ATƏT-in seçkini müşahidə missiyası fəaliyyətə başladı
10.03.2018 09:40 Siyasi reaksiya 1714
Müşahidə missiyasının rəhbəri: “Seçkilərə müdaxilə etməyəcəyik, DTİHB seçki polisi deyil, biz seçkilərin nəticəsi ilə maraqlanmırıq…”
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini müşahidə missiyası rəsmi olaraq fəaliyyətə başlayıb.
Bu münasibətlə ATƏT/DTİHB-nun Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Koryen Yonker martın 9-da mətbuat konfransı keçirib. K. Yonker uzunmüddətli missiyanın gələn həftə Azərbaycana gələcəyini bildirib. O, uzunmüddətli missiyanın 20 nəfərdən ibarət olacağını qeyd edib: “Fevralın sonunda Azərbaycana səfər edən ehtiyacların qiymətləndirilməsi missiyasının hesabatından sonra seçkiləri müşahidə etmək barədə qərar verilib. Biz şadıq ki, Azərbaycandan müşahidə ilə bağlı dəvəti vaxtında almışıq.
Müşahidə missiyası seçkiləri qiymətləndirəcək, öhdəliklərə nə qədər riayət olunmasını dəyərləndirəcək. Gələn həftə uzunmüddətli missiya Azərbaycana gələcək. Ekspertlər ATƏT üzvü olan 19 fərqli ölkəni təmsil edir. Qısamüddətli missiya isə seçki günündən bir qədər əvvəl gələcək, səsvermə prosesini izləyəcək. Missiya aprelin axırına kimi davam edəcək, seçki sonrası mühiti də diqqətdə saxlayacaq. Missiya Bakıda 11 ekspertdən ibarət heyət, regionlarda isə 20 uzunmüdddətli müşahidəçidən ibarətdir. Missiya martın 15-dən etibarən regionlarda müşahidələrə başlayacaq.
Müşahidəçilər namizədlərin qeydə alınması prosesini, seçkiqabağı kampaniyanın aparılmasını, seçki məsələlərinin həllinin hüquqi çərçivədə həyata keçirilməsində seçki administrasiyası və müvafiq dövlət orqanlarının işini izləyəcək. Həmçinin müşahidəçilər seçki məntəqələrinin açılması, səsvermə, seçki bülletenlərinin sayılması və nəticələrin hesablanması prosesinə nəzarət edəcək. Müşahidə DTİHB metodologiyasına uyğun aparılacaq. ATƏT üzvü olan bütün ölkələr öhdəlik götürüb ki, seçkilərini ATƏT-in seçki öhdəliklərinə uyğun aparsın. Biz seçkilərə müdaxilə etməyəcəyik. DTİHB seçki polisi deyil, biz seçkilərin nəticəsi ilə maraqlanmırıq. Bizim üçün əsas məsələ məqsədimiz seçki prosesinin şəffaf olmasıdır.
Seçki müşahidə missiyası 10 komanda ilə ölkənin bütün regionlarını əhatə edəcək. İlkin olaraq aralıq hesabat yayacağıq. Yekun hesabat isə seçki prosesi bitdikdən 8 həftə sonra açıqlanacaq".
Avropa Parlamenti isə Azərbaycanda keçiriləcək prezident seçkisini müşahidə etməyəcək. Novator.az xəbər verir ki, açıqlama martın 9-da yayılıb. Rəsmi açıqlamada bildirilir ki, Avropa Parlamenti Rusiyada və Azərbaycanda keçiriləcək prezident seçkiləri zamanı səsvermə prosesinə nəzarət etməyəcək və nəticələri şərh etməyəcək. Məlumata görə, Avropa Parlamentinin heç bir üzvü qurumun adından müşahidəçi kimi rəsmi mandat almadığı üçün hansısa deputatın bu yöndə addımı şəxsi təşəbbüs hesab olunacaq. Açıqlamada Avropa Parlamentinin Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərlə bağlı məruzəni müzakirəyə çıxarmaq niyyətində olduğu vurğulanır. Prezident seçkisi ilə bağlı rəsmi mövqeyin həmin müzakirələrdə əksini tapacağı qeyd olunur.
Qeyd edək ki, prezidentliyə 15 nəfərin namizədliyi irəli sürülüb. Hələlik prezident seçkisində 4 rəsmi namizəd var: Yeni Azərbaycan Partiyasından prezident İlham Əliyev, Sosial Demokrat Partiyasından deputat Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından deputat Qüdrət Həsənquliyev və müstəqil namizəd, deputat Zahid Oruc.
Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyev, Liberal Demokrat Partiyasının namizədi Fuad Əliyev, Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev, Vətəndaş və İnkişaf Partiyasının namizədi Əli Əliyev, Azərbaycan Demokrat Partiyasının namizədi Sərdar Cəlaloğlu, “Cəbhəçilərin təşəbbüs qrupu”ndan namizəd Razi Nurullayev, müstəqil namizəd, AĞ Partiyanın sədri Tural Abbaslı MSK-da qeydə alınmaq üçün lazım olan imzaları toplayıblar. Onlardan Fərəc Quliyev imzaları və sənədləri MSK-ya təqdim edib. Digərləri isə martın 12-dək təqdim edəcəklərini bildiriblər.
Digər iddiaçılar Anar Umudov, Asif Məmmədov, Elşən Həsənov və Ramazan Bəkirovun isə imza toplama kampaniyası barədə heç bir məlumat yoxdur.
İmzaların və qeydə alınmaq üçün sənədlərin MSK-ya təqdim olunması üçün vaxt isə martın 12-də saat 18.00-da başa çatacaq.
Martın 9-da seçkilərdə namizədliyini başqasının xeyrinə geri götürmə hadisəsi yaşandı. Belə ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Rəyasət Heyətinin iclasını keçirib. Bu barədə ALDP mətbuat xidmətindən musavat.com-a verilən xəbərdə deyilir ki, toplantıda çıxış edən Fuad Əliyev Mərkəzi Seçki Qərargahının (MSQ) imzatoplama kampaniyasında iştirak edən partiya üzvlərinə öz minnətdarlığını bildirib.
“İmzatoplama kampaniyası uğurla keçdi. Biz bir daha sübut etdik ki, partiyanın potensialı var və biz düz yol seçmişik. Bizim tərəfdarların sayı artır və bu bizə əlavə stimul verir”-deyə ALDP sədri qeyd edib.
Daha sonra Fuad Əliyev seçkilərdə müxalifətin vahid mövqeyindən çıxış etməyin vacibliyini bildirib: “Hesab edirəm ki, əgər seçkilərdə iştirak edən ADP, VİP və Ağ partiya və seçkilərdə iştirak etməyən müxalif partiyalar vahid mövqedən çıxış etsələr müxalifətin qələbəsinə nail olacağıq. Bu seçkilərdə VİP, Ağ partiya və ADP sədrlərinin iştirakına hörmətlə yanaşıram və onlara uğurlar arzulayıram. Baxmayaraq ki, biz lazım olan 45 min imzanı topladıq, təklif edirəm ki, müxalifətin birliyi naminə bu addımı ataq. Hesab edirəm ki, müxalifətin vahid namizədi Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ola bilər və təklif edirəm ki, ALDP üzvləri bu seçkidə onu dəstəkləsinlər. Biz seçkidə iştirakımızı dayandırmırıq, əksinə ADP ilə birlikdə davam edirik. İkinci təklifim var. Seçkidə iştirak edən və iştirak etməyən partiyalara müxalifətin vahid mövqeyindən çıxış etmək üçün müraciət qəbul edək”.
Müzakirələrdən sonra ALDP sədrinin təklifi qəbul olunub.
Rəyasət Heyətinin qərarı ilə ALDP növbədənkənar prezident seçkilərində ADP sədri Sərdar Cəlaloğlunun namizədliyini dəstəkləyəcək.
Reaksiya.az
Şərhlər