Azərbaycanla Aİ arasında “yeni mərhələ”nin bilinməyənləri - vizasız gediş-gəliş, yoxsa...
01.02.2018 16:27 Siyasi reaksiya 1954
Erməni lobbisinin təxribatlarına baxmayaraq, Bakı ilə bu beynəlxalq qurum arasında münasibətlərdə dinamika var
“Avropa İttifaqı və Azərbaycan əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur. Biz yeni saziş üzərində işləyirik və bu saziş bizim gələcək əməkdaşlığın əsasını təşkil edəcək”.
Bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ və ombudsman aparatının 24 aydır birgə həyata keçirdiyi “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) potensialının gücləndirilməsinə dəstək” adlı tvinning layihəsinin yekun nəticələrinə dair keçirilən tədbirdə deyib. (APA) Layihənin Aİ və Ombudsman Aparatı arasında həyata keçirilən ilk layihə olmadığını söyləyən K. Yankauskas bildirib ki, Aİ layihənin həyata keçirilməsinə 1,3 milyon avro vəsait ayırıb: “Ümid edirəm ki, bu layihənin sayəsində ombudsman ofisi daha geniş potensiala malik olacaq. Layihə çərçivəsində uşaqlar, əlilliyi olan insanlar, yaşlı insanlara dair strategiyalar, informasiyanın idarə olunmasına dair müasir sistem planı hazırlanıb”.
Səfir deyib ki, demokratiya, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi Avropa İttifaqının sadiq olduğu dəyərlərdir:“Ümid edirəm ki, bu dəyərlər Azərbaycan və Aİ arasında imzalanacaq yeni sənəddə öz əksini tapacaq və həmin amillər də ombudsman, eləcə də digər institutların işində əsas dəyərə çevriləcək”.
Bəlli məsələdir ki, işğalçı Ermənistan və onu dəstəkləyən qüvvələr Azərbaycanla Avropa İttifaqının münasibətlərini pozmaq üçün hər varianta əl atırlar. Xüsusilə də keçən ilin sonlarında İrəvanın Aİ ilə müqavilə imzalamasından sonra erməni lobbisi Bakının qurumla münasibətlərinə zərbə vurmaq üçün çeşidli üsullara əl atdı, lakin buna nail ola bilmədi. Göründüyü kimi, Azərbaycan-Aİ münasibətlərində yeni mərhələ gözlənilir. Maraqlısı budur ki, bu planlar bumeranq effekti verib və İrəvana qarşı təzyiqlər başlayıb. Ermənistandakı atom elektrik stansiyasını bağlamaq lazımdır. Bu barədə Avropa Xarici Əlaqələr Xidmətinin Şərq tərəfdaşlığı departamentinin sədr müavini Dirk Lorents bildirib. “Atom stansiyasını mümkün qədər tez bağlamaq lazımdır. Çünki onun vəziyyətini yaxşılaşdırmaq, hansısa yolla stansiyanı ümumi standarta uyğunlaşdırmaq mümkün deyil”.
Bu günlərdə nüfuzlu Amerika qəzeti “Vaşinqton post”da Metsamor AES-i ən bərbad və ən təhlükəli stansiya adlandırmışdı. Mətbuatda yazılanlara görə, Ermənistan rəhbərliyi AES-in bağlanması ilə bağlı hər hansı tədbir görməkdən qəti surətdə imtina edir. Onlar hesab edirlər ki, bərpadan sonra o, azı 10 il işləyə bilər. Hələ AES-in Rusiyadan alınan kredit hesabına daha yaxşı avadanlıqlarla təmin ediləcəyini iddia edirlər.
Bəs Avropa Birliyinin rəsmisi münasibətlərdəki yeni mərhələdən bəhs edərkən nələri nəzərdə tutub? Bakı-Avropa Birliyi münasibətlərində nələr gözlənilir? Azərbaycan vətəndaşları da tezliklə Gürcüstan vətəndaşları kimi Avropaya vizasız gediş-gəliş imkanı qazana bilərmi?
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında Bakının bu beynəlxalq qurumla perspektiv əlaqələrindən bəhs etdi: “Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin Brüsseldə keçirilən son zirvə görüşünün yekun bəyanatında üzv ölkələrin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəkləyən imperativ müddəalardan sonra Azərbaycanla Avropa İttifaqının əməkdaşlının inkişafına mane ola biləcək amillər demək olar ki, yoxdur. Bu baxımdan, Aİ-Azərbaycan münasibətlərinin inkişafı üçün kifayət qədər geniş imkanlar var. Azərbaycan enerji və nəqliyyat dəhlizlərinin diversifikasiyasında əhəmiyyətli yer tutur və Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Dünyada və regionda baş verən proseslər, Avropaya enerji nəql edən ölkələrin ixrac imkanlarının geosiyasi və digər səbəblərdən məhdudlaşması ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələrin əhəmiyyətini daha da artırır”. Politoloq bildirdi ki, indi Azərbaycan Avropaya əvvəlkindən daha çox lazımdır və bu vəziyyət hələ uzun müddət davam edəcək: “Belə olduğu təqdirdə həm ortaq maraqlar, həm də ümumi təhlükəsizlik platformaları üzərindən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa daha geniş imkanlar yaranır. Bir məqamı da xüsusi olaraq qeyd etməliyəm: Avropa İttifaqının mərkəzi strukturları ilə Azərbaycanın münasibətləri heç vaxt böhranlı olmayıb. Ötən illər ərzində Aİ-Azərbaycan münasibətlərinin kəskinləşməsinə və böhranlı kimi təqdim olunmasına həmişə üçüncü tərəflər çalışıblar. Bu sırada Avropa Parlamentindəki bəzi marginal qrupların fəaliyyətini, İtaliyada TAP əleyhinə kampaniya aparan və Rusiya ilə sıx əlaqədə olan ”5 star" kimi siyasi partiya qruplarının əməllərini göstərmək olar. Adətən Azərbaycanla Avropa İttifaqının münasibətlərində soyuqluq yarandığı dönəmlərdə bu prosesin arxasından üçüncü tərəflərin kölgəsi görünüb. Düşünürəm ki, hazırda Aİ-Azərbaycan münasibətlərinə mane ola biləcək ciddi səbəblər yoxdur".
E.Mirzəbəyli qeyd etdi ki, yeni sazişdə münasibətlərin strateji müstəviyə yüksəldilməsi üçün çoxşaxəli fəaliyyət proqramları nəzərdə tutulub: “Hər bir ölkədə problem var. Amma bu problemlərin aradan qaldırılması yolları ittihamlardan deyil, qarşılıqlı əməkdaşlıqdan keçir. Zənnimcə, 2018-ci ildə biz Azərbaycan-Aİ münasibətlərində yeni bir mərhələnin şahidi ola biləcəyik. Hər halda, bunun üçün ciddi əsaslar var. Azərbaycanla Avropa İttifaqı arasında ”yeni mərhələ" adlandırılan zaman kəsiyi, zənnimcə, ikitərəfli münasibətlərin bütün istiqamətlərini, o cümlədən qarşılıqlı investisiyaların təşviqini, vizasız gediş-gəlişi, Azərbaycanda həyata keçirilən və keçirilməsi nəzərdə tutulan islahatlara dəstək verilməsini və s. nəzərdə tutur. Bu siyahıda şübhəsiz ki, enerji sahəsində əməkdaşlığın genişlənməsi, qeyri-neft sektorunun inkişafı gəlir".
Reaksiya.az
Şərhlər