Ermənistanda ölkə qarışır - itaətsizlik başlayır

10.03.2018 09:48     Siyasi reaksiya     2657

Martın 2-də Ermənistan formal da olsa, yeni prezidentini seçdi - bu dəfə parlamentdə. Böyük Britaniyadakı sabiq səfir və iş adamı Armen Sərkisyan növbəti 5 il üçün Serj Sərksyanı bu postda əvəzləyəcək. Aprelin 9-a onun andiçməsi nəzərdə tutulub.

Armen Sərkisyan seçilən kimi Serj Sərkisyanla görüşdən sonra bəyan edib ki, hazırkı siyasi kursa sadiq qalacaq - o cümlədən Dağlıq Qarabağ məsələsində. Bu da faktiki, o anlama gəlir ki, erməni əhalisinin iqtisadi-sosial durumunda yaxşıya heç bir dəyişiklik baş verməyəcək. Çünki mövcud siyasət ölkə qarşısında duran əsas və üzücü problem kimi Qarabağ ixtilafının həllinə yox, onun uzanmasına xidmət edir. Deməli, ölkədən kütləvi köç davam edəcək, işğalçı ölkənin blokada rejimi daha da sərtləşəcək, iş yerləri daha da azalacaq, dolanışıq bir az da qəlizləşəcək, orduya çağırışçı problemi bundan da sərt xarakter alacaq.

*****

“Yeni Müsavat” xatırladır ki, artıq bu il yanvarın 1-dən Ermənistanda bütün zəruri ərzaq məhsullarının və benzinlə maye qazın qiyməti qalxıb. Bahalaşma ilə bağlı İrəvanda artıq etiraz aksiyaları da olub. Prezident səviyyəsində Təhlükəsizlik Şurasının xüsusi iclası keçirilib. Belə görünür ki, yeni prezident də vəziyyəti müsbətə dəyişmək gücündə olmayacaq. Bu mənada Aram Sərkisyan ilk olaraq daxili sınaqla üzləşməli olacaq.

Söz düşmüşkən, martın 10-dan - yəni bu gündən etibarən Ermənistanda etiraz aksiyaları keçiriləcək. Azvision.az-ın məlumatına görə, bu barədə “Miras” partiyasının sədri Armen Martirosyan açıqlama yayıb. Müxalif partiya sədri bildirib ki, itaətsizlik aksiyaları ölkəni böhran vəziyyətinə salan hakim rejimin dəyişdirilməsinə yönələcək. Çox güman ki, aksiyalar bir neçə gün davam edəcək.

armen sarkissian ile ilgili görsel sonucu

Göründüyü kimi, bir Sərksyanı başqa, daha imkanlı və “qərbyönlü” Sərksyan əvəzləsə də, əhalinin sabaha ümidi azalıb ki, artmayıb. Səbəb də odur ki, narazı vətəndaşlar hər iki Sərkisyana “eyni bezin qırağı” kimi baxır...   

*****

Bu arada Avropadakı erməni lobbisi ilə Ermənistan hakimiyyəti arasında gərginlik artmağa başlayıb. Lobbi aprelin 9-da prezidentlikdən baş nazirliyə “sıçrayış” eləməklə hakimiyyətinin ömrümü uzatmağa hazırlaşan Serj Sərkisyanın Ermənistanı tam olaraq nəzarət altına almasından narahatlığını ifadə edib (Axar.az).

Aşot Qriqoryan ile ilgili görsel sonucu

Ölkəyə təsirini əldən vermək istəməyən lobbi artıq Sərkisyana qarşı sərt ittihamlar səsləndirməkdədir. Belə ki, Ermənistanın 1in.am saytına açıqlama verən Avropa Erməni Təşkilatları Forumunun sədri Aşot Qriqoryan Avropadakı ermənilərin ən çox Təhlükəsizlik Şurasının səlahiyyətlərinin artırılmasından narahat olduğunu söyləyib.

armenian minval.az ile ilgili görsel sonucu

“Xarici analitiklər demokratik haqların fəlakətli şəkildə məhdudlaşdırılmasına Venesiya Komissiyası və Avropa Birliyinin reaksiya verməməsindən təəccübləniblər. Bizim Forumun analitikləri belə qənaətə gəliblər ki, hökumətin qapalı rejimdə iclas keçirmək qərarı olduqca təhlükəli tendensiyadır. Niyə bu görüşləri qapalı edirlər və burada hansı qərarları qəbul etmək istəyirlər? Belə qapalı iclaslar və Təhlükəsizlik Şurasının səlahiyyətlərinin parlamentdən yüksək olması bir şeyə - Ermənistanın ”azad edilmiş torpaqları" (Qarabağ və ətrafındakı 7 rayon nəzərdə tutulur - red.) geri qaytarmağına xidmət edir. Serj Sərkisyanın bu torpaqları parlamentdə müzakirə etmədən qaytarılması təklifinə Təhlükəsizlik Şurasında baxılacaq. Burada isə hər şey ona tabedir. Biz bəyan edirik ki, əgər bu, baş versə, xalq qiyama başlayacaq".

Aşot Qriqoryan ile ilgili görsel sonucu

Qeyd edək ki, Ermənistanın işğal altındakı torpaqları azad etmək planları ilə bağlı çıxışlar bundan öncə də dəfələrlə gündəmə gəlib. Bir çox erməni ekspertləri İrəvanı buna Moskvanın məcbur etdiyini bəyan etsələr də, hökumətdə heç kim bu iddiaları təsdiqləmir. Bəzi mənbələr isə hətta daha da irəliyə gedərək, Sərkisyanın öz hakimiyyətini uzatmaq üçün Moskva ilə Qarabağ sövdələşməsinə getdiyini söyləyirlər. Belə bir sövdələşmədə Moskvanın məqsədinin həm Sərkisyanı hakimiyyətdə saxlamaq, həm də Azərbaycanı öz təsir zonasına qatmaq olduğu deyilir. Maraqlı məqam isə Kremlə yaxın bəzi rusiyalı ekspertlərin son illər mütəmadi şəkildə Qarabağla bağlı optimist fikirlər söyləmələridir.

*****

Qeyd edək ki, bu ilin aprelində parlamentli idarəetmə sisteminə keçidlə bağlı Ermənistanda prezidentin səlahiyyətləri azaldılacaq, onların çox hissəsi baş nazirə veriləcək. Üstəlik, ordu, kəşfiyyat xidmətləri və polis baş nazirin tabeliyində olacaq. Siyasi müşahidəçilərə görə, yeni baş nazir böyük ehtimalla, hazırkı prezident Serj Sərkisyan olacaq.

Lakin bu dəyişikliyə qarşı ən sərt mövqedə duran məhz erməni diasporudur. Səbəblərdən biri də Serj Sərkisyanın 2008-ci il martında 1-də birinci prezidentlik müddətinə 8 dinc nümayişçini güllələməklə başlamasıdır. Hətta Avropadakı lobbinin ünlü simalarından biri az öncə hakim rejimi qiyamla hədələyərək bəyan edib ki, əgər S.Sərkisyan indi də baş nazir postunda ölkəyə nəzarəti əlində saxlasa, bu yolda zorakılıq eləsə, onun nəticələri Ermənistanla yanaşı, hakim ailə üçün də çox ağır olacaq.

Doğrudur, məsələdə əsas söz sahiblərindən biri Rusiyadır. İstənilən halda ehtimal ki, aprelin 9-u - baş nazir seçkiləri yaxınlaşdıqca, ölkədə siyasi və sosial etirazlar daha qızışacaq, daxili siyasi hərarət qalxacaq. 9-na isə bir aydan da az qalır. Bu mənada bu günə nəzərdə tutulan itaətsizlik aksiyalarını və bütövlükdə aprelin 9-a qədər olan dönəmi “baş məşq” də adlandırmaq olar...

Reaksiya.az

Şərhlər

Çox oxunanlar