Stokholmda Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib

25.02.2018 16:29     Siyasi reaksiya     1398

Stokholmda, İsveç Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı və ölkəmizin İsveçdəki səfirliyinin dəstəyi ilə Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə, Azərbaycan və Türkiyənin İsveçdəki səfirliklərinin əməkdaşları, habelə Azərbaycan və Türk diaspor fəalları, KİV nümayəndələri də iştirak ediblər.

Azərbaycanın Respublikasının İsveçdəki səfiri Adış Məmmədov erməni millətçilərinin hələ keçən əsrin əvvəllərindən başlayaraq “Böyük Ermənistan” yaratmaq ideyalarından, erməni silahlı birləşmələrinin 1918-ci ildə Anadoluda, İranın şimalında və Azərbaycanda törətdikləri qətliamlar, xüsusilə də Bakıda on mindən artıq insan ölümü ilə nəticələnən Bakı qırğınından danışıb, XX əsrin sonunda ermənilərin təcavüz və zorakılıq siyasətinin “Böyük Ermənistan” ideyalarının məntiqi davamı olduğunu bildirib. Səfir 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərini darmadağın edərək dinc insanlara qarşı həyata keçirdikləri soyqırımı insanlıq tarixinin ən qanlı səhifələrindən biri adlandırıb.

Hərbi münaqişələr zamanı dinc insanların toxunulmazlığı ilə bağlı beynəlxalq hüquq normaları barəsində söz açan diplomat erməni hərbiçilərinin bu normalara məhəl qoymadığını, müstəqil Azərbaycan ərazisinə hərbi təcavüz etməklə bir tərəfdən beynəlxalq hüququ kobud şəkildə pozduğunu, digər tərəfdən isə dinc insanları inanılmaz amansızlıqla qətlə yetirməklə daha ağır cinayətə imza atdıqlarını vurğulayıb.

Adış Məmmədov deyib: “Etiraf edək ki, biz beynəlxalq hüququn tapdalandığı və ikili standartların mövcud olduğu bir zamanda yaşayırıq. Dünya birliyi və xüsusən dünyanın siyasi institutları tərəfindən dünyanın müxtəlif yerlərində baş verən münaqişələrə yanaşma da müxtəlifdir. Bu isə bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminin pozulmasına gətirib çıxarır, bütün dünyada, xüsusilə də Avropa cəmiyyətlərində hüququn aliliyi prinsipi getdikcə aşılanır. Təsəvvür edin XX əsrin əvvəllərində dünyada beynəlxalq hüququn təsbit edilmədiyi, dünya nizamını təmin edən beynəlxalq və regional təşkilatların yaranmadığı, üstəlik birinci Dünya müharibəsinin davam etdiyi bir dövrdə Osmanlı imperiyası ərazisində baş verən ölüm hallarını “erməni soyqırımı” kimi tanımaq istəyən və müdafiə edən Avropa cəmiyyətləri XX əsrin sonunda dünyanın gözü qarşısında ermənilərin törətdiyi vəhşiliklərə, xüsusilə Xocalı qətliamına göz yumurlar. Təbii sual yaranır: hanı Avropanın ümumbəşəri dəyərləri?! Hanı beynəlxalq hüququn prinsipləri?! Hanı haqq və ədalət?!. Biz tez-tez Avropa siyasətçilərini insan hüquqlarının carçısı və müdafiəçisi rolunda görürük. Ortaya təbii sual çıxır: məgər ermənilər tərəfindən günahsız yerə öldürülən insanların və öz torpaqlarından qaçqın düşmüş bir milyona yaxın azərbaycanlının hüquqları yoxdurmu?! Yoxsa Avropa siyasətçiləri üçün onlar “insan” kateqoriyasına daxil deyillər?”.

Bütün çətinliklərə baxmayaraq, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan hökuməti tərəfindən böyük iş aparıldığını bildirən səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏIiyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində görülən işlərdən danışıb, dünyanın onlarla ölkəsinin parlamentlərində, bir sıra beynəlxalq və regional təşkilatlarında Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul olunduğunu bildirib.

Tədbirin sonunda Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin, xüsusilə Xocalı soyqırımının İsveçdə tanıdılması, bu ölkənin siyasi partiyaları və qeyri-hökumət təşkilatları arasında təbliğat işinin genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

 

reaksiya.az

Şərhlər

Çox oxunanlar