Akif Nağı sərt ittiham və tələblə çıxış etdi

01.03.2018 19:10     Siyasi reaksiya     1983

Reaksiya.az - a QAT Mətbuat Xidmətindən daxil olan məlumata görə Mərkəzi Seçki Komissiyası (MSK) Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağıya qarşı görünməmiş qanunsuzluğa, saxtakarlığa əl atıb. Akif Nağı fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti seçkilərində iştirak etmək üçün müraciət edib, ərizəni və əlavə sənədləri MSK-nın ümumi şöbəsinin müdiri Elşən Əsgərov qəbul edib. Qanuna görə, 5 gün ərzində namizədin qeydə alınması ilə bağlı məlumat verilməli idi. İndi artıq 9 gün keçib, amma hələ də heç bir rəsmi cavab verilməyib. Elşən Əsgərovun telefonuna zənglərə cavab verilmir, MSK-ya gedən nümayəndələrimizi heç kəs qəbul etmək istəmir. Ümumi şöbənin müdiri Elşən Əsgərov yalnız bir dəfə telefon zənginə cavab verib, A.Nağının seçki qərargahın katibinə bildirib ki, guya Akif Nağı onlara heç müraciət də etməyib, ərizə verməyib. QAT sədri Akif Nağı məsələyə münasibət açıqlayarkən bildirib: “Bu, MSK tərəfindən görünməmiş saxtakarlıq, qanunsuzluq aktıdır. Bu adamlar nə qədər həddi aşıblar ki, hətta ağ yalan danışmaqdan, adamın üzünə durmaqdan da çəkinmirlər. Bu, çox pis haldır, hakimiyyətin aqoniya vəziyyətində olduğunu göstərir. Bu cür qanunsuzluğa gedənlər bilsinlər ki, hərəkətlərinə görə hökmən qanun qarşısında cavab verəcəklər. Bu hərəkət seçki oyunlarının mahiyyətini də aydın göstərir. Məlum oldu ki, seçkiyə gedənlərin də, getməyənlərin də böyük əksəriyyəti sifarişlə hərəkət edir, oyunda iştirak edirlər. Yalnız Akif Nağı öz qərarı ilə hərəkət edirdi, onun da qarşısını bu cür əcaib yolla aldılar. Lakin mən hesab edirəm ki, namizədliyimizi verməklə düzgün addım atmışıq. Bu proseslər bir çox məsələlərə aydınlıq gətirdi. Əhalinin böyük əksəriyyəti bizim Qarabağda müharibə tələbimizi dəstəklədi. Minlərlə insan imza toplamaq, namizədliyimizə imza verməklə bağlı müraciət etdilər, ölkənin hər yerində imza toplamaq üçün təşəbbüs qrupları yaradıldı. Bu fədakar insanların hər birinə, QAT üzvlərinə təşəkkür edirəm. Müharibə tələbinin gündəmə gəlməsi ciddi hadisədir, müharibə artıq ciddi tələb və sosial sifarişə çevrilib. Biz bu tələb və sosial sifarişin təmsilçisiyik. Eybəcər metodlarla bizi seçki prosesindən kənarda qoydular, amma mübarizəmizi daha artıq səylə davam etdirəcəyik. Tərəfdarlarımızı ruhdan düşməməyə, yola davam etməyə çağırırıq. Biz hesab edirik ki, prezident seçiləcək şəxs dərhal Qarabağda azadlıq müharibəsinə başlamalıdır. Əgər başlamayacaqsa, onda kənara çəkilsin, biz gələk müharibəni başlayaq.”

Reaksiya.az

Şərhlər

Çox oxunanlar