Millət vəkili Q.Paşayevanın qədim Edirnənin mərkəzində Azərbaycan küçəsi və Qarabağ parkı təklifini vali dəstəkləyib - FOTOLAR

23.02.2018 17:49     Siyasi reaksiya     1567

Millət vəkili Q.Paşayevanın qədim Edirnənin mərkəzində Azərbaycan küçəsi və Qarabağ parkı təklifini vali dəstəkləyib. Edirnədə konfrans vermək üçün bu bölgəyə səfər edən millət vəkili Q.Paşayeva Edirnə valisi Günay Özdemir ilə görüşüb. İstanbul Türk Ocaqları rəhbəri Cezmi Bayram və Edirnə Türk Ocaqları rəhbəri Yakup Öz, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovanın da iştirak etdiyi görüş zamanı Qənirə Paşayeva vali ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb və yaxın zamanlarda Edirnənin mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə, orada abidə ucaldılacağına inandığını deyib və bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Edirnədə Azərbaycan küçəsi və Qarabağ parkının dosta da, düşmənə də önəmli bir mesaj olacağını deyən millət vəkili Q.Paşayeva gənc nəsillərimiz üçün də bu addımın vacibliyini xüsusi vurğulayıb. Azərbaycanı çox sevdiyini deyən Edirnə valisi Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman qardaş Azərbaycanın yanında olduğunu və millət vəkili Qənirə Paşayevanın qədim Edirnədə Azərbaycan küçəsi və Qarabağ parkı abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiklərini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Azərbaycana böyük sevgiləri və bu önəmli addım üçün bələdiyyə başqanına təşəkkür edən millət vəkili Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub. Millət vəkili Q.Paşayeva “Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub. Ermənistanın Azərbaycanı işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Və onlar hələ də öz torpaqlarının həsrəti ilə yaşayır. Xocalıda dəhşətli soyqırım həyata keçiriblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”- deyib. O, Edirnədə təhsil alan azərbaycanlı tələbələrlə bağlı geniş məlumatlar verib və bu günə qədər olduğu kimi bundan sonra da tələbələrin ortaya çıxan probleminin həlli istiqamətində valinin daha da fəal dəstək olacağına inandığını deyib və Edirnə ilə əməkdaşlığın genişlənməsi istiqamətində layihələr barədə fikirlərini bölüşüb. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova da bu istiqamətidə təkliflərini bölüşüb və rəhbərlik etdiyi QHT-nin bu istiqamətdə layhələrdə hər zaman fəal rol oynamağa hazır olduğunu bildirib. Azərbaycanı çox sevdiyini deyən Edirnə valisi Günay Özdemir ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Millət vəkili Q.Paşayeva son zamanlar qardaş Türkiyədə terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyiblər. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu səfər dosta da, düşmənə də çox önəmli məsaj oldu deyib. Bütün Müsəlman Şərqində ilk cumhiriyyətin Azərbaycanda qurulduğunu və bu il onun 100 illiyi olduğunu deyən millət vəkili Q.Paşayeva bununla bağlı qədim Edirnədə də böyük tədbirlərin keçirilməsi təklifi ilə çıxış edib. Edirnə valise millət vəkili Q.Paşayevanın bu istiqamətdə təkliflərini yüksək səviyyədə dəstəkləyib və onların mart ayından başlayaraq həyata keçirilnməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb. Edirnə valisinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar və özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri”, "Turan yolçusu" və “Aşk yolçusu” kitablarını hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən vali dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib. O, millət vəkili Q.Paşayevanın Edirnədə Qarabağ, Xocalı soyqırımı ilə bağlı konfrans verməsinin gənclər üçün çox önəmli olduğunu xüsusi vurğulayaraq millət vəkilini yaxın zamanlarda təkrar Edirnəyə dəvət edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar