Generalların üçüncü Bakı görüşü, Petrosyanın Qarabağ etirafı

09.01.2018 11:58     Siyasi reaksiya     2071

“Şərqin İsveçrəsi” yenidən qlobal güclərin diqqətində; NATO və Rusiya silahlı qüvvələrinin baş komandanları Azərbaycana gəlir; ölkəmizin dialoq platforması kimi dəyəri artır – mühüm gözlənti; satellit Ermənistan isə işğalçı siyasətinə görə “tullantı-ölkə” statusunu davam etdirir...

ABŞ generalı, NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı Kartis Skaparotti yaxın günlərdə Bakıya gələcək. O, Azərbaycan paytaxtında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovla görüşəcək. “Yeni Müsavat” xəbər verir ki, bu haqda ötən bazar günü Amerikanın “BuzzFeed” portalı anonim mənbələrə istinadən bildirib.

Mənbələr qeyd edir ki, bu, NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin komandanı ilə onun rusiyalı həmkarı arasında Krım və Ukrayna hadisələrinə görə hərbi kanallarla şəxsi təmasları kəsmək barədə Obama administrasiyasının qərarından sonra baş tutacaq birinci görüş olacaq. Bildirilir ki, generallar Bakı görüşü barədə öz aralarında telefon danışığı zamanı razılığa gəliblər. Onların hərbi kommunikasiyaların qurulmasına dair qarşılıqlı maraq ifadə etdikləri söylənilir.

Petr Pavel Bakıda ile ilgili görsel sonucu

Yada salaq ki, keçən ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovla görüş keçirib. 2017-ci ilin fevralında isə ABŞ silahlı qüvvələrinin birləşmiş qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford rusiyalı həmkarı Valeri Gerasimovla görüş üçün Bakını seçmişdi. Yanvar təması Bakının bu qəbildən ev sahibliyi edəcəyi üçüncü görüş ola bilər.

*****    

Şübhə yox ki, NATO və Rusiya komandanlarının görüş yeri üçün Bakını seçməsi öncəliklə Azərbaycanın qlobal güclər arasında apardığı balanslı siyasətlə, hər iki supergüclə normal münasibətlərdə olması və ölkəmizin regiondakı geosiyasi mövqeyi ilə birbaşa bağlıdır. Bu, habelə Bakının bölgədəki roluna verilən növbəti dəyərin təzahürü sayıla bilər. Həm keçmiş görüşlər, həm də qarşıdakı təmas zamanı aparılacaq müzakirələrə dair geniş bilgilər olmasa da siyasi şərhçilər hesab edirlər ki, komandanlar Qərblə Rusiya arasındakı indiki gərginliyin hərbi müstəviyə keçməməsi üçün kommunikasiyaları açıq saxlamağa çalışırlar.

kollaj manshet 9 yanvar s.jpg (614 KB)

Söhbət xüsusən də ötən ilin dekabrında ABŞ-ın açıqladığı yeni Milli Təhlükəsizlik Strategiyasında Rusiya üç əsas hədəfdən biri elan edildikdən və “soyuq savaş” küləkləri gücləndikdən sonra iki güc mərkəzi arasında mümkün təmas nöqtələri axtarıb tapmaqdan gedir. Yeri gəlmişkən, ötən həftə sonu ABŞ Moskvanı üstəlik, İrana dəstəyə görə bədəl ödəcəyi ilə hədələyib.      

Bu mənada Bakının növbəti dəfə böyük güclər arasında dialoq körpüsü qismində çıxış eləməsi, yaşadığımız xüsusilə mürəkkəb dönəmdə bir daha Azərbaycana güvənilməsi mühüm önəm kəsb edir və ölkəmizi yaxşı anlamda dünyanın diqqətinə gətirməklə onun reytinqinə əlavə pozitiv xallar gətirə bilər. Bu isə ərazisinin 20%-i işğal altında olan Azərbaycanın Qarabağ məsələsində sözünün kəsərinin artması deməkdir.

ABŞ-ın açıqladığı yeni Milli Təhlükəsizlik Strategiyası ile ilgili görsel sonucu

İş də ondadır ki, belə təmaslar üçün görüş yeri qismində məhz Azərbaycanın seçilməsi təsadüfi deyil və obyektiv reallıqlardan qaynaqlanır. İşğalçı siyasətinə görə blokada rejimində yaşayan və haqlı olaraq, regionun “tullantı dövləti”nə çevrilən Ermənistana isə bu prosesi, sadəcə, kənardan izləməkdən savayı heç nə qalmır.

*****

“Şərqin İsveçrəsi”nə çevrilməkdə olan Azərbaycan ətrafında yaşanan bu kimi gəlişmələr sözsüz ki, Rusiyanın satellitini və marionetini qayğılandırmaya bilməz. Ancaq bu, işğalçının problemidir. Əslində Ermənistan blokada rejimindən də, Rusiyanın vassalı olmaqdan da hələ 1998-ci ildə - Levon Ter-Petrosyanın prezidentliyi dönəmində qurtula bilərdi, əgər Ter-Petrosyanın mərhələli həll planlına (Dağlıq Qarabağın statusu sonraya saxlanılırdı) verdiyi razılıq “Qarabağ klanı”nın hakimiyyət çevrilişinə səbəb olmasaydı. O vaxt Petrosyan belə bir “qanadlı ifadə” işlətmişdi ki, “Bu gün Ermənistan ona təklif ediləni götürməsə, vaxt gələcək yalvaracaq, çünki zəifləyəcək”.  

Levon Ter-Petrosyan ile ilgili görsel sonucu

Bu arada «Ermənistan Milli Konqresi» partiyası Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı partiyanın lideri Levon Ter-Petrosyanın əvvəlki mövqeyini bir daha dəstəklədiyini bəyan edib (publika.az). Qurumun mətbuat katibi Arman Musinyanın sözlərinə görə, “Erməni milli konqresi” Ter-Petrosyanın 2016-cı ilin 17 dekabrında keçirilən partiya qurultayında münaqişənin həlli ilə bağlı irəli sürdüyü təklifi ən unikal variant hesab edir.

Qeyd edək ki, eks-prezident qurultayda çıxışı zamanı Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdən xilas olması üçün Dağlıq Qarabağ münaqişəsinin sürətli həllinin vacib olduğunu söyləyib. “Təhlükəsizliyin təmini, iqtisadi inkişaf və Ermənistanda demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün Qarabağ münaqişəsi həll olunmalı, eləcə də Türkiyə ilə münasibətlər normallaşmalıdır. Danışıqlar masasında faktiki olaraq 1997-ci ildəki güzəştli nizama salınma variantı mövcuddur. Əgər biz o zaman buna nail olsaydıq, ötən illər ərzində çəkdiyimiz əzablar və itkilərlə qarşılaşmazdıq. Heyfslənirəm ki, mənim bəzi həmkarlarım bu sadə həqiqətləri vaxtında başa düşmədilər və biz münaqişənin həlli üçün ən əlverişli anı itirdik”, - deyə Petrosyan əlavə edib.

Necə deyərlər, əlavə şərhə ehtiyac qalmır. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar