Sərdar Cəlaloğlu: "125-lərdən xəbərim yoxdur"

04.06.2015 18:06     Siyasi reaksiya     893

"Parlament seçkilərinə qatıla da bilərik, qatılmaya da bilərik, mənasız bir prosedurdur, elə də çox əhəmiyyəti yoxdur".

Bu sözləri Reaksiya.Az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Onun sözlərinə görə, hazırda parlament seçkilərinə hazırlıq məsələsi Avropa Oyunlarına görə arxa plandadır və ictimaiyyətdə bu məsələ aktual deyil: "Biz də hələ rayon təşkilatlarında bu istiqamətdə hazırlığa başlamamışıq, şəraitə baxacağıq. Çox güman ki, seçkilərə yenidən Qarabağ Bloku ilə gedək".

Qarabağ Blokuna daxil olan digər siyasi təşkilat olan "Ümid" Partiyasının seçkilərə "125-lər klubu" ilə qatılacağı barədə məsələni isə S.Cəlaloğlu belə şərh etdi: "Onlardan xəbərim yoxdur".

Parlamentin tərkibində nə kimi dəyişikliklər gözlədiyi barədə sualı cavablandıran siyasətçi qeyd edib ki, tərkibdə elə ciddi dəyişikliklər gözləmir: "Ola bilər ki, köhnə tərkibdən bir neçə nəfər parlamentə düşməsin, lakin yeni tərkibdə 80 faizin eyni adamlar olacağını düşünürəm. Müəyyən məmurlar da var ki, öz övladlarını parlamentə salmağa çalışır. Düzdür, məmur-oliqarxların siyasi proseslərə təsir imkanı böyükdür, bəlkə kimsə öz uşağını parlamentə saldıra bildi. Belə baxanda, konstitusiyon hüquqları da var. Amma ümumi götürəndə bunu real hesab etmirəm".

S.Cəlaloğlu vurğulayıb ki, iyirmi-otuz ildir vəzifələrin çoxunu eyni adamlar tutur: "Onlar öz qohum-əqrəbalarını ətraflarına yığıblar, böyük biznes yaradıblar. Korrupsiya da öz yerində. Amma ölkədə vəziyyət gərginləşməyə doğru gedə və qısa müddətdə siyasi şərait dəyişə bilər. Ona görə də məmur övladlarının parlamentdə təmsil olunması ehtimalı bir qədər sual altındadır. Müxalifətin də proseslərə təsir imkanı çox zəifdir və düşünürəm ki, müxalif partiyaların da fəallaşması onların mövqeyindən asılı olacaq".

 

Şərhlər

Çox oxunanlar