Azərbaycan uğrunda rəqabətdə önə Avropa çıxır - kritik gözlənti
12.02.2018 14:11 Siyasi reaksiya 1994
Seçki “paradı” və 11 apreldən sonrakı əsas hədəflər; Azərbaycan uğrunda rəqabətdə önə Avropa çıxır – yeni xüsusatlar; Azərbaycanı qazanmağın formulu isə bəlli: əvvəlcə Dağlıq Qarabağ üçün ədalətli sülh!; azərbaycanlı deputat: “Biz Qərblə Rusiya arasında toqquşma meydanı olmaq istəmirik...”
Ötən həftənin Azərbaycan üçün mühüm hadisələrindən biri Brüsseldə keçirilən Avropa Birliyi (AB) - Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclası oldu. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və təşkilatın xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerininin həmsədrlik etdiyi, “Şərq tərəfdaşlığı” çərçivəsində ikitərəfli əməkdaşlığın yeni formatına həsr olunan toplantıda bir sıra önəmli mesajlar verildi.
İlk növbədə diqqət çəkən odur ki, Moqerini Avropa Birliyi ilə Azərbaycan arasında yeni sazişlə bağlı danışıqların tezliklə yekunlaşacağını söyləyib, “bu razılaşma əməkdaşlığımızı daha uğurlu edəcək”, deyib. Eyni zamanda ən ağrılı problemimiz olan Dağlıq Qarabağ ixtilafı ilə bağlı bildirib ki, münaqişə beynəlxalq hüquq çərçivəsində, siyasi yolla həllini tapmalıdır; ən önəmlisi, bildirib ki, “Avropa Birliyi tam olaraq Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir”.
Elmar Məmmədyarov isə söyləyib ki, Azərbaycan və AB arasında yeni saziş üzrə intensiv danışıqlar aparılır və bu saziş ikitərəfli əlaqələrdə yeni mərhələ açır. “İşlər davam etdirilir. Məlumdur ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Hazırda bu məsələnin həlli ilə bağlı yol axtarırıq” - nazir qeyd edib.
Avropa Birliyini ölkəmizin ən böyük investoru adlandıran nazir Azərbaycanın ticarət dövriyyəsinin 46 faizinin bu qurumun payına düşdüyünü xatırladaraq əlavə edib ki, son 10 ildə təşkilata üzv ölkələr iqtisadiyyatımızın həm neft, həm də qeyri-neft sektoruna 20 milyard dollardan artıq sərmayə qoyub. Azərbaycanın baş diplomatı habelə, ikitərəfli gündəlikdə enerji əməkdaşlığının mühüm yer tutduğunu deyib. Sitat: “Biz enerji mənbələri və marşrutlarını diversifikasiya etmək, birbaşa enerji-nəqliyyat əlaqələri qurmaq kimi AB ilə Azərbaycan arasında birgə məqsədlərə cavab verən Cənub Qaz Dəhlizinin təşviqi və həyata keçirilməsi yolu ilə enerji sahəsində strateji tərəfdaşlığımızı davam etdiririk. Mobillik və insanlar arasında əlaqələrin təşviqi AB ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin əsas hissəsini təşkil edir”.
*****
Yuxarıdakı açıqlamalardan görünür ki, Bakı-Brüssel münasibətləri artıq daha yüksək mərhələyə qədəm qoymaqdadır. Danışıqlar intensivləşib və Azərbaycanın AB ilə strateji tərəfdaşlıq sazişinin imzalanması uzaq perspektivin işi deyil. Moqerinin söylədiyi kimi, tezliklə o, imzalana bilər. Hər halda, bundan ötrü AB tərəfindən əngəlin qalmadığı bəlli olur. O da aydın olur ki, çərçivə sazişində Bakının Qarabağla, işğalla bağlı əsas tələbi də əksini tapacaq. Qısası, “top” indi Azərbaycanın meydanındadır.
Lakin belə bir mühüm sənədin imzalanması yəqin ki, prezident seçkisindən sonraya təsadüf edəcək. Hər necə olmasa, xarici siyasətdə çoxqütblülüyə (balanslı) kursa üstünlük verən rəsmi Bakının hazırkı həssas mərhələdə Moskvanı qıcıqlandıracaq hansısa addıma gedəcəyi inandırıcı görünmür. Onsuz da Rusiya Azərbaycana yeni, uğursuz səfir təyinatı (Zuyev) ilə bağlı bu yaxınlarda yaşanan diplomatik qalmaqalı unutmayıb.
“Azərbaycan Qərblə Rusiya arasında toqquşma meydanı olmaq istəmir”. Bunu “Yeni Müsavat”a deputat Zahid Oruc deyib. “Biz bu gün də həmin mövqedən özümüzü kənar saxlamaq üçün maksimum cəhdlər göstəririk. Digər tərəfdən, artıq ”Şərq Tərəfdaşlığı" sammiti ilə bağlı onların (AB-nin - A.X.) planları məcbur etdi ki, 28 üzv ölkənin hər birinin diplomatı həmin dövrdə gəlib, bir neçə dəfə prezident İlham Əliyevlə görüşsünlər. Dostluq münasibətləri hara qədər inkişaf edə bilər? Diplomatik sferada, qanunverici müstəvidə hərəkətin konkret çərçivəsi var. Avropa Birliyində keçirilən tədbirlər, verilən qərarlar sübut edir ki, Azərbaycan Qərb üçün önəmli dövlətdir. Ümid edirəm ki, Moqerininin ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə bağlı mövqeyi sona qədər dəstəklənəcək. Əgər Avropa Birliyinin xarici işlər naziri belə mühüm bəyanat verirsə, heç şübhəsiz ki, biz münasibətlərimizi yalnız bir qütb üzərindən aparmırıq. Xarici siyasət də diversifikasiya olunmalıdır", - deyə o qeyd edib.
*****
Beləliklə, bu gün şaxələndirilmiş xarici siyasət fonunda Avropa-Azərbaycan əməkdaşlığının dərinləşdiyini fiksə eləmək mümkündür. Bura ötən həftə Avroparlamentdə (AB-nin əsas qurumu - A.X.) “Azərbaycanın dostları” qrupunun təsis olunmasını da əlavə eləmək olar. Ötən saylarda qeyd elədiyimiz kimi, eyni sıraya təhlükəsizlik məsələləri də daxildir. Söhbət həmçinin, Azərbaycan qazı hesabına Avropanın Moskvadan energetik asılılığını minimuma endirməkdən gedir. Bu il bir seqmenti (TANAP) istifadəyə veriləcək Cənub Qaz Dəhlizi də artıq vurğulandığı kimi, Brüssel toplantısında diqqət mərkəzində olub.
Yəqin ki, martın 18-dən sonra, növbəti müddətə prezident seçiləcəyi şübhə doğurmayan V.Putinin postsovet məkanı ilə bağlı əsas hədəfi daha dəqiq bilinəcək. İlk növbədə Kremlin faktiki, böhran yaşayan Avrasiya layihələrinin, Avrasiya İqtisadi Birliyinin taleyi nəzərdə tutulur - hansı layihələrə ki, Azərbaycan ciddi maraq göstərmir, yaxud bu marağı haqlı olaraq, birbaşa Dağlıq Qarabağ məsələsində real irəliləyişə bağlayır.
Məsələ də ondadır ki, rəsmi Bakı illərdir Qarabağ məsələsində özünü bizə strateji tərəfdaş kimi sırıyan Rusiyanın ən azından, Avropa Birliyi kimi ədalətli mövqe sərgiləməsini, Federiko Moqerinin dediyi kimi, “tam olaraq Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini” bəyan eləməsini gözləyir. Biz hələ əlində real rıçaqlar ola-ola, Moskvanın problemin həllinə real töhfə vermək istəməməsini və “sülh anlaşmanı tərəflər özləri tapmalıdır” kimi Kremlin şablon, artıq heç kimdə şübhə doğurmayan demaqogik yanaşmasını demirik.
Dağlıq Qarabağ bölgəsi ilə birgə Azərbaycan uğrunda mübarizə isə başlayıb. Bu rəqabətdə uğur formulu, Azərbaycanı qazanmaq “resepti” çoxdan bəlli - öncə Dağlıq Qarabağ üçün ədalətli sülh! Ən çox da Rusiya tələsməlidir. Səbəbi dedik. Odur ki, seçim Kremlindir. Daha doğrusu, növbəti 6 il üçün prezidentlik çələngini taxmağa hazırlaşan Putinin...
Reakisya.az
Şərhlər