Rusiyanın Dağlıq Qarabağ üzərindəki geosiyasi qazancları - ANALİZ
15.01.2018 13:54 Siyasi reaksiya 2246
Məlum olduğu kimi, 1997-ci ildən bəri Rusiya aktiv və rəsmi şəkildə ATƏT-in Minsk qrupunun daimi üzvüdür. Lakin konkret bircə ciddi fakt yoxdur ki, Rusiyanın bu zamana kimi etdiklərini göstərməklə münaqişənin həllindən ötrü produktiv fəaliyyətini ortaya qoymaq olsun. Qısaca, Rusiya Ermənistan təcavüzün göz yummuş, ona hər mənada dəstək vermiş, üstəlik 90-cı illərdən bu yana Ermənistanı müntəzəm olaraq silahlandırmış, davamlı olaraq milyonlarla dollar dəyərində müxtəlif tipli silahlar satmışdır. Ümumi mənzərə bundan ibarətdir ki, Rusiya məhz önünün süni şəkildə, erməniləri qızışdırmaqla ssenariləşdirilmiş Dağlıq Qarabağ problemin həllində qətiyyən maraqlı deyil. Heç Qarabağa münaqişə demək də düzgün deyil, ona görə ki, Qarabağ heç bir zaman münaqişə predmeti olmayıb, yaxud münaqişənin var oluşunu göstərən praktik frazelogiyası yoxdur. Burada söhbət Ermənistan tərəfindən təcavüzə məruz qalmış (20%, 17 min hektar), hər mənada bütün zamanlarla Azərbaycan məxsus olmuş torpaqlardan, ərazilərindən gedir. Odur ki, Dağlıq Qarabağ münaqişəsi ifadəsi müəyyən mənada bir az düzgün çıxmır, daha dəqiq Ermənistan təcavüzünə məruz qalmış, işğal olunmuş Qarabağ ərazisi demək ən dolğun ifadə olardı. Belə bir sual yaranır: Bəs, Qarabağın işğaldan azad edilməməsi Rusiyaya nə kimi geostrateji imkanlar vermiş olur?
Birincisi, geosiyasi spektrdır ki, bunun vasitəsi ilə Azərbaycan və Ermənistanın Aİ, NATO-ya, Türkiyəyə yaxınlaşmasının, eləcə də Qərbə inteqrasiyasının qarşısını kəsmək, nəzarət altında saxlamağa çalışır. Çünki Rusiya bu iki düşmən ölkənin (Azərbaycan, Ermənistan) ABŞ-a, Qərbə üz tutmasını qətiyyən istəmir və qəbul etmir;
İkincisi, münaqişə üzərində əldə olunan enerji geodiplomatiyasının Rusiyaya verdiyi üstülklərdir ki, bunun vasitəsi ilə ABŞ-ın Cənubi Qafqazda ən sıx partnyoru, tərəfdaşı Gürcüstanın enerji təhlükəsizliyini, o cümlədən ABŞ-n maraqlarına cavabverən Avropa çıxan boru xətlərinin təhlükəsizliyini vaxt aşırı təhlükə altına atmaq, yaxud dolayısı ilə şantaj etmək. Belə olduğu halda Gürcüstanda da öz növbəsində Cənubi Qafqazda qızışa biləcək konfliktdən qorxur. Gürcüstanın tədirgin olması isə, Vaşinqton və Brüsselin narahat olması deməkdir;
Üçüncüsü, miqrasiyanın geosiyasi ricağa çevrilməsi fonunda miqrant katastrofu yaşayan Aİ-nin Dağlıq Qarabağda yenidən alovlanacaq müharibə xofu ilə öz çıxarları doğrultusunda yumşalmağa sövq etmək. Çünki Qərb Suriya, İraq, Əfqanıstan, Liviya və Ukraynadan gəlməkdə olan mühacirlərdən dolayı Cənubi Qafqazdan da gələ biləcək qaçqın axınından bərk çəkinir. Bu əlavə problem, xaos, milyardlarla xərc deməkdir. Üstəlik bu təhtid AB daxili intiriqalarını daha da qızışdırar ki, bu da nəticə etibarı ilə birliyini çöküşünə təkan verər. Beləliklə, bu konteksdə də Qarabağ Rusiyanın işinə tam yarıyır;
Dördüncüsü, hərbi-militarist qazanc maraqıdır ki, Qarabağda istənilən münaqişə, mövcud status-kvonun daimi qalması Rusiya regional istəklərinə, hərbi sənayesinin milyardlar qazanmasına necə lazımdır sərf edir. Məlum məsələdir ki, Moskva silah satmaqla həm Azərbaycan, həm də Ermənistandan qazanır. Nəzərə almaq lazımdır ki, Rusiyanın ən böyük silah alıcısı məhz Azərbaycandır. Hər halda Kreml belə bir alıcısını heç bir halda itirmək istəməz və üstəlik bu silahlar başlıca olaraq Qarabağ savaşından ötrü alınır;
Beşincisi, konfliktin qızışması fonunda geostrateji (geoiqtisadi amil də var) qazanclardır ki, Rusiya Qarabağda erməniləri irəli verməklə, onları müharibəyə ruhlandırmaqla Azərbaycandakı, ən başlıcası Qərb enerji şirkətlərini təhtid edir. ABŞ-ın dəstəyi sahəsində Qərbə uzanan neft-qaz boru xətlərini dolayısı ilə, daha aydın desək, Ermənistanın vasitəsi ilə hədələyir. Bu isə nə də olsa, Qərb investiyasının Azərbaycana axışını müəyyən mənada ləngidir, yaxud geri addım atmasında səbəb olur;
Altıncısı, Rusiyanın imitasiya etməklə özünün dünya arenasında 'barışdırıcı imic'ini formalaşdırır ki, beləcə, vaxt aşırı tərəflər arasında Prezidentlər səviyyəsində görüşlər təşkil etməklə dünya çapında sülhsevər reputasiya qazanmağa çalışan Rusiya pərdəarxası Azərbaycanı aldatıb, ABŞ və Qərblə münasibətlərini korlayacaq yollara çəkir;
Bundan savayı Qarabağı qaytarmaq əvəzində onu Gömrük İttifaqına çəkməyə çalışır, yəni bazarlıq predmetindən söhbət gedir. Lakin bilinmir bu, dərəcə də real variantdır. Mümkündür ki, Azərbaycanı öz tərəfinə çəkmək üçün şirnikləndirmə vasitəsi olsun.
Sadalanan bütün bu faktların, Rusiyanın Azərbaycan istəklərinin kökündə duran başlıca immanent səbəb Dağlıq Qarabağ münaqişəsidir ki, bunun üzərindən Rusiyanın oynadığı hər hansısa bir regional və subregional oyun geniş diapozonda qeydolunan ölkəyə böyük geosiyasi perspektivlər vəd edir. Hardasa Dağlıq Qarabağ konfliktinin Avropa və Avrasiya məkanında geostrateji alət səviyyəsinə qalxdığını deyə bilərik.
Ehtiram Aşırlı
Şərhlər