Avropa Şurasında Azərbaycanda milli azlıqların dilləri və mədəniyyətlərinə dövlət qayğısından danışılıb
24.01.2018 13:52 Siyasi reaksiya 1562
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci iş günündə əsas məruzə Avropada məhəlli və ya azlıqların dillərinin qorunması və inkişafı ilə bağlı olub. Əlliyə yaxın deputat mövzu ilə bağlı çıxış etmək üçün yazılmışdı.
Müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edib. O bildirib ki, milli azlıqların hüquqlarına, xüsusən də onların dillərinə hörmətlə yanaşmaq, qayğı göstərmək məsələsinə Azərbaycan çox həssas münasibət bəsləyir. Çoxmillətli, müxtəlif etnik qruplarla zəngin olan istənilən dövlətdə bu sahəyə diqqətli münasibət zəruridir. Bu məsələ ilə bağlı Azərbaycandakı situasiya bütün dünyada unikaldır. Əsrlər boyu Azərbaycanda 80-dən artıq etnosun nümayəndələri yaşayıb və Azərbaycan tarixən münbit multikultural mühiti ilə fərqlənən ölkə olub. Elə bu gün də Azərbaycan ərazisində kompakt halda yaşayan və ümumi sayı 30-u keçən milli azlıqlar, azsaylı xalqlar, etnik qruplardan savayı ölkədə 40-dan artıq xalqın da nümayəndələri yaşayır. Onların mədəniyyətlərinin inkişafı, xüsusən də ana dilində təhsil almaq, radio və televiziyada öz dillərində səslənən proqramları izləmək, ana dilində mütəmadi olaraq kitablar, jurnallar, dərslik və lüğətlər nəşr etdirmək imkanı var.
Rafael Hüseynov bir mühüm məqama da toxunub ki, Azərbaycan Respublikasında 10 milyon insan yaşasa da, dünyadakı soydaşlarımızın sayı 50 milyonu ötür və təəssüf ki, bir çox hallarda xaricdə yığcam halda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil almaq imkanı yoxdur. Öz taleyində ana dilinə qayğının necə həssas məsələ olduğunu yaxşı bilən Azərbaycanın elə bu səbəbdən də milli azlıqların dillərinə ikiqat qayğı ilə yanaşmasını Rafael Hüseynov konkret faktlarla əsaslandıraraq deyib: “Azərbaycan Respublikasında dövlətin milli azlıqların dillərinə son dərəcə həssas münasibətinin ifadəsinə saysız nümunələr var. Təsəvvür edin ki, Azərbaycanın yalnız bir rayonunda - Qubada tarixən orada yaşamış və yaşamaqda davam edən əsas milli azlıqlar – dağ yəhudilərindən və ləzgilərdən savayı, Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupuna daxil olan bir neçə kənddə yaşayan və Şahdağ milli etnik qrupu kimi qeyd edilən bir neçə etnos var. Məskunlaşdıqları kəndlərin adlarına uyğun olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülər adlanan bu milli azlıqların dillərinə göstərilən qayğı həqiqətən hər ölkəyə örnək ola bilər. İş ondadır ki, əsasən yalnız bir kənd içərisində mövcud olan bir neçə yüz, yaxud bir neçə min adamın danışdığı bu dillər xüsusi qayğı olmadan qısa bir zamanda yox olub itərdi. Həmin dillərdən yalnız birinin nümunəsində bu dövlət diqqətinin hansı yüksək səviyyədə olmasını təsəvvür etmək mümkündür. Cəmi 3 min əhali yaşayan Xınalıqda ana dilində tam orta məktəb fəaliyyət göstərir. Dünyanın qədim dillərindən olan və yalnız bu kənddə danışılan xınalıq dilinə uyğun xüsusi kompüter klaviatura proqramı hazırlanıb, Xınalıq dilində yaranan ədəbi əsərlər və folklor nümunələri mütəmadi işıq üzü görür. Azərbaycanlı deputatın çıxışında bir cəhət də xüsusi vurğulanıb ki, milli azlıqlara və onların dillərinə qayğı yalnız bununla bağlı dövlətin aydın və ədalətli siyasəti olanda effektli şəkildə gerçəkləşir. “Hansısa milli azlığa, ya milli azlığın dilinə, mədəniyyətinə qayğı göstərmək, onun inkişafı haqqında iş görmək müəyyən konvensiyaların şərtlərinə əməl etmək kimi deyil, səmimi olaraq ölkə həyatının vacib hadisəsi kimi qavranılanda xoş nəticələr əldə edilir. Hər dil o dildə nə qədər insanın danışmasından asılı olmayaraq həmin dili daşıyanlara nəsib olmuş ən ali sərvətdir, mahiyyətində müqəddəslik daşıyan sərvət. Sərvəti və müqəddəs olanı isə qorumaq, yaşatmaq, inkişaf etdirmək borcdur, bir insan üçün də, bir dövlətdən ötrü də”, - deyə Rafael Hüseynov bildirib.
Şərhlər