Azərbaycanda nöbədənkənar parlament seçkiləri də keçirilə bilər?

12.02.2018 13:03     Siyasi reaksiya     2186

Azərbaycan Respublikası növbədənkənar prezident seçkilərinə hazırlaşır. Mərkəzi Seçki Komissiyası (MSK) ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq, növbədənkənar prezident seçkilərini 2018-ci il aprelin 11-nə təyin edib. 

Xatırladaq ki, 2016-cı il 26 sentyabr tarixində keçirilmiş sonuncu referendumla Konsitusiyaya dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, ölkə başçısına növbədənkənar seçki təyin etmək səlahiyyəti  verilib. 

Dövlət başçısı İlham Əliyev artıq həmin səlahiyyətləri çərçivəsində növbədənkənar prezident seçkisi elan edib. Bəs Azərbaycanda nöbədənkənar parlament seçkilərinin də keçirilmə  ehtimalı varmı?


Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsiz və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Reaksiya.az-a açıqlama verib.


Deputat bildirib ki,  Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün ortada xüsusi bir zərurət yoxdur:



“Çünki 2015-ci ildə formalaşmış qanunverici orqan öz səlahiyyətlərini və qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirir. Parlamentin bu gün dövlət quruculuğunda ikinci hakimiyyət qolu kimi üzərinə vacib missiya düşür. Həm də xarici əlaqələrin formalaşmasında parlament mühüm yer tutur. Belə olan təqdirdə ali icra hakimiyyəti orqanının formalaşması prosesinin davamı kimi, digər hakimiyyət qollarına da ictimai etimadı müəyyənləşdirmək üçün yeni seçkilərin təyin edilməsinə heç bir ehtiyac yoxdur. Növbədənkənar prezident seçkilərinə gəlincə, bu məsələ yetərincə cəmiyyətə izah olunub.

Növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsas məqsədi 2025-ci ildə iki mühüm hakimiyyət orqanına seçkilərin üst-üstə düşməsi, həm bu il ölkə həyatında mühüm yer alan tədbirlər amili, bundan da üstün regional və beynəlxalq proseslərin məntiqi idi. Konstitutsiya növbədənkənar seçkilərin təyin olunmasına görə dövlət başçısına hüquq verir. Biz burada bütün mühakimələrimizi ilk növbədə qanun müstəvisi üzərində aparmalıyıq”.

Zahid Oruc hesab edir ki, parlament öz səlahiyyətlərini 2020-ci ilə qədər davam etdirəcək.

“Parlament seçkiləri yalnız 2025-ci ildə keçiriləcək”. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar