Kremlin İrəvana göndərdiyi əsas mesaj - Moskva Qarabağı Azərbaycana qaytarır?..

28.03.2018 11:09     Siyasi reaksiya     2263

Rus emissarlarının Ermənistana intensivləşən səfərləri işğalçı ölkədə anti-Rusiya ovqatını səngitmək əvəzinə yeni suallar yaradıb; Moskva Qarabağı Azərbaycana qaytarır?..

Son vaxtlar Ermənistana Rusiya rəsmilərinin səfərləri çoxalıb. “Yeni Müsavat” xatırladır ki, Federasiya Şurasının Xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçevin başçılıq elədiyi böyük bir nümayəndə heyətinin İrəvan səfəri bitər-bitməz, bu günlərdə Rusiya Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini, qatı ermənipərəst mövqeyi ilə seçilən Konstantin Zatulin bir qrup deputatla Ermənistanda olub.

Maraqlıdır ki, hər iki Konstantin Ermənistanda Rusiyanın Azərbaycana silah satışı ilə bağlı sərt sualla üzləşib və onların hər ikisi oxşar cavablar veriblər. Kosaçev də, Zatulin də bildiriblər ki, “Moskva artıq aprel savaşından nəticə çıxarıb və Bakıya yalnız 2016-cı ildən öncəki müqavilə əsasında silahlar tədarük edilir”.

Lakin bu cavablar erməni siyasi isteblişmenti və ekspert dairələrində səmimi qəbul edilməyib. Erməni təhlilçilərin fikrincə, bu qəbildən açıqlamalar sırf baş qatmaqdan, təbliğati gedişdən savayı bir şey deyil. Hətta bundan uzağa gedən nəticələr çıxaran təhlilçilər var.

*****

Stepan Qriqoryan ile ilgili görsel sonucu

Məsələn, politoloq Stepan Qriqoryana görə, Rusiyanın rəsmi şəxsləri bu yolla Ermənistan ictimaiyyətinin fikrini yayındırmağa cəhd edirlər. Bunu o, lragir.am saytına açıqlamasında deyib (axar.az). “Həm Konstantin Zatulin, həm də Kosaçev sistem adamıdır. Onların arxasında hakimiyyət dayanır. Belə bəyanatlar təsadüfən verilmir. Rusiya Qarabağı verməyi planlaşdırır. Mən Rusiyanın bu addımı seçkidən sonra atacağını gözləyirdim. Rusiya özünü çox gözlətmədi. Bu səfərlər cəmiyyətin diqqətini dağıtmağa yönəlib”, - deyə o qeyd edib.

Erməni politoloq daha sonra Moskvanın artıq Qərbin super-düşməninə çevrilməsinə diqqət çəkərək deyib: “Rusiya üçün hazırda Türkiyə çox vacibdir. Rusiya Ərdoğana onun istədiklərini yerinə yetirməyə hazırdır. Türkiyə çalışır ki, Rusiya Suriyada kürdlərlə mübarizədə və Qarabağda ona mane olmasın. Onlar Ermənistanı Qarabağı qaytarmağa məcbur edirlər. Ruslar deyirlər ki, nəticə çıxarmışıq, Azərbaycana silah satmırıq. Bu gülməlidir. Çünki onlar satıla biləcək hər şeyi artıq satıblar. Rusiya balansı Azərbaycanın xeyrinə dəyişib”.

Rusiya Azərbaycana silah ile ilgili görsel sonucu

*****

Balans doğrudan da Bakının xeyrinə dəyişib. Hərçənd Kosaçev və Zatulin kimi digər rusiyalı deputat, Dumanın Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Viktor Vodolatski də İrəvanda analoji açıqlama verərək erməni tərəfini sakitləşdirməyə çalışıb. Lakin ermənilərin Azərbaycanla bağlı təlaşı, Rusiyaya şübhəli nəzərləri azalmır. 

“Rusiya silah tədarükü ilə bağlı mövcud bütün sənədlərə təzədən baxmalıdır ki, onlar təhlükə kəsb eləməsin. Bundan sonra biz Rusiyaya da ziyan gətirə biləcək belə anlaşmalara getməyəcəyik. Hələliksə bu silah-sursatlar köhnə müqavilələr əsasında verilir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Vodolatski “Joxovurd” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında silah ticarəti haqda saziş uzunmüddətlidir və 2016-cı ilin aprel hadisələrinə kimi bağlanıb: “O səbəbdən biz həmin sənədlər əsasında öhdəliklərimizi yerinə yetirməkdə davam edirik”.

Viktor Vodolatski ile ilgili görsel sonucu

Lakin erməni nəşri bu sözlərin ardınca incə bir detala diqqət yönəldib: “Maraqlıdır k, Vodolatski və digər parlamentarlar Ermənistanda iddia edirlər ki, Rusiya Azərbaycana silah satmayacaq. Di gəl, baş nazirin müavini (Dmitri Roqozin - ”YM".) başda olmaqla rusiyalı məmurlar bəyan edirlər ki, bu, sadəcə olaraq biznesdir. Yəni davamı gələcək".

*****

Erməni tərəfində Kremlə münasibətdə yaşanan bu inamsızlıq əslində əsaslıdır. Bu xüsusda rusiyalı analitik Aleksey Malaşenkonun şərhini də ermənilər üçün təsəlli saymaq olmur.  

“Rusiya təmsilçilərinin səfərləri və Azərbaycana silah satışı ilə bağlı bəyanatları təsadüfi deyil. Ancaq mən düşünmürəm ki, Azərbaycan tələb eləsə, Rusiya ona silah satmaqdan imtina edəcək - xüsusən də elə bir dövrdə ki, silah ticarəti Rusiyaya böyük gəlirlər gətirir”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri politoloq “168 Jam” erməni nəşrinə açıqlamasında deyib və faktiki surətdə bununla Rusiya rəsmilərinin Azərbaycana silah satışı mövzusunda ermənilərə ünvanlı sakitləşdirici bəyanatlarını heç edib.

Öz növbəsində alman politoloq Uve Xalbax rus emissarların intensivləşən İrəvan səfərləri ilə bağlı başqa bir hədəfə diqqət çəkib: “Bu səfərlər Ermənistanın parlament nümayəndə heyətinin ABŞ-a səfəri ilə eyni vaxta təsadüf edir. Rusiya bununla öz tərəfdaşlarının amerikanlarla əlaqələrini nəzarətdə saxlamağa çalışır, nədən ki, hazırda ABŞ-Rusiya münasibətləri yaxşı deyil”.

*****

OSCE karabakh ile ilgili görsel sonucu

Ermənistanın problemi isə təkcə Bakıya satılan rus silah-sursatı ilə bağlı deyil. Təlaş habelə işğalçı ölkənin silahlanma yarışında Azərbaycanla ayaqlaşa bilməməsi, orduya çağırışçı problemi ilə əlaqədardır. Təsadüfi deyil ki, ötən il Ermənistan parlamenti tələbələrin hərbi xidmətdən möhlət hüququnu ləğv edən yeni qanun qəbul elədi. Həmin qanuna əsasən, erməni gənclər 2 il yox, 3 il hərbi xidmət keçməli olacaqlar.     

“Silahlı Qüvvələrin şəxsi heyət çatışmazlığı Ermənistan ordusunun aktual problemlərindən biri olaraq qalır”. Bu haqda Rusiya Strategiya və Texnologiyalar Analizi Mərkəzinin yeni nəşr olunan kitabında deyilir. Kitabda ölkədə yaşanan demoqrafik çətinliklərin artıq orduya çağırış yaşlı gənc kişilərin sayında özünü göstərdiyi qeyd edilir.

Kitabda 2016-cı ilin 4 günlük aprel döyüşlərindən də söz açılıb. Mərkəzin ekspertləri məhz bu döyüşlər nəticəsində erməni ordusunun texnika problemlərinin üzə çıxdığını vurğulayıblar. Yəni Azərbaycanın Ermənistan üzərində əzici hərbi üstünlük məsələsi...

Məsələ də ondadır ki, Rusiya Azərbaycana silah satmasa belə, işğalçı ölkə bu üstünlüyü aradan qaldıra bilməyəcək. Çünki girov Ermənistandan fərqli olaraq bizim seçim variantımız da, maliyyəmiz də yetərlidir...    

Reaksiya.az

Şərhlər

Çox oxunanlar