Kremlin “danışan dil”idən Azərbaycana böyük sayğısızlıq
16.02.2018 09:44 Siyasi reaksiya 2147
Qarabağ konfliktinin həllini yalnız Rusiyanın tərkibində mümkün sayan Jirinovski tək deyil və nəyə işarə vurur?
“Rusiyada heç vaxt anti-erməni əhval-ruhiyyə olmayıb”. Bunu Rusiya Dumasında təşkil edilən “Vmeste” Rusiya-Ermənistan sərgisində çıxışı zamanı Liberal Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Vladimir Jirinovski söyləyib (axar.az ). Siyasi kloundan daha çox, Kremlin “danışan dil”lərindən sayılan Jirinovski Dağlıq Qarabağ ixtilafından da danışıb və... ənənəsinə sadiq qalıb.
“Qarabağ konfliktinin həlli onun Rusiyanın tərkibinə daxil olması ola bilər”, - deyə o bildirib. Sitat: “Lakin Qarabağ Rusiyadan çox uzaqda yerləşir. Ermənistan ölkədə Rusiya hərbçilərinin sayını artırmalıdır və hər zaman şimala - Moskva və Kremlə baxmalıdır. Moskva erməniləri istənilən zaman qoruyur. Cənub istiqaməti Rusiya üçün prioritetdir. Ermənistan bizim üçün vacib geostrateji nöqtədir. Ermənistan öz düşmənləri ilə hər zaman bacarıb, amma məhz Rusiya erməni dövlətinin güclənməsinə və inkişaf etməsinə yardım edib. Bizə qədər Ermənistan hissələrə parçalanmışdı. Ona görə də Ermənistan dövlətinin siyasi xəritədə mövcudluğu Rusiyanın xidmətidir. Ermənistan hər zaman dəstəyə görə Rusiyaya minnətdar olacaq”.
*****
Prezidentliyinin elə 3-cü günü Rusiya ordusunu Kiyevə yeridəcəyini vəd edən V.Jirinovskinin Qarabağ və Ermənistanla bağlı son söylədikləri əslində təzə deyil. Buna qədər o, bir neçə dəfə bənzər çıxışlar edib. Amma bu dəfə həm də Rusiya prezidentliyinə iddialı qismində gündəmə gəlməklə diqqət çəkir.
Təbii ki, onun sözlərini tam ciddiyə almamaq yanlış olar. Çünki adam hər necə olmasa, Azərbaycanla, Ermənistanla bağlı Kremldə hökm sürən gerçək ovqatı ifadə edir və müəyyən mənada hətta 18 mart seçkindən sonra Moskvanın postsovet məkanı ilə bağlı yürüdəcəyi yeni xarici siyasətin, Kremlin məlum Avrasiya layihələri ilə bağlı gözlənilən sərt ritorikasının bəzi anonslarını verir. Təəssüf ki, nə Kremldəki gerçək ovqat, nə də bütövlükdə gözlənilən yeni ritorika və xarici siyasət Azərbaycanın xeyrinə deyil.
Yəni Jirinovski əslində bir çox şeyləri düz söyləyir. Söhbət ilk növbədə özünü ədalətli vasitəçi qismində bizə sırımaq istəyən Rusiyanın işğalçı Ermənistana hərtərəfli himayə və qayğısını, daha dəqiq, onun mövcudluğunun əsas qarantı olmasını, lap dəqiqi, Ermənistanla işğal ortağı olmasını bu şəkildə dilə gətirməkdən gedir.
Məgər bunu bir daha qeyd etməyə lüzum varmı ki, dünyanın siyasi xəritəsində “Ermənistan” adlı psevdo-dövlətin varlığı məhz erməni işğalçıları və separatçılarının əsas sponsoru olan Moskvanın hesabınadır? Yox. Elə ona görə Jirinovski deyir ki, “Ermənistan öz ərazisində Rusiya hərbçilərinin sayını artırmalıdır və hər zaman şimala - Moskva və Kremlə baxmalıdır”.
Aydın məsələdir ki, özünü rəsmən 2047-ci ilədək Rusiyanın icarəsinə vermiş Ermənistan həmişə şimala - Kremlə baxmalıdır. Havayı “pendir” (oxu: Ermənistan adında “dövlət”) yalnız tələdə olur. Odur ki, erməni xüsusən də son 30 ildə Moskvaya ilbəil daha da ağırlaşan bədəl ödəyir. Hələ daha neçə il ödəyəcək, bəlli deyil. Özləri bilər, can onların, cəhənnəm - Tanrının...
*****
Bizi isə ən çox ilgiləndirən yarımyəhudi LDPR sədrinin yuxarıdakı sitatla Azərbaycan dövlətinə qarşı yol verdiyi sayğısızlıq, faktiki təhdiddir. “Qarabağ konfliktinin həlli Rusiya tərkibində mümkündür” sözlərinin başqa anlamı ola bilməz. Təəssüf ki, bu məsələdə o, Rusiyanı təmsil edən tək siyasətçi deyil.
Məsələn, ötən il Rusiya XİN başçısı, yarım erməni-Sergey Lavrov demişdi ki, Qarabağda hərbi əməliyyatlar (oxu: antiterror əməliyyatı) Azərbaycanın daxili məsələsi deyil. Yəni ki, “işğalçı və separatçı erməninin başını əzməyə sizə imkan vermərik” məntiqi.
Ümumiyyətlə, indiyədək nəinki Lavrov və Jirinovski kimilərin, hətta heç prezident Vladimir Putinin dilindən də eşitməmişik, desin ki: “Rusiya Azərbaycan suverenliyi və ərazi bütövlüyün dəstəkləyir, Dağlıq Qarabağ konflikti Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”. Belə bir şey eşidən, bilən varsa, yadımıza salsın.
Başqa bir fakt: Moskvada - Kremlin qulağının dibində illərdir qondarma “DQR”in nümayəndəliyi fəaliyyət göstərir. Suriyada necə İŞİD-çinin olduğunu adbaad bilən rəsmi Kreml, onun xəfiyyəsi, Putinin özü heç ola bilməz ki, bundan bixəbər olsun - üstəlik, həmin separatçı yuvasının kimin patronajlığı altında mövcudluğu da sirr deyilsə. Bu, əlbəttə ki, ilk növbədə Lavrovdur. Söz düşmüşkən, keçən il, ÜAK ləğv edilən vaxt Sergey Lavrovla prezidentin sözçüsü Dmitri Peskov Moskva restoranlarının birində Rusiyadakı erməni diasporunun lideri Ara Abramyanın 60 ilik yubiley törəninə qatılmış, orada Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla da qədəh toqquşdurmuşdular.
*****
Bu da hamısı deyil. Elə Jirinovski yuxarıdakı açıqlamanı verən gün məlum olub ki, Moskvanın Domodedovo hava limanında işğal altındakı ərazimizdə istehsal olunan “Qarabağ” adında spirtli içkilər satılır. “Yeni Müsavat” xəbər verir ki, bu barədə rusdilli vesti.az nəşrinə Rusiya paytaxtında yaşayan bir azərbaycanlı vətəndaş deyib. Sual yaranır: erməni separatçılarının məhsulunu reklam eləmək kimə lazımdır? Demək, hər halda, məqsəd var, özü də siyasidir.
Əlavə edək ki, Rusiyanın ticarət şəbəkəsində rusiyalılara təkcə “arsax”, “Qarabağ” brendi ilə qanunsuz məhsullar təklif edilmir. Həm də vaxtaşırı ölkənin ən iri şəhərlərində separatçıların iştirakı ilə tədbirlər keçirilir, həmin tədbirlərdə də “DQR bayrağı” adına əski parçası asılır, digər separatçı simvollar reklam olunur. Rusiyanın aparıcı KİV-lərində ermənilərin kök salması da öz yerində...
Şərhlər