özünün ağır blokada şəraiti ilə, getdikcə daha da pisləşən iqtisadi-sosial durumu ilə, əhalisinin ildən-ilə xaricə güclənən kütləvi köçü ilə, işğalçı orduya çağırışçı problemi yaşaması ilə və s. Türkiyə prezidenti Rəcəb Tayyib Ədroğanın təbirincə desək, Ermənistan indi blokada vəziyyətindən çıxmağın yolları barədə düşünsə, daha yaxşı olar.
*****
Yeri gəlmişkən, bu arada təcavüzkar ölkənin nəqliyyat blokadası daha da güclənməkdədir. O xüsusda düşmən ölkə üçün bəd xəbər olacaq iki təzə faktı diqqətə çatdıracağıq. Onlardan biri odur ki, 2018-ci ilin ilk rübündə Özbəkistan Bakı-Tiflis-Qars dəmir yollu xəttinə qoşulacaq, tranzit yükdaşımalarına başlayacaq. “APA-Economics”in “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistan prezidenti Şövkət Mirziyoyevin imzaladığı fərmanın mətnində deyilir.
İmzalanan fərmanla Özbəkistanın 2018-2022-ci illəri əhatə edən nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi və xarici yükdaşıma marşrutlarının diversifikasiyasına dair dövlət proqramını təsdiqlənib. Proqrama Bakı-Tiflis-Axalkalaki-Qars dəmir yollu xətti ilə pilot qaydada tranzit yükdaşımalarının həyata keçirilməsi bəndi də yer alıb.
Qrafikə əsasən, ilk yükdaşımaların həyata keçirilməsinə 2018-ci ilin ilk rübündən etibarən başlanılması nəzərdə tutulub. Proqramda Özbəkistanın Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa Birliyi vahid nəqliyyat dəhlizinin formalaşdırılmasında iştirakı da nəzərdə tutulur.
*****
Hindistan isə 2018-ci ilin yanvarından öz yüklərini Rusiyaya İran və Azərbaycan vasitəsilə çatdırmağa hazırlaşır. “Yeni Müsavat” haqqin.az-a istinadla xəbər verir ki, bu barədə “İndiaToday”ə ölkənin Aksizlər və Gömrük üzrə Mərkəzi Şurasının komissarı Sandip Kumar deyib.
Onun sözlərinə görə, Hindistan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulduqca daşınmanın həcmi daha da artırılacaq. Hindli məmur onu da deyib ki, ölkənin gömrük departamenti yükdaşıma üçün əlverişli olan bu marşrutdan istifadə üçün müxtəlif sektorlardan çoxsaylı sifarişlər almaqdadır.
Qeyd edək ki, ilkin mərhələdə 5 milyon ton yük daşınmasını nəzərdə tutan “Şimal-Cənub” dəhlizi ilə yükdaşımaları tədricən 10 milyon tona satdırmaq nəzərdə tutulur ki, bu da Azərbaycanın Bakı-Tiflis-Qars dəhlizi də nəzərə alınmaqla, regional xab ölkə (həlledici həlqə) kimi statusunu daha da gücləndirəcək. Paralel şəkildə işğalçı Ermənistanın nəqliyyat blokadası bir az da güclənəcək, onun kasad büdcəsi növbəti gəlir şansından məhrum olacaq. Əlavə edək ki, az öncə Əfqanıstan və Çin də BTQ-yə qoşulmaq niyyətlərini bəyan edib...
*****
Ermənistan üçün bir bəd xəbər daha var. Söhbət Azərbaycanla Türkiyə arasında son vaxtlar yeni hərbi ittifaqın qurulması yönündə atılan addımlardan gedir. Bakıda dünən başa çatan Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq iclası buna sübutdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi dialoq çərçivəsində işçi qrupları Azərbaycanla Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əlaqələrin geniş spektrini nəzərdən keçirib, qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müəyyən ediblər. Sonda isə Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Baş Qərargahı arasında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclasının yekunlarına dair protokol imzalanıb.
Hərbi ekspertlərə görə, bu, elə yeni hərbi ittifaqın, həmçinin Azərbaycanda Türkiyə hərbi bazasının qurulması yönündə atılan mühüm addımlardan biridir. Yəni erməni tərəf Dağlıq Qarabağa münasibətdə boşuna “Qüds presedenti” ümidi ilə yaşayır. Nə Qarabağ, nə Şuşa heç vaxt belə aqibət yaşamayacaq. Bu ərazilər he vaxt erməni torpağı olmayıb, olmayacaq da - Dağlıq Qarabağda azərbaycanca yazıların yerinə müvəqqəti olaraq erməni hərfləri “bitsə” də.
Müharibənin yalnız birinci fazası bitib. İkinci faza olmaya bilər əgər, işğalçı tərəf vaxt varkən fəlakətli yolun yarısından geri dönə bilsə...
Reaksiya.az
Şərhlər